Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyov xaricdə yaşayan bloqer Viktoriya Bonyadan üzr istəyib. Solovyov ona "əla" göründüyünü deyərək bildirib: "Əlbəttə, mən üzr istəməliyəm. Siz tam haqlısınız. Həddən artıq emosional idim... Canlı efirdə dediyim sözlərə daha ciddi yanaşmalı idim".
Kremlin təbliğatçısı Solovyov ilə bloqer arasında münaqişə aprelin 14-də Bonyanın Vladimir Putinə müraciətindən sonra başlayıb. Həmin müraciətində Bonya xalqın Putindən qorxduğunu bildirmiş və rusiyalıların problemlərini sadalamışdı. 30 milyondan çox baxış toplayan bu müraciətdən sonra Solovyov Bonyanı ağır sözlərlə təhqir etmişdi.
"Meduza"nın mənbəsinə görə, prezident administrasiyasının siyasi blokundan "Bonyanın müraciəti mövzusunu inkişaf etdirməmək" barədə israrlı xahiş daxil olub.
Remeslo səssiz saray çevrilişindən danışıb
Təxminən eyni vaxtda jurnalist Kseniya Sobçakın İlya Remeslo ilə müsahibəsi yayımlanıb. Vaxtilə müxalifətçi Aleksey Navalnı barədə donosları ilə tanınan bloqer bu dəfə bildirib ki, sahibkarlar və sənayeçilər üçün "hakimiyyətə təsir aləti" olmaq istəyir. O, özünü Rusiyanın müxalifət hərəkatının potensial lideri adlandırmaqdan çəkinməyib. Remeslonun sözlərinə görə, mübarizə təkcə Putinə qarşı deyil, həm də idarəetmə sistemi kimi "putinizm"ə qarşı aparılmalıdır. O, ölkədə səssiz saray çevrilişinin mümkün olduğunu və buna baş nazir Mixail Mişustinin rəhbərlik edə biləcəyini söyləyib.
Remeslo əvvəllər hakimiyyətə tam sadiq biri kimi tanınırdı. Bu ilin əvvəlində Putini sərt tənqid etdikdən sonra psixiatrik klinikaya yerləşdirilib və bir neçə gün əvvəl oradan çıxıb.
AzadlıqRadiosunun rus xidməti Bonya və Remeslonun çıxışlarının arxasında nə dayandığını araşdırıb. Sual olaraq qalır: bütün bunlar Kremlin ictimai rəyə təsir üçün qurduğu mürəkkəb oyunudurmu?
Mark Feyqin
"Buxarı çıxarmaq"
Siyasətçi Mark Feyqinin fikrincə, baş verənlər hakimiyyətin müəyyən çaşqınlığını göstərir, çünki Bonyanın müraciəti və Solovyovun reaksiyası Kremlin tam idarə etmədiyi hadisələrdir: "Bonyanın müraciətində dediklərinin hamısı Kremlin başladığı müharibənin nəticələridir. Tuapseyə zərbələr, ekoloji fəlakət və iqtisadi ziyan – bunların hamısı Ukraynaya qarşı artıq beş ildir davam edən müharibənin nəticəsidir. Bu vəziyyətdə Rusiya əhalisi itkilər verir və bu narazılığı Putinə təhlükə yaratmadan yönləndirmək lazımdır. Bonyanın müraciəti impulsiv idi – o, Sibirdə mal-qaranın qırılmasından, Dağıstanda daşqınlardan danışdı. Amma sonra prezident administrasiyası müdaxilə edərək mövzunu qarşıdurma müstəvisinə keçirməməyə qərar verdi".
Bonya göz yaşları içində etdiyi ikinci müraciətində ona diqqət ayrıldığını deyirdi. Feyqinin fikrincə, bloqer hakimiyyətə yaxın biridir və hakimiyyət də münaqişəni dinc müstəviyə keçirib: "Solovyova üzr istəmək tapşırıldı. Məqsəd xalqın narazılığını azaltmaq, "buxarı çıxarmaq"dır. Əsas məsələ – müharibənin dayandırılmasından danışmırlar. Əvəzində yerli məmurların problemlərin öhdəsindən gəlməməsi müzakirə olunur. Yəni "çar yaxşıdır, ətrafı pis"".
Feyqin baş verənləri polittexnoloji manipulyasiya hesab edir: Bonyaya zəng vurub ona tabunu xatırladıblar – Putini birbaşa tənqid etmək olmaz.
"Remeslonu həbs etməyin mənası yoxdur"
İlya Remeslo Sobçaka müsahibəsində prezident administrasiyası ilə əməkdaşlığından açıq danışıb. M.Feyqin deyir ki, görünür, onun məsələsi hələ başa çatmayıb: "Onun pul müqabilində insanlar haqqında donoslar yazdığını, onların həbsinə zəmin yaratdığını onsuz da bilirdik. İndi isə bunu öz dili ilə təsdiqləyir. O, bu cinayətlərdə ən azı sifarişçi hakimiyyət qədər şərikdir...".
Feyqin əlavə edir ki, Sobçakın bu müsahibəni almaq üçün prezident administrasiyasından öncədən icazə aldığına şübhəsi yoxdur: "Onlar bunun ciddi ziyan gətirəcəyini düşünmürlər. Doğrudan da, həmin şəxsin etiraflarında yeni və ya gözlənilməz heç nə yoxdur. Çox güman ki, hakimiyyət onu indi həbs etməyin mənasız olduğunu anlayır; çünki bu, sadəcə əlavə səs-küyə səbəb olardı. Əlbəttə, o, cəmiyyətin rəğbətini qazanmayacaq, lakin mənzərə çox aşkar görünəcək: əvvəlcə Navalnını həbs edib öldürürlər, sonra isə bu işləri kimin əli ilə həyata keçiriblərsə, həmin şəxsi barmaqlıqlar arasına atırlar. Bu, yaxşı mənzərə yaratmayacağı üçün ona müəyyən manevr imkanları və sərbəstlik tanıyırlar".