Taleh Bağırovun övladlarının işi: 'Niyə məktəbdəki kamera görüntülərinə baxılmayıb?'

İlahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-dan həbsdədir.

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun yetkinlik yaşına çatmayan iki övladı yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq. 15 və 17 yaşlı Bağırzadə qardaşları oxuduqları Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə yeniyetmələr arasında yaşanan əlbəyaxa davaya görə cinayət məsuliyyətinə cəlb olunublar. Onlar barəsindəki istintaq bugünlərdə tamamlanıb.

Bağırzadə qardaşlarından birinə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə, digərinə isə yalnız CM-in 221.2.1-ci maddəsi ilə ittiham verilib.

"Məktəblərdə hər gün uşaqlar arasında nə qədər belə dava-dalaş olur"

İlahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə AzadlıqRadiosuna bildirib ki, istintaqın yekunlaşdığını və övladları haqqında cinayət işinin yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini müstəntiq onlara iyulun 17-də xəbər verib. Onun sözlərinə görə, apreldə məktəbdə davadan sonra araşdırma aparılmasından məlumatları vardı. Hətta bir neçə dəfə Xəzər rayon Polis İdarəsinə də gedib-gəlmişdilər: "Düşündük ki, bu həddə qədər getməzlər. Məktəblərdə hər gün uşaqlar arasında nə qədər belə dava-dalaş olur. Amma getdilər. Görünür, bunlardan hər şey gözləmək lazımdır".

Leyla İsmayılzadə

Yeniyetmələrin anası, eyni zamanda qanuni nümayəndəsi qismində tanınan İsmayılzadə istintaqın gedişindən də narazıdır. O iddia edir ki, araşdırma tamamilə birtərəfli – övladlarının əleyhinə aparılıb. L.İsmayılzadənin sözlərinə görə, məktəbdəki kamera görüntülərinə baxılmayıb, hadisənin şahidi olan 15-ə yaxın məktəblidən yalnız bir nəfər dindirilib: "Vəkilimiz vəsatət qaldırdı ki, digər məktəblilər də dindirilsin, çünki övladlarım təhrik olunub. Ən obyektiv sübut növü kamera görüntüləridir, niyə götürülməyib? Ən əsası, qarşı tərəf o məktəbin şagirdi olmadığı halda, orada nə gəzirdi? Bu hadisə ilə bağlı çoxlu suallar var. Uşaqlara verilən maddələrdən də qərəzin olduğu açıq-aşkardır".

Hadisə aprelin 7-də məktəbin həyətində baş verib. L.İsmayılzadənin sözlərinə görə, böyük oğlu əvvəl kənarda olub. O, kiçik qardaşının döyüldüyünü görəndən sonra gələrək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb. İsmayılzadə əlavə edib ki, zərərçəkmiş qismində tanınan şəxsin ailəsi ilə barışığa cəhd göstərsələr də, nəticə verməyib.
AzadlıqRadiosu da həmin ailə ilə əlaqə yarada bilməyib.

CM-in 127.2.3-cü maddəsində 3 ilədək azadlığın məhdudlaşdırılması (elektron nəzarət vasitəsilə hərəkət etmə hüdudlarının müəyyənləşdirilməsi), yaxud da 5 ilədək həbs, 221.2.1-ci maddəsində isə islah işləri, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalarla yanaşı, 3 ilədək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

Xatırlatma

İlahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-dan həbsdədir. O, Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin həyatını itirdiyi əməliyyat zamanı saxlanılıb. Həmin gün onunla yanaşı, rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının bir çox üzvləri, Nardaran sakinləri də tutulub.

Sonradan güc strukturları Nardaran olayları ilə əlaqədar ümumilikdə 70-ə yaxın şəxsin həbs olunduğunu açıqlayıb. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaşların təşkili ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq və s.) 13 ildən 20 ilədək cəza verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov da 20 il azadlıqdan məhrum edilib. İlahiyyatçı və onunla birlikdə mühakimə olunanlar məhkəmədə ifadə verərkən ittihamları rədd edib, Nardaran əməliyyatı zamanı polisləri öldürmədiklərini, onlarda ümumiyyətlə silah olmadığını bildiriblər. Onlar işgəncəyə məruz qaldıqlarını da vurğulayıblar.

Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib etsə də, Avropa Məhkəməsi T.Bağırov və digərlərinin işgəncə şikayəti üzrə qərar çıxarıb. Hökumətin üzərinə bu pozuntuya görə onlara kompensasiya ödəmək öhdəliyi qoyulub.