Sonuncu ABŞ hərbçiləri İraqdan çıxarılır

Bağdadın şimalındakı Taci hərbi bazasının İraq qüvvələrinə təhvil verilməsi mərasimində ABŞ hərbçiləri.

Bu gün – sentyabrın 30-u axşamadək ABŞ-nin İraqdakı son 2 min 500 hərbçisi ölkəni tərk edəcək. Bu barədə qərarı 2024-cü ildə ABŞ prezidenti Co Bayden qərar qəbul edib.

Pentaqonun yaydığı bəyanatda ABŞ-nin İraqda "İslam dövləti" (İŞİD) terror qruplaşmasına qarşı hərbi missiyasının uğurla başa çatdığı bildirilir. Sənəddə İraq təhlükəsizlik qüvvələrinin İŞİD tərəfdarlarına qarşı mübarizəni müstəqil şəkildə davam etdirəcəyinə ümid ifadə olunur. Vaşinqton Bağdadla tərəfdaşlığı davam etdirəcəyini, İraq hərbçilərinə təlim keçəcəyini və onlarla kəşfiyyat məlumatlarını bölüşəcəyini vəd edir.

İraq hakimiyyəti qoşunların tam çıxarılması münasibətilə "Müstəqillik günləri" adlı dördgünlük rəsmi bayram elan edib.

2011-ci ildə İraq müharibəsi rəsmən başa çatdıqdan sonra Amerika qoşunlarının ölkədə qalmasının əsas məqsədi İŞİD və onunla əlaqəli silahlı qruplaşmalara qarşı mübarizə aparmaq olub.

Politoloqlar isə İraqda silahlı qrupların, xüsusilə İranın dəstəklədiyi qüvvələrin yenidən fəallaşa biləcəyindən narahatdırlar. İraqlı təhlükəsizlik eksperti Casim əl-Bəhadli xəbərdarlıq edib ki, koalisiya qoşunlarının çıxarılmasından strateji baxımdan ən çox qazanan tərəf İran olacaq: "Çünki ABŞ-nin bölgədəki hərbi mövcudluğu illər boyu Tehranın İraqdakı nüfuzuna qarşı tarazlaşdırıcı amil rolunu oynayıb".

ABŞ dövlət katibi Marko Rubio da sentyabrın 24-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində bildirib ki, Bağdad ölkədəki qanunsuz silahlı birləşmələri, eləcə də İranın dəstəklədiyi qrupları nəzarət altına ala bilməsə, İraqın "balkanlaşması" (parçalanması) riski qaçılmazdır.

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraqa 2003-cü ildə yeridilib. Koalisiyanın döyüş missiyası 2021-ci ildə rəsmən başa çatsa da, ABŞ ölkədəki bir sıra hərbi bazalarında kontingent saxlamaqla hərbi mövcudluğunu davam etdirirdi.

Hazırda Türkiyənin də İraq ərazisində hərbi qüvvələri var. Ankara bundan əvvəl bəyan etmişdi ki, ölkənin şimalındakı Türkiyə hərbi bazasının mərhələli şəkildə İraq ordusuna təhvil verilməsi prosesinə başlayacaq.