Azərbaycanda həbsdə olan bir qrup jurnalist, ictimai fəal və müxalifətçi müraciət yayaraq, beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (advokasiya) daha koordinasiyalı, açıq və hərtərəfli aparılmasına çağırıb.
Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi prosesində demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər.
Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciətdə məhbusların bununla bağlı istək və gözləntiləri yer alıb.
Sənəddə deyilir ki, advokasiya (beynəlxalq müdafiə) ilə məşğul olanlar Azərbaycanın demokratikləşməsi və insan haqları məsələlərini bir-birindən ayırmamalı, onlara vahid bir prioritet kimi yanaşmalıdırlar.
Müəlliflər hüquq müdafiəsi ilə məşğul olanlardan gözləntilərini belə sıralayıblar:
- Fəaliyyətin fokusunu yalnız ayrıca şəxsə və məhdud qrupa yönəltməmək.
- Görülən işləri ictimaiyyətə açıq şəkildə aparmaq.
Sənəddə həmçinin advokasiya fəaliyyətinə dəstək verən donor və tərəfdaş qurumlardan da eyni yanaşma tələb olunur.
Müraciətdə advokasiya fəaliyyətinin hədəfi olan tərəflərdən (xarici hökumətlər, parlamentlər, beynəlxalq təşkilatlar) isə aşağıdakılar istənilir:
- Azərbaycan hökumətinin demokratikləşmə, insan haqları, hüququn üstünlüyü, şəffaflıq və hesabatlılığa dair öhdəliklərinin icrasına publik çağırış etmək.
- İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki işlərə prioritet qaydada baxılmasına dəstək vermək, o cümlədən məhkəmə qərarlarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin effektiv addımlar atmasına nail olmaq.
Habelə siyasi təqiblərdə və saxta məhkəmə işlərində əli olan rəsmilərə qarşı sanksiyaların başlanması istənilir.
Müraciətə, hələlik, maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Bir sıra hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var. Amma Azərbaycanın rəsmi qurumları ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər, belə siyahılarda yer alan şəxslərin törətdikləri konkret əmələ görə mühakimə olunduqlarını vurğulayırlar.
Hökumət ölkədə bütün fundamental hüquq və azadlıqların tam qorunduğunu bəyan edir.