"ToplumTV işi" üzrə həbsdə olan və səhhətinin ağırlaşdığı bildirilən hüquqşünas Ələsgər Məmmədlinin xanımı Günay Məmmədli onun bəzi analiz nəticələrini açıqlayıb.
G.Məmmədli bugünlərdə həbsxanada əri ilə görüşdüyünü bildirib. Onun sözlərinə görə, Ə.Məmmədli ümumi və biokimyəvi qan analizlərinin yalnız bir qisminin cavablarını onlara təqdim edə bilib.
Xanımı əlavə edib ki, digər analizlərin nəticələri isə hələ də onlara verilməyib.
G.Məmmədli həyat yoldaşının hələ də ultrasəs müayinəsindən (USM) keçirilmədiyini vurğulayıb. O, əldə etdikləri cavablarda bəzi göstəricilərin normadan çox yüksək, bəzilərinin isə aşağı olduğunu bildirib: "Həkimlərlə əlaqə saxladıq. Analizlərdə xolesterin və Aşağı Sıxlıqlı Lipoproteinlərin (LDL) səviyyəsi yüksək çıxıb. Həkimlərin bildirdiyinə görə, LDL-in yüksək olması koronar damarlarda laxtaların (lövhələrin) yaranmasına, ürəyin işemik xəstəliklərinə və infarkta səbəb olan faktordur".
G.Məmmədli hesab edir ki, müayinələr yarımçıq aparılıb.
Onun bu açıqlamasına cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
16 avqust
Xanımı Ələsgər Məmmədlinin zəhərləndiyini deyir
ToplumTV-nin həbsdə olan həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin səhhəti və eləcə də qidalanması ilə bağlı yaxınlarının narahatlığı artır.
Xanımı avqustun 16-da açıqlayıb ki, Ələsgər Məmmədli ilə telefonla danışıb, onda yüksək ürək döyüntülərinin davam etdiyini və sancmaların ara- sıra yenə də olduğunu öyrənib.
Günay Məmmədli vurğulayıb ki, adəti üzrə hər həftə sonu Ələsgər Məmmədliyə aparacaqları sovqatın siyahısın istəyir.Qeyd etməsinə görə, o isə keçən həftə apardıqları qidaların hələ də qaldığını söyləyib:
“ “Niyə qalıb axı, mən sənə həftəlik yüngül və dietik qidalar hazırlayıram”- dedim. Məcbur qalaraq gizlədə bilmədi,zəhərləndiyini və ona görədə daha iki gün qida qəbul edə bilmədiyini dedi.”
O, həyat yoldaşının vəziyyətinin daha da pisləşdiyini düşünür ."Axı ağır xəstəlikləri olan adam, yalnız təzə və dietik qidalar qəbul etməli olan günahsız 58 yaşlı insan niyə həbsdə olmalıdır ki, qalmış qidanı məcburiyyət qarşısında qəbul edib zəhərlənsin",deyə o sual edib.
Hələlik bu açıqlamaya Penitensiar Xidmət və başq arəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
14.07.2026
Həyat yoldaşı: 'Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir'
ToplumTV-nin həbsdə olan həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı yaxınlarının narahatlıq dolu açıqlamaları davam edir.
Həyat yoldaşı Günay Məmmədlinin yaydığı son məlumata görə, Ə.Məmmədli avqustun 13-də zəng vuraraq iki gündür qida qəbul edə bilmədiyini, baş ağrıları, yüksək ürək döyüntüləri və boğulma hallarının davam etdiyini deyib. Onun sözlərinə görə, Ə.Məmmədli vurğulayıb ki, avqustun 13-də ürək müayinəsi ilə bağlı yanına daha bir həkim gəlib və bir neçə analiz götürməli olduğunu deyib: "Eyni zamanda, sabit halda edilən elektrokardioqrafiyanın (EKQ) ürəkdə olan hər hansısa ciddi problemi göstərməməsinin mümkünlüyünü bildirib. Həkim yüksək döyüntü və təzyiqin qalxanabənzər vəzdəki 23-25 millimetrlik şişdən qaynaqlana biləcəyini də deyib. Ələsgər bəy həkim gələrsə, şişlə bağlı ÜSM (ultrasəs) müayinəsi ediləcəyini də dedi".
Ə.Məmmədlinin səhhəti ilə bağlı rəsmi qurumlardan açıqlama almaq mümkün olmayıb.
12 avqust
Ələsgər Məmmədlidən təzə xəbərlər var
Avqustun 11-də politoloq Nəsimi Məmmədli həbsxanada ürəktutması keçirdiyi bildirilən qardaşı, hüquqşünas Ələsgər Məmmədli ilə görüşüb.
N.Məmmədli bildirir ki, qardaşının səhhəti ilə bağlı ciddi şəkildə narahatlıqları davam edir.
"Bənizi solğun, özü yorğun və əsəbi görünürdü. Təngnəfəslikdən əziyyət çəkirdi. "Boğuluram, elə bil havam çatmır", – dedi. Soruşdum ki, bəlkə, 14 il azadlıqdan məhrumetmə qərarı sənə psixoloji təsir edib? Dedi: "Bu qərar mənim üçün gözlənilməz olmadı. Sadəcə, orqanizmimdə nəsə ciddi neqativ dəyişikliklər baş verir", - o, görüşləri ilə bağlı təəssüratını bölüşüb.
N.Məmmədlinin sözlərinə görə, Ə.Məmmədli şəkərli diabetdən, yüksək təzyiqdən və qalxanabənzər vəzindəki şişdən əziyyət çəkir: "Davamlı baş ağrıları onu izləyir. Amma indi daha əvvəl heç vaxt yaşamadığı başqa bir ağrıdan danışır – ürəyindəki ağrıdan…".
Qardaşının əlavə etməsinə görə, avqustun 10-da Ombudsman Aparatının nümayəndələri gəlib Ə.Məmmədli ilə 20–25 dəqiqə söhbət ediblər: "Həmçinin təcridxananın həkimi onu müayinə edib, elektrokardioqramma (EKQ) çəkilib. Avqustun 11-də isə qan analizləri götürülüb. Lakin tibbi müayinənin nəticələri ona təqdim edilməyib. Sadəcə EKQ-nin şəkli verilib".
Qardaşının vurğulamasına görə, Ə.Məmmədlinin mütləq angioqrafik müayinədən (qan damarlarının diaqnostikası) də keçməsi lazımdır.
"Amma məlum olub ki, təcridxanada bunun üçün texniki imkan yoxdur. Əgər həbsxananın özündə Ələsgər Məmmədlinin ürəyindəki problemin dəqiq müəyyənləşdirilməsi mümkün deyilsə, onda niyə onun kənarda lazımi tibbi müayinədən keçməsi üçün şərait yaradılmır", - o, sual edib.
Bu açıqlamaya Penitensiar Xidmət və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
Xanımı və qardaşı: 'Ələsgər Məmmədli ürəktutması keçirib'
ToplumTV-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir.
Bu barədə onun xanımı Günay Məmmədli və qardaşı Nəsimi Məmmədli avqustun 9-da məlumat yayıblar.
Xanımının açıqlamasına görə, Ə.Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürəktutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.
"Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır", - G.Məmmədli vurğulayıb.
Onun sözlərinə görə, həftəsonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib.
Oxşar açıqlama ilə çıxış edən Ə.Məmmədlinin qardaşı N.Məmmədli isə bildirib ki, o, bununla bağlı həbsdən zəng edərək məlumat verib.
"Heç bir təqsiri sübuta yetirilməmiş ziyalı bir insana 14 il həbs cəzası verib, onu faktiki olaraq ölüm təhlükəsi ilə üz-üzə qoyublar", - o da qeyd edib.
Penitensiar Xidmət və başqa rəsmi qurumlardan hələlik bu açıqlamalara münasibət almaq mümkün olmayıb.
Xanımı G.Məmmədli bundan əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər zamanı Ə.Məmmədlinin ürək sancılarından əziyyət çəkdiyini açıqlamışdı: "Hər məhkəmə prosesində "Korvalol", təzyiq dərmanları içir və bunu hakimlər də daxil olmaqla, hamı görür. 65 məhkəmə prosesinin, bəlkə də, 60-da səhhəti ilə bağlı vəsatətlər verilsə də, hakim hər dəfə əsaslı həkim sənədi tələb edir. Hansı həkim qorxusundan o sənədi verə bilər? Sadəcə şifahi olaraq hər dəfə əməliyyat olunmalı olduğunu deyirlər".
Sizin brauzer HTML5-i dəstəkləmir
Avropadan ToplumTV ilə bağlı cəzalara sərt reaksiya: 'Əliyevlə əlbir olublar'
Xatırlatma
Ələsgər Məmmədlini 2024-cü il martın 8-də Bakıda klinikalardan birindən çıxarkən mülki geyimli şəxslər saxlamışdı.
Ailəsi və vəkilləri davamlı olaraq onun səhhəti ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Vəkili bu səbəbdən onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatət qaldırsa da, indiyədək heç biri təmin edilməyib.
Ə.Məmmədli "ToplumTV işi" üzrə mühakimə edilib. Bu il iyulun 27-də bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli 15 il, ToplumTV-nin həmtəsisçisi Ələsgər Məmmədli ilə DTİ əməkdaşı Əli Zeynal 14 il, DTİ əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və ToplumTV-nin videoredaktoru Müşfiq Cabbar 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək proses gedişində üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
"ToplumTV işi" üzrə təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs olunanların hamısı ittihamları rədd edir, fəaliyyətlərinə görə siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Son illər Azərbaycanda oxşar ittihamlarla 30 civarında jurnalist və ictimai fəal həbs edilib. Onlar da ittihamları siyasi sayırlar. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı açıqlamaları qəti təkzib edirlər.