Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:43

'335 milyonluq ofis və yararsız estakada'


İlham Əliyev Bakı bulvarında
İlham Əliyev Bakı bulvarında

Strateji Yol Xəritələri, itkin düşən neftçilərin axtarışlarının nəticə verməməsinin səbəbləri, qəbul imtahanlarının pullu olacağı ilə bağlı gözləntilər, müəllim və həkimlərin maaşlarının azlığı bu gün medianın aparıcı mövzusudur…

MÜKƏMMƏL İNKİŞAF KONSEPSİYALARI…

«Azərbaycan» qəzetində «Mükəmməl inkişaf konsepsiyası» sərlövhəli məqalə dərc edilib.

Məqalədə bu günlər ölkədə ayrı-ayrı sahələrin inkişafına dair təsdiq edilən Strateji Yol Xəritələri dəyərləndirilir.

Müəllif hesab edir ki, dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlara cavab verir: «Dekabrın 7-də prezident İlham Əliyevin imzaladığı «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin qəbul edilməsi haqqında» fərman iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi».

Məqalədə vurğulanır ki, sənəd qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini müəyyənləşdirəcək.

Müəllif bildirir ki, hələlik, maliyyə xidmətlərinin, ağır sənayenin, kənd təsərrüfatının və ixtisaslaşmış turizm sənayesinin inkişafına dair istiqamətlər açıqlanıb.

Məqalənin sonunda da qeyd edilir ki, Strateji Yol Xəritələri iqtisadiyyatın inkişafı ilə bağlı ortaya yeni yanaşmanın qoyulması və bu prosesin başlanması baxımından çox dəyərlidir.

NEFTÇİLƏR NİYƏ TAPILMIR?

Azadliq.info-da dərc edilən «Neftçilərin axtarışı niyə nəticə vermir?» sərlövhəli məqalədə bu il dekabrın 15-i Xəzərdə estakadanın uçması nəticəsində itkin düşən neftçilərin axtarışlarının səmərə verməməsi dəyərləndirilir.

Müəllif hesab edir ki, istər 2015-ci il dekabrın 4-də 30, istərsə də 2016-cı il dekabrın 15-də 10 fəhlənin tikin düşməsinə səbəb olan hadisələrə görə məsuliyyət SOCAR rəhbərliyinin üzərinə düşür.

Müəllif düşünür ki, hər iki faciə məmur özbaşınalığının, səhlənkarlığın, səriştəsizliyin və korrupsiyanın nəticəsində meydana gəlib: «Acınacaqlı budur ki, şirkət Bakının mərkəzində dəyəri 335 milyon manat olan ofis binası tikir, futbol üzrə Avropa çempionatına sponsorluq edir, amma işçilərinin rahat və təhlükəsiz çalışması üçün lazımi şərait yaratmır».

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qəzetə deyib ki, itkin düşən neftçilərin axtarış-xilasetmə işlərinin fayda verməməsinin bir neçə səbəbi var. Onun fikrincə, ilkin səbəb Xəzər Dəniz Donanmasının SOCAR-ın tərkibindən çıxarılmasıdır. SOCAR-ın hazırda öz gəmiləri yoxdur: «Gəmilərin olmaması isə hər hansı hadisə baş verən zaman operativliyin təminatını mümkünsüz edir».

Hüquq müdafiəçisi qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi Binəqədidə bina və «Günəşli» yatağında yanğınlar zamanı insanların təxliyəsini təşkil edə bilməyib. Üstəlik, onun fikrincə, SOCAR-da aparılan ixtisarlar üzündən bir çox vacib strukturlarda iş keyfiyyəti aşağı düşüb.

M.Qəhrəmanlı hesab edir ki, əslində bu qədər vaxt itkisinə getməkdənsə, xaricdən mütəxəssis qrupu gətirib xilasetmə və axtarış işini onlara tapşırmaq lazım idi.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

MÜƏLLİMLƏRİN, HƏKİMLƏRİN MAAŞLARI QALDIRILMALIDIR

«Exo» qəzetində isə «Azərbaycan məmurlarının maaşları yetərlidir» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Oqtay Haqverdiyev qəzetə deyib ki, büdcə qurumlarında, əsasən, müəllim və həkimlərin maaşları aşağıdır. Vaxtilə özünün də dövlət qulluğunda çalışdığını deyən ekspert bu sahədə maaşların necə olduğunu bildiyini vurğulayır.

Ekspert qeyd edir ki, iki devalvasiya nəticəsində maaşlar dollarla çox aşağı düşüb. Onun deməsinə görə, devalvasiyalara qədər Cənubi Qafqaz ölkələrində ən yüksək maaşlar məhz Azərbaycanda idi. İndi isə bunu söyləmək mümkün deyil.

O.Haqverdiyev hesab edir ki, Azərbaycanda maaşları 1000 manatdan yuxarı olan məmurların əməkhaqqı artımı dondurulmalıdır. Az alanların maaşları isə artırılmalıdır: «Son dəfə dövlət məmurlarının maaşı 3 il öncə artırılıb. İdarəetmə aparatında çalışanların hamısı yüksək maaş alırlar».

Ekspert Milli Məclis üzvlərinin kifayət qədər yüksək maaş almalarına baxmayaraq, onların da maaşlarının qaldırıldığını nəzərə çatdırır.

O.Haqverdiyev bu illər ərzində müəllimlərin, həkimlərin maaşlarının isə cəmi 10 faiz artırılmasını ədalətsizlik sayır.

İmtahan
İmtahan

PULLU İMTAHANLAR

«Novoye Vremya» qəzetində «Pullu imtahanlar nələrə gətirib çıxaracaq...» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif xatırladır ki, qəbul imtahanına girişlərin pullu olacağı barədə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə hələ yay aylarında açıqlama verib.

Yazıda qeyd edilir ki, indi valideynlər və şagirdlər bunun neçəyə başa gələcəyi haqda düşünürlər.

Müəllifə görə, əslində buraxılış imtahanları pulsuz olduğundan qəbul imtahanları da pulsuz olmalıdır. «İndi, hələlik, cüzi ödəniş nəzərdə tutulur. Bunu indiyə qədər dövlət ödəyirdi. İndi dövlət bunu edə bilmir».

Yazıda bildirilir ki, imtahanların qiymətləri haqda qərarı Tarif Şurası verəcək. İmtahan Mərkəzi publik hüquqi şəxs olduqdan sonra artıq dövlət bu sahəni maliyyələşdirmək fikrində deyil: «İndi isə bu, dövlətin sosial öhdəliyi yerinə yetirməməsi deməkdir. Öz xərclərinin bir hissəsini vətəndaşın öhdəsinə buraxmasıdır».

Yazıda vurğulanır ki, əhalinin vəziyyəti isə heç də qibtə ediləsi deyil. Qiymətlər yüksəlir, əməkhaqqıları və pensiyalar buna münasibətdə artırılmır. Üstəlik, işsizlər də çoxalır.

Müəllif yazır ki, orta məktəblərdə indiki pulsuz təhsilin səviyyəsi aşağıdır. Əlavə pul verib repetitorlar tutmasan, qəbul olunmaq çox çətindir. Bu isə artıq orta məktəblərin də pullu olduğu anlamına gəlir: «Beləliklə, aztəminatlı ailələrin uşaqları təhsilin keyfiyyətsizliyi və maddi imkansızlıq üzündən qabiliyyətlərini reallaşdıra bilməyəcəklər».

XS
SM
MD
LG