Bakı və Yerevan Stokholmda qarşılıqlı ittihamlarla çıxış ediblər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov (sağda) və Ararat Mirzoyan

Ceyhun Bayramov deyib ki, Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də ATƏT xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə bəyan edib ki, “Azərbaycanın təcavüzündıən sonra Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Mirzoyan Azərbaycanı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərini pozmaqda itiham edib.

Nazir bildirib ki, Azərbaycan nəinki onda olan əsirləri qaytarmır, üstəlik yeni əsirlər götürməyə çalışır.

Ararat Mirzoyan ümid etdiyini bildirib ki, ötən həftə Soçidə keçirilən üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmalar gərginliyin aradan qaldırılmasına imkan verəcək:

“Sülh bütün tərəflərin razılığını tələb edir. Ermənistan Cənubi Qafqazda uzunmüddətli və stabil sülhə nail olmaq istəyir və danışıqlara hazırdır. Azərbaycan sülh prosesinin bərpasına nə qədər tez razılaşsa, bizim regionda hərtəfəli və uzunmüddətli tənzimləmənin əldə edilməsi üçün bir o qədər çox imkanlar olacaq. Dağlıq Qarabağın statusunun öz müqəddəratını təyinetmə əsasında reallaşdırılması, köçkün düşən ermənilərin bütün Dağlıq Qarabağ ərazisinə təhlükəsiz və ləyaqətli bir şəkildə qaytarılması danışıqlarda əsas məsələlərdən biri olmalıdır”.

Ararat Mirzoyan deyib ki, Ermənistan Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh prosesinə sadiq qalır.

Buna da bax: ABŞ Dövlət Katibi Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb

Ceyhun Bayramov: ATƏT bərpa işlərinə töhfə verə bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholm iclasında etdiyi çıxışda deyib ki, ATƏT münasqişədən sonrakı bərpa işlərinə töhfə verə bilər:

“Biz ATƏT-ə əməkdaşlıq təklif etmişik və hələ də cavab gözləyirik. Eyni zamanda münaqişənin başa çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenlyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini tanımaları və hörmət etmələri üçün unikal imkan yaradıb”.

Azərbaycan xarici işlər naziri bidirib ki, Bakının münaqişədən sonra bu istiqamətdə bir sıra praktik addımlar atmasına baxmayaraq, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib.

Ceyhun Bayramov deyib ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə əməl etməli və özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Regionda bütün kommunikasiyaların blokdan çıxarılması məsələsinə toxunan nazir deyib ki, bu, tərəflər arasında etimadın bərpasına kömək edərdi:

“Zəngəzur dəhlizinin yubadılmadan realizə olunması təkcə Azərbaycan və Naxçıvan arasında adamların və nəqaliyyat vasitələrinin maneəsiz hərəkəti üçün yox, həm də Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqəsinin bərpası üçün zəruridir”.

Bayramov habelə bildirib ki, Ermənistan minalanmış ərazilərin dəqiq və tam xəritələrini hələ də verməyib və bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, məcburi köçkünlərin yurdlarına qayıtmasına maneə yaradır.

Ceyhun Bayramov bidlirib ki, “Azərbaycan hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir”.