İtaliya İspaniya ilə sərbəst hərəkət rejimini dayandırıb

Seutada miqrantlar

İtaliya Şengen zonası çərçivəsində İspaniya ilə sərbəst hərəkət rejimini dayandıraraq, iki ölkə arasındakı dəniz və hava marşrutlarında sərhəd nəzarətini bərpa edib.

Son sutka ərzində on minlərlə miqrant Mərakeş tərəfdən İspaniyanın Afrikadakı Seuta anklavına daxil olub. Dəniz və quru sərhəd maneələrini aşaraq əraziyə sızan kütlənin qarşısını almaq üçün İspaniya ordusu və təhlükəsizlik qüvvələri hərəkətə keçib.

İtaliya Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, bu qərar İmmiqrasiya və Sərhəd Təhlükəsizliyinin Təhlili Komitəsinin iclasından sonra qəbul edilib. Ölkənin daxili işlər naziri Matteo Piantedozi fransalı həmkarı ilə də danışıqlar aparıb. Görüşün yekununda tərəflər Fransa-İtaliya quru sərhədində nəzarətin gücləndirilməsi barədə razılığa gəliblər.

Burada söhbət İtaliyanın Şengen zonasından çıxmasından yox, pasport nəzarətinin müvəqqəti bərpa olunmasından gedir. Bu addım ictimai təhlükəsizliyə təhdid yarandığı hallar üçün Şengen Sərhəd Məcəlləsində nəzərdə tutulub.

Seuta hadisələrindən sonra bir neçə Avropa ölkəsi İspaniyanın addımlarını tənqid edib. Finlandiya rəhbərliyi Madridin Şengen zonasının xarici sərhədlərini lazımi səviyyədə qorumadığını bildirib.

Danimarkanın baş naziri Mette Frederiksen Avropa İttifaqını qanunsuz miqrasiyaya qarşı təcili tədbirlər görməyə çağırıb. O, Şengen məkanı çərçivəsindəki məhdudiyyətlər də daxil olmaqla, bütün mümkün reaksiya variantlarını nəzərdən keçirməyin vacibliyini vurğulayıb.

Miqrantların İspaniyanın Seuta anklavına kütləvi axını iyulun 30-da başlayıb. Son məlumatlara görə, əksəriyyəti Mərakeş vətəndaşları olan 60 minə yaxın insan sərhədi keçib. Şəhərə üzərək çatmağa çalışanlardan ən azı 57 nəfər həyatını itirib. İspaniya rəsmilərinin məlumatına görə, iyulun 31-nə olan vəziyyətə əsasən, miqrantların böyük hissəsi könüllü olaraq Mərakeşin qonşu Fnidek şəhərinə geri dönüb.

Seuta, digər İspaniya anklavı Melilya kimi, ölkənin Şimali Afrikadakı suveren ərazisidir. Aralıq dənizi vasitəsilə İspaniyadan ayrılan bu anklav Şengen zonasına daxil olsa da, buradan materik hissəyə keçid zamanı sənədlər yoxlanılır.