Ağdamdan sonra Şuşada da tikinti üçün deputat oğluna on milyonlarla manat ayrılıb

Orxan Quluzadə

Şuşada yaşayış binalarının tikintisi ilə bağlı bir neçə dövlət layihəsinin icrası deputat Ülvi Quliyevin oğluna həvalə edilib. Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin keçirdiyi üç tenderdə 37 yaşlı Orxan Quluzadəyə məxsus "Diler İnşaat" QSC qalib elan olunub.

Bu tenderlərin birində Şuşada D-5 massivində dördmərtəbəli altı yaşayış binasının tikintisinə 12 milyon 984 min 241 manat, ikinci tenderdə yenə həmin massivdə dördmərtəbəli səkkiz yaşayış binasının, o sıradan xidmət və yardımçı obyektlərin inşasına 24 milyon 76 min 360 manat və üçüncü tenderdə Şuşadakı D-3 massivində yeddi yaşayış binasının tikintisinə 29 milyon 373 min 906 manat ayrılıb. Beləcə, toplam təxminən 66.5 milyon manatdan söhbət gedir.

O.Quluzadənin rəhbərlik etdiyi "Diler İnşaat" QSC daha öncə də Ağdamda təxminən 45 milyon manatdan çox dəyəri olan tenderlərin qalibi sayılıb.

Şirkət 2025-ci ilin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tenderdə dəyəri 31 milyon 934 min 173 manat olan satınalma müqaviləsinə imza atıb. "Diler İnşaat" daha öncə də eyni qurumdan Ağdam şəhərində yaşayış binalarının tikintisi üçün 8 milyon 50 min və 7 milyon 818 min manatlıq sifarişlər alıb.

"Diler İnşaat" QSC 28 oktyabr 2016-cı ildə qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi Elxan Füzuli oğlu Süleymanovdur. Şirkət əvvəlcə "Orxan 1989" MMC kimi təsis edilsə də, daha sonra "Diler İnşaat"a çevrilib.

2005-ci ildə deputat olan Ü.Quliyev, eyni zamanda, Azərbaycan Karate Federasiyasının prezidentidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağdakı evindən şikayətlənən şəxs üzr videosu yaydı

Xüsusi nümayəndənin müavini və Emin Ağalarov da tender qalibləridir

Qarabağ bölgəsində aparılan tikinti-bərpa işləri çərçivəsində iri dövlət layihələrinin yüksəkvəzifəli şəxslərə yaxın şirkətlərə tapşırılması ilə bağlı faktlar bundan öncə də aşkarlanıb.

Bugünlərdə AzadlıqRadiosu üzə çıxarıb ki, Laçın şəhərində yeni yaşayış məhəlləsinin inşasına ayrılmış 41 milyon 266 min manatlıq satınalma müqaviləsini imzalayan "Hovers Group" MMC-nin təsisçisi Səbuhi Mehdizadə hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışır.

Qubadlı şəhərində yaşayış məhəlləsinin tikintisi üçün ayrılmış 34 milyon 412 min manatlıq tenderin qalibi isə prezidentin qızı Leyla Əliyevanın keçmiş əri Emin Ağalarovun şirkəti olub. Ona məxsus "Sea Breeze Construction" MMC Cəbrayıl və Zəngilan rayonlarında keçirilmiş bənzər tenderlərin də qalibi seçilib.

Zöhrab İsmayıl

"Arxalarında yuxarı pillədə olan şəxslər durur” – İqtisadçı

İqtisadçı Zöhrab İsmayıl Qarabağdakı təmir-bərpa işləri ilə bağlı tenderlərin şəffaf keçirilmədiyini hesab edir. Onun fikrincə, təsadüfi şəxslər və onların rəhbərlik etdiyi şirkətlər bu tenderlərdə qalib ola bilməz. Ekspert layihələrin kimlərə veriləcəyinin öncədən razılaşdırıldığını bildirir: "Nəinki sıradan adamlar, hətta aşağı vəzifəli məmurların belə bu tenderləri almaq şansı yoxdur. Qalib elan olunan şirkətlərin özləri də bir çox hallarda vasitəçi olurlar. Hesab edirəm ki, bunların arxasında daha yuxarı pillədə olan şəxslər durur. Yoxsa Azərbaycan reallığında kiminsə Ağdamda, Şuşada 100 milyon manatdan çox dəyəri olan tenderi qazanmaq şansı ola bilməz".

Ekspert vurğulayır ki, adi riyazi hesablamalar Qarabağdakı layihələrdə böyük yeyinti olduğunu deməyə əsas verir.

Tikilən evlərin keyfiyyətinə diqqət çəkən iqtisadçının sözlərinə görə, narazılığını bildirən sakinləri təzyiqlə dərhal susdurmağa çalışırlar: "Tikilən evlərin keyfiyyəti göz qabağındadır. O evlərdə yaşayanlar da narazıdırlar və bunu dilə gətirirlər. Hər ev üçün büdcədən ayrılan vəsaitə baxanda nə qədər böyük korrupsiya olduğu aydın görünür".

Hakimiyyət təmsilçiləri isə indiyədək korrupsiya ilə bağlı oxşar tənqidləri rədd ediblər. Jurnalist araşdırmaları Qarabağdakı tikinti tenderlərinin prezidentin qızlarına məxsus şirkətlərə verilməsini də üzə çıxarıb. Amma Milli Məclisin deputati Zahid Oruc AzadlıqRadiosuna deyib ki, işğaldan azad olunmuş ərazilərdə müəssisələrin tikintisini dövlətin birinci şəxsləri ilə əlaqələndirməyin altinda siyasi məqsədlər yatır və mütləq həqiqət kimi qəbul edilməməlidir.

2024-cü il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” yeni qanunun qüvvəyə minməsindən sonra bütün tenderlər vahid elektron portal vasitəsilə həyata keçirilməlidir. Qanunda dövlət satınalmalarında şəffaflığın təmin olunması, sahibkarlar üçün bərabər imkanların yaradılması nəzərdə tutulub.