Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:07

ABŞ Dövlət Katibi Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb


Stokholmda görüş
Stokholmda görüş

Məlumata görə, görüşdə tərəflər iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugün, dekabrın 2-də ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər:

“C.Bayramov qarşı tərəfə 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib”.

Məlumata görə, görüşdə habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər müzakirə edilib.

ATƏT Nazirlər Şurasının 28-ci iclası (2-3 dekabr) İsveçin paytaxtı Stokholmda keçirilir.

İllik görüş xarici işlər nazirləri üçün Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini, eləcə də təşkilatın fəaliyyətini bütün sahələrdə nəzərdən keçirmək, qiymətləndirmək imkanıdır.

Blinken tərəflərə çağırış edib

Dekabrın 2-də ABŞ dövlət katibi habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Ermənistan naziri bir daha Yerevanın Dağlıq Qarabağ münaqişəsinin yekun həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin çərçivəsində danışıqların bərpa olunmasını istədiyini bildirib.

ABŞ dövlət katibi Entoni Blinken dekabrın 2-də ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclasında deyib ki, Vaşinqton Azərbaycan və Ermənistan hökumətləri arasında birbaşa danışıqların başlanmasını alqışlayır:

“Biz tərəfləri saxlananlar, minalardan təmizləmə, itkinlər, insan haqlarının və beynəlxalq humanitar qanunların pozulması hallarının araşdırılması və cavabdehlərin məsuliyyətə cəlb olunması da daxil bu danışıqlarda tərəqqiyə nail olmağa çağırırıq. Mən ümid edirəm ki, biz hamımız, Rusiya da daxil bu tərəqqidə iştirak edə bilərik”.

Blinken habelə tərəfləri sərhədin delimitasiya və demarkasiyası kimi məsələlərin həllinə, Dağlıq Qasrabağda davamlı sülh naminə ATƏT-in Minsk qrupu həmsədrləri ilə işbirliyinin davam edirilməsinə çağırıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG