"ToplumTV işi" üzrə 12 ildən 15 ilədək həbs cəzası almış doqquz jurnalist və ictimai-siyasi fəalla Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədov arasında yenidən gərginlik yaşanıb. Nəticədə, ötən iclasda olduğu kimi, oktyabrın 5-də keçirilən budəfəki məhkəmə də doqquz nəfərdən dördü zaldan çıxarılıb.
Narazılıq prosesi izləməyə gələnlərin içəri buraxılmaması ilə başlayıb. Milli Şuranın sədri, tarixçi-alim Cəmil Həsənli və bir çox ictimai-siyasi fəal heç bir əsas göstərilmədən ToplumTV-nin məhkəməsinə buraxılmayıb. Təqsirləndirilən şəxslər buna etiraz edərkən məlum olub ki, məhkəmə zalındakı mikrofonlar da işləmir və bu, gərginliyi daha da artırıb.
Fərid İsmayılov
"Bu, təhqir deyil, həqiqətdir"
Təqsirləndirilən jurnalist Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev bu məsələlərlə bağlı etirazlarını bildiriblər.
"Mən ötən iclasdan sonra Məhkəmə-Hüquq Şurasına şikayət yazmışdım, onu Umbakı həbsxanasından göndərmədilər ki, içində təhqir var. Yazmışdım ki, "Zəfər Əhmədov özünü kolxoz sədri, bazarkom kimi aparır". Bu, təhqir deyil, həqiqətdir. Siz özünüzü məhkəmədə hiss etmirsiniz", – F.İsmayılov deyib.
Hakim Z.Əhmədov isə cavabında zala kifayət qədər adamın buraxıldığını bildirib: "Hamını zala doldurmağın nə mənası var?! Oturun aşağı...".
R.Babayev də hakimin prosesi normal idarə etmədiyini vurğulayıb: "Siz özünüzü hakim kimi aparmırsınız. Heç kimə danışmağa imkan vermirsiniz, sözünü kəsirsiniz, təhqir edirsiniz...".
Bu sözlərdən sonra hakimin göstərişi ilə R.Babayev zaldan çıxarılıb. Digər təqsirləndirilənlər - İlkin Əmrahov və Əli Zeynalov da belə məhkəmədə iştirak etmək istəmədiklərini bildirərək öz istəkləri ilə zaldan çıxıblar.
Vəkilin yazılı etirazı təmin olunmayıb
Vəkil Şəhla Hümbətova işə Z.Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyasının baxmasına yazılı şəkildə etiraz edib. Müdafiəçi bu addımını məhkəmənin açıqlığı prinsipinin pozulması, təqsirləndirilənlərin sözünün əsassız kəsilməsi və onların öz proseslərində iştirak hüququndan məhrum edilməsi ilə əsaslandırıb.
Akif Qurbanov
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov xatırladıb ki, ötən iclasda heç kimliyini dəqiqləşdirmədən onun məhkəmə zalından çıxarılmasına göstəriş verilib: "Zəfər Əhmədov, siz heç hələ mənim Akif Qurbanov olub-olmadığımı belə bilmirsiniz...".
A.Qurbanovun hakimlər kollegiyasına etirazla bağlı çıxışı da yarımçıq dayandırılıb. Hakim onun sözünü kəsərək ona ad-soyadı ilə yox, "möhtərəm hakim" deyə xitab etməsini istəyib.
"Sən özünü hakim kimi aparmırsan axı, necə "möhtərəm hakim" deyim?! Özünü kolxoz sədri kimi aparırsan...", - A.Qurbanov belə cavab verib.
Ardından o da hakimin göstərişi ilə məhkəmə zalından kənarlaşdırılıb.
Zəfər Əhmədov, Faiq Qəniyev və Əfqan Ələkbərovdan ibarət hakimlər kollegiyasına edilən etiraz təmin olunmayıb.
"Vəziyyəti bu həddə özünüz çatdırırsınız"
ToplumTV-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli də prosesin bu formada idarə olunmasına etiraz edib. Deyib ki, hakimin davranışları təqsirləndirilən şəxslərdə qıcıq yaradır və nəticədə proses bu həddə çatır: "Siz qanunun nümayəndəsi kimi davranmırsınız. Vəziyyəti bu həddə siz özünüz gətirib çıxarırsınız".
Daha sonra vəkil Fuad Ağayev işdəki sübutların qanunsuz yollarla toplandığını diqqətə çatdırıb.
"ToplumTV işi" üzrə məhkəmə prosesi noyabrın 2-də davam edəcək.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Z.Əhmədov keçmiş deputat Vahid Əhmədovun oğludur və bundan əvvəl Qaradağ rayonunun prokuroru vəzifəsində çalışıb. O, hakim təyin olunduqdan az sonra "AbzasMedia işi" üzrə həbsdə olan 7 jurnalistin də işinə baxıb. Həmin prosesdə də onunla jurnalistlər arasında bənzər qalmaqal yaşanmışdı.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü il martın 6-dan başlayıb. Həmin gün həm ToplumTV-nin, həm də Demokratik Təşəbbüslər İnstitutunun ofisində, həmçinin əməkdaşların evlərində axtarışlar aparılıb.
Bu cinayət işi üzrə həbsdə olan doqquz nəfər jurnalist və ictimai-siyasi fəala ümumilikdə 121 il həbs cəzası kəsilib. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətlinin hər biri 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahovun hərəsi 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma və s. ittihamlar verilib. Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə və ya siyasi səbəblərlə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda yer alan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.