34 ildən çoxdur Tacikistanı idarə edən Emoməli Rəhmon ictimaiyyət qarşısına getdikcə daha çox oğlu ilə birlikdə çıxır. Rüstəm Emoməli ölkədəki rəsmi tədbirlərə qatılır, xarici səfərlərə gedir, digər ölkələrin rəhbərləri ilə danışıqlar aparır. Bu yaxınlarda o, atası ilə birlikdə Düşənbəyə səfərə gələn Vladimir Putini qarşılayıb və yola salıb. Rəhmon isə Putinlə bir aydan da az müddətdə ikinci dəfə görüşürdü.
"Azattyq Asia" yazır ki, bütün bunlar gələn il prezident seçkiləri keçiriləcək ölkədə hakimiyyətin irsi ötürülməsi ehtimalı barədə müzakirələri gücləndirir.
Nəşrə danışan ekspertlər R.Emoməlinin ictimaiyyət arasında daha çox görünməsini prezidentlik postunun atadan oğula ötürülməsinə hazırlığın bir hissəsi sayırlar. Amma açıq qalan suallar da var: 38 yaşlı R.Emoməli siyasətçi kimi nə dərəcədə müstəqildir, xarici aktorların dəstəyini qazana biləcəkmi, atasının birbaşa himayəsi olmadan ölkədəki nüfuzlu qruplar üzərində nəzarəti saxlaya biləcəkmi?
"Tacikistanın növbəti prezidenti məhz o olacaq"
Xaricdə yaşayan, Tacikistanda qalan ailəsinin təhlükəsizliyi üçün adının açıqlanmasını istəməyən tacik ekspertlərdən birinin fikrincə, bu, azı 10 ildir hazırlığı aparılan hakimiyyət ötürülməsinin yaxınlaşması ilə bağlıdır: "Düşünürəm ki, mətbuat xidməti Rüstəm Emoməlini şüurlu şəkildə atasının yanında daha çox göstərir ki, cəmiyyət tədricən onu gələcək dövlət başçısı kimi görməyə alışsın. O zaman hakimiyyətin ötürülməsi də təbii və qanunauyğun bir addım kimi qəbul olunacaq".
Ekspert 74 yaşlı prezidentin səhhəti pisləşəcəyi halda, hakimiyyətin ötürülə biləcəyini də istisna etmir. O bildirir ki, prezident getdikcə daha çox obyektin açılışına məsafədən qatılır, ictimai tədbirlərdə isə uzun müddət ayaq üstə dayanmaqda çətinlik çəkir.
"Bu, Rüstəmin Tacikistanın siyasi həyatında önə çıxarılması üçün diqqətlə planlaşdırılmış prosesin bir hissəsidir. Onu, şübhəsiz, Tacikistanın növbəti prezidenti olmağa hazırlayırlar. Hamı başa düşür ki, ölkənin növbəti rəhbəri məhz o olacaq. O, artıq Orta Asiya ölkələrinin bütün prezidentləri ilə görüşüb", – amerikalı jurnalist, Orta Asiya üzrə araşdırmaçı Brüs Pannier R.Emoməlinin atası ilə tez-tez görünməsini belə şərh edib.
Pannierin fikrincə, Rüstəmin Rusiya lideri Vladimir Putin və Çin lideri Si Cinpinin dəstəyini qazanması olduqca vacibdir. Çünki bu iki lider Orta Asiyada əhəmiyyətli təsir imkanlarını qoruyub saxlayır. O, həmçinin regiondakı qonşu ölkələrin prezidentləri ilə də ortaq dil tapmalı olacaq.
Noyabrın əvvəlində Emoməli Orta Asiyanın ən çox əhalisi olan və regionun ikinci ən böyük iqtisadiyyatına malik qonşu Özbəkistana rəsmi səfərə yollanıb. O, Daşkənd və Buxarada olub, prezident Şavkat Mirziyoyevlə görüşüb və Özbəkistan lideri onu "Fədakar xidmətə görə" ordeni ilə təltif edib.
Rusiya prezidenti Vladimir Putini Düşənbə hava limanında həm Emoməli Rəhmon, həm də oğlu Rüstəm Emoməli qarşılayıb.
Rusiya amili
"Azattyq Asia" yazır ki, Tacikistanda hakimiyyət ötürülməsinin yaxınlaşması ehtimalı Emoməlinin noyabrda Putinlə intensiv təmasları fonunda yenidən gündəmə gəlib. Rusiya prezidenti Çinə səfərindən sonra gözlənilmədən Düşənbəyə uçub. Bu, iki liderin səkkiz gün ərzində ikinci görüşü idi.
Rəsmi məlumatlarda tərəflərin hakimiyyətin mümkün ötürülməsini müzakirə etməsindən söz açılmayıb. Sadəcə əmək miqrasiyası və regional təhlükəsizlik məsələlərinin gündəmdə olduğu bildirilib. Rusiya informasiya agentlikləri isə görüşdə Əfqanıstanla sərhəddəki vəziyyətin və Rusiyanın 201-ci hərbi bazasının Tacikistanda bundan sonrakı mövcudluğu məsələsinin müzakirə olunduğunu yazıblar.
"Rəhmonun noyabrın 12-də Putinlə görüşündə hakimiyyətin varisliyi məsələsinin qaldırıldığını istisna etmirəm. Rəhmon üçün hər iki paytaxtın – Moskva və Daşkəndin dəstəyini əvvəlcədən qazanmaq həyati əhəmiyyət daşıyır", – tacikistanlı ekspert belə deyir.
Rusiya prezidenti hələ noyabrın 19-da Çində olarkən bildirmişdi ki, Düşənbəyə Rəhmonla ilk növbədə Əfqanıstan məsələsini müzakirə etmək üçün gedir.
Əfqanıstan istiqaməti və Rusiyanın hərbi mövcudluğu Moskva ilə Düşənbə arasındakı münasibətlərin mühüm tərkib hissəsi olaraq qalır. 2005-ci ilədək Tacikistanın Əfqanıstanla sərhədini Rusiya sərhədçiləri qoruyurdu. Daha sonra bu funksiya Tacikistanın sərhəd qoşunlarına həvalə olunub. Rusiya hakimiyyəti dəfələrlə öz sərhədçilərini yenidən Tacikistana göndərməyə hazır olduğunu bildirsə də, Düşənbə bu təklifləri qəbul etməyib.
Rusiyanın 201-ci hərbi bazası 2004-cü ildə SSRİ Silahlı Qüvvələrinin 1943-cü ildən Tacikistanda yerləşdirilmiş 201-ci atıcı diviziyasının əsasında yaradılıb. Hazırda bazanın bölmələri Düşənbə və Boxtar şəhərlərinin ətrafında yerləşir. Bazanın ölkədə qalma müddəti isə 2042-ci ilədək uzadılıb.
Ekspertlərə görə, mümkün varisin Moskva ilə mövcud razılaşmalara sadiq qalıb-qalmayacağı Kreml üçün xüsusi əhəmiyyət daşıyır.
"Əgər Rəhmon prezident postunu oğluna ötürmək qərarına gəlsə, Kremlin onunla əməkdaşlığa hazır olması Tacikistanın siyasi elitası üçün böyük önəm kəsb edəcək. Bundan başqa, Moskvanın özü üçün əsas məsələ gələcək prezidentin Rusiyanın hərbi bazası ilə bağlı razılaşmalara əməl edib-etməyəcəyi və təhlükəsizlik sahəsində sıx əməkdaşlığı necə quracağıdır", – əslən Tacikistandan olan təhlilçi bildirir.
Özbəkistan lideri Rüstəm Emoməlini "Fədakar xidmətlərinə görə" ordeni ilə təltif edib.
Hakimiyyəti sağlığında ötürmək
Pannier hesab edir ki, Tacikistanda hakimiyyətin Rəhmonun sağlığında ötürülməsi Rüstəm Emoməliyə müstəqil idarəçilik təcrübəsi qazanmaqla yanaşı, prezidentliyinin ilk illərində atasının dəstəyindən yararlanmaq imkanı verərdi. O, bu məqamda Türkmənistan təcrübəsini yada salır: "Qurbanqulu Berdiməhəmmədov prezident postundan getdi, onun yerini isə oğlu Sərdar tutdu. Hakimiyyətin ötürülməsi tam problemsiz keçmədi və bu vəziyyətdə Berdiməhəmmədovun oğluna istiqamət vermək üçün onun yanında qalması çox kömək etdi".
Berdiməhəmmədov 2022-ci ildə prezident postunu 40 yaşlı oğluna ötürüb. O, hakimiyyətin gənclərə verilməli olduğunu bəyan edib, bundan sonra ölkədə növbədənkənar seçkilər keçirilib və gözlənildiyi kimi, S.Berdiməhəmmədov qalib elan olunub.
İndiyədək daha bir postsovet ölkəsində – Azərbaycanda da hakimiyyət atadan oğula keçib. 2003-cü ildə prezident Heydər Əliyev öz vəzifəsini oğluna ötürüb. Seçkilərdə H.Əliyev namizədliyini həmin vaxt baş nazir olan 42 yaşlı İlham Əliyevin xeyrinə geri götürüb. H.Əliyevin seçkilərdən iki ay sonra vəfat etdiyi açıqlanıb. Rəsmi məlumatlara görə, İ.Əliyev 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə qalib gəlib. Tənqidçilər son 23 ildə ölkədə müstəqil institutların, vətəndaş cəmiyyətinin və azad medianın sıxışdırıldığını bildirirlər. Hüquq müdafiəçiləri ölkədə azı 300 siyasi məhbusun siyahısını yayır. Rəsmilər isə bu tənqidləri qəbul etmirlər.