Təkcə bir ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) faktiki işçi sayı 3 minə yaxın azalıb.
Qurumun bu gün, avqustun 12-də açıqladığı 2025-ci il üzrə dayanıqlıq hesabatında işçilərin sayı 45 min 227 nəfər göstərilir.
Halbuki, 2025-ci il yanvarın 1-i üçün işçi sayı 48 min 69 nəfər qeyd edilib.
Həmin rəqəmlərdən bəlli olur ki, son bir ildə SOCAR-ın işçilərinin sayı 2 min 842 nəfər azalıb.
Son vaxtlar hüquq müdafiəçiləri SOCAR-da kütləvi məcburi ixtisarların olmasına dair şikayətlərin artdığını vurğulayırlar.
Bu qurum rəsmilərindən hələlik bu şikayətlərə konkret münasibət almaq mümkün olmayıb.
SOCAR-dan izah
Amma bundan əvvəl avqustun 4-də SOCAR-dan "Report"a bildirilmişdi ki, kütləvi ixtisarlarla bağlı bir sıra sosial media resurslarında yayılan, hər hansı rəsmi mənbəyə əsaslanmayan rəqəmlər və iddialar həqiqəti əks etdirmir.
Vurğulandığına görə, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici 2.4 faiz olub ki, bu da SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiq edən mühüm göstəricilərdəndir. Üstəlik, qeyd edilən işçi dövriyyəsinin əksəriyyəti işçilərin təbii axını hesabına baş verib.
Həmçinin bildirilib ki, SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindən biri korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının dayanıqlı inkişafının təmin edilməsidir: "Bu istiqamətdə həyata keçirilən tədbirlər təşkilati strukturun təkmilləşdirilməsi, biznes proseslərinin optimallaşdırılması və mövcud resursların daha səmərəli idarə olunmasına xidmət edir. Sözügedən proseslər qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir".
Bütün bunlarla belə, əvvəl də SOCAR-ın işçilərinin sayında azalmaların olduğu bildirilirdi. Amma rəqəmin illər üzrə bu qədər kəskin olduğu açıqlanmamışdı. Bundan əvvəlki beş ildə ümumilikdə 3 min 600-dən çox işçinin azaldığı bildirilirdi.
Xatırlatma
SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.
Məqsəd kimi ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək və yanacaq-enerji kompleksinin inkişafını təmin etmək göstərilir.
SOCAR-ın fəaliyyəti, əsasən, altı sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.