İtkin neftçilərin yaxınları axtarışları izləyib

Qəza baş verən estakada

“Azneft” İstehsalat Birliyinin yığım məntəqəsində baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri axtarışların gedişini izləyiblər. Onlar Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzindəki axtarış-xilasetmə qərargahında olublar.

Bu haqda administrasiyanın mətbuat xidməti xəbər verir.

Buna da bax:​ İtkin neftçilərdən xəbər yoxdur

İtkin neftçilərin yaxınlarına axtarış əməliyyatları barədə bilgi verilib. Qeyd edilib ki, hazırda fövqəladə hallar, müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi "nin mütəxəssislərindən ibarət heyət neftçilərin tezliklə tapılmasından ötrü səylərini səfərbər ediblər.

Əməliyyatların uzunluğu 165, eni isə 135 kilometr olan ərazidə həyata keçirildiyi bildirilib.

Administrasiyanın məlumatında qeyd edilir ki, itkin düşən neftçilərin ailə üzvləri axtarış əməliyyatlarını mütəxəssislərlə birgə bilavasitə izləyiblər.

Buna da bax: '335 milyonluq ofis və yararsız estakada'

Dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakada dənizə düşüb.

Hadisə nəticəsində növbədə olan 10 nəfər itkin düşüb. Neftçilərdən ancaq İlham Qafarovun cəsədi tapılıb. Digərlərindən, hələ ki, xəbər yoxdur.

Xatırlatma

Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil.

Buna da bax:​ ‘Dəniz estakadalarından imtina etmək lazımdır’

2014-cü ildə də «Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri, hələ də tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34 nəfər xilas edilmişdi. Onda itkin sayılan 30 neftçidən 15-dən çoxunun, meyiti doğmalarına verilməyib.