BMT İranın Səudiyyə üzərinə hücumuna dair dəlillər tapa bilməyib

BMT-nin baş katibi Antonio Guterres

BMT-nin baş katibi Antonio Guterres deyib ki, Birləşmiş Ştatlar ötən sentyabrda Səudiyyənin neft qurğularına hücumda İranın əli olduğuna dair sübutlar tapa bilməyib.

Dekabrın 10-da açıqlanmış BMT hesabatında deyilir ki, təşkilatın təhqiqatçıları Aramco neft şirkətinin Xurays və Abqayq qurğularındakı dağıntılarda araşdırma aparıblar.

Hesabatda deyilir ki, təhqiqatçılar bu hücumda istifadə edilən silahların İran istehsallı olduğuna dair sübut əldə edə bilməyiblər.

Buna da bax: Səudiyyə hücumda ‘heç şübhəsiz İranın əli olduğunu’ deyir

Səudiyyə Ərəbistanı və ABŞ, habelə Avropa rəsmiləri sentyabrın 14-də Səudiyyənin neft qurğularına hücumda İranın əli olduğunu bildirmişdilər.

Həmin hücuma görə məsuliyyəti öz üzərinə Yəməndəki şiə huti qiyamçıları götürmüşdülər. Bu qrupu dəstəkləyən Tehran hücumla hər hansı əlaqəsinin olmasını inkar edirdi.

Guterres bunu da deyib ki, Yəmən hutilərinin bu hücumda istifadə edilmiş dronlara malik olduğunu sübut etmək olmur.

BMT baş katibi deyib ki, araşdırma davam edir və yekun hesabat Təhlükəsizlik Şurasına təqdim ediləcək.

Səudiyyə Ərəbistanı bildirmişdi ki, sentyabrın 14-də Abqayq neftayırma zavodunu 18 dron, Xurays neft mədənini isə qitələrarası raketlər vurub.

Bu hücum nəticəsində Səudiyyənin neft hasilatı günə 5.7 milyon barrel azalmışdı. Bu, qlobal neft təchizatının 6 faizini təşkil edir.

Buna da bax: ABŞ və İran ‘müharibədən’ danışırlar

Səudiyyənin Müdafiə Nazirliyi bildirmişdi ki, hücum şimal istiqamətindən edilib və bunda İranın əli olduğu şübhə doğurmur.

Səudiyyə bunu da bildirirdi ki, hücumda İranın Delta Wing dronlarından və “Ya Əli” raketlərindən istifadə edilib.

Yəmən hutiləri 2015-ci ildən Səudiyyə üzərinə raket, dron və mərmi hücumları edir. Buna səbəb Səudiyyənin onlara qarşı hərbi kampaniya aparmasıdır.

Yəməndə davam edən daxili münaqişədə on minlərlə insan həlak olub.