SOCAR İtaliyanın milli futbol komandalarının baş sponsoru olacaq

İtaliya millisi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb.

SOCAR-ın yaydığı məlumata görə, sənəd sentyabrın 26-da Azərbaycanda imzalanıb.

Sənədə əsasən, SOCAR 2027-ci il yanvarın 1-dən 2030-cu il dekabrın 31-dək - dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının "Baş Qlobal Enerji Sponsoru" olacaq. Tərəfdaşlığın 2032-ci ilədək daha iki il uzadılması imkanı da nəzərdə tutulub.

"Bu tərəfdaşlıq SOCAR-ın İtaliyadakı uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin öz ənənələri və nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir", - SOCAR-ın açıqlamasında vurğulanır.

Qurum müqavilənin maliyyə detallarını açıqlamayıb.

SOCAR-in İtaliyada neftayırma zavodları və yanacaqdoldurma stansiyaları var. Üstəlik, bugünlərdə İtaliyanın "Eni" şirkətinin ardınca SOCAR da törəmə müəssisəsi olan "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının bahalaşmasının qarşısını almaq üçün yuxarı qiymət həddi müəyyənləşdirib.

SOCAR bundan əvvəl də ölkə xaricində idmana, xüsusilə də futbol yarışlarına sponsorluq edib. Qurumun milyardlarla manat öhdəliyinin olduğunu xatırladan bir çox vətəndaş bu addımları birmənalı qarşılamayıb. Onlar hesab edirlər ki, daxildəki sosial-iqtisadi problemlərin həllinə daha çox töhfə verilməlidir.

Xatırlatma

SOCAR 1992-ci ildə ölkə prezidentinin fərmanı ilə təsis edilib. Şirkət tam dövlətə məxsusdur, əsas fəaliyyəti neft, qaz və qaz kondensatının hasilatı, emalı, nəqli, həmçinin bu məhsulların daxili, xarici bazarlarda satışı ilə bağlıdır.

Qurumun son hesabatında (2025) aktivləri 96, öhdəlikləri isə 18 milyard manatdan çox göstərilib. Son illər SOCAR-da çalışanların sayında azalma var.