BMT hesabatlarının qarşısı alınır? – QHT təmsilçisinə qarşı sərhəd ittihamı

Sərhəd

Ay yarımdır ki, "sərhədi qanunsuz keçmə" ittihamı ilə həbsdə olan Mirdilafət Xəlilov hesab edir ki, əslində onu Azərbaycandakı işgəncələr barədə hazırladığı hesabatlara görə cəzalandırırlar. O, həbsdən AzadlıqRadiosuna ünvanladığı müraciətində bildirir ki, uzun illər İşgəncələr Əleyhinə Azərbaycan Komitəsində fəaliyyət göstərib, işgəncələrlə bağlı hesabatların hazırlanması, yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında birbaşa iştirak edib.

Son vaxtlaradək analoji fəaliyyətlə məşğul olduğunu vurğulayan Xəlilovun fikrincə, onun həbsində məqsəd BMT-nin İşgəncələr Əleyhinə Komitəsi və başqa qurumlara işgəncələrlə bağlı hesabatlar göndərməsinin qarşısını almaqdır.

56 yaşlı Xəlilov iyulun 31-də xəstəxanadan çıxanda saxlanılıb. Onun sözlərinə görə, avqustda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində ayağından əməliyyat olunmalı idi. Hazırda da sağlamlığında ciddi problemlər olduğunu vurğulayan Xəlilov bildirir ki, durumu həbsdə saxlanmasına imkan vermir.

İranda müalicə alarkən modul xəstəxanaya yerləşdirilib, oradan qaçıb...

M.Xəlilova qarşı Cinayət Məcəlləsinin 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, 2020-ci ildə İran-Azərbaycan sərhədini gizli yolla keçməkdə ittiham olunur. M.Xəlilovun işi üzrə istintaq Dövlət Sərhəd Xidmətində aparılır. Bu maddənin sanksiyasında 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qardaşı Bəhruz Xəlilov da onun səhhətində ciddi problemlər olduğunu AzadlıqRadiosuna təsdiqləyib. Deyir, onun ayağında açıq yara var, əgər təcili əməliyyat olunmasa, həyatını itirə bilər. B.Xəlilovun sözlərinə görə, qardaşı 2020-ci ildə səhhətindəki problemlərə görə İranda müalicə alırmış. Koronavirus geniş yayıldığı dövrdə onu İranda modul tipli xəstəxanaya yerləşdiriblər.

"O, ətrafda baş verənlərdən vahimələnib və qaçmaq qərarı verib. Sənədləri də orada qalıb. Bir iranlı ilə birlikdə xəstəxanadan qaçıb. Sənədləri olmadığına görə sərhədi də gizli keçib. Həmin iranlını əvvəldən tutmuşdular. Qardaşımı isə 2024-cü ildə dindirib buraxmışdılar", - B.Xəlilov əlavə edib.

B.Xəlilov danışır ki, iki qardaşı Birinci Qarabağ müharibəsində həlak olub, anası həbsdə olan oğlunun yolunu gözləyir: "Ayağı qopmuşdu, cərrahlar mil ilə birtəhər birləşdirib. Açıq yarasına mikrob düşsə, öləcək. Bunları nəzərə almaq olmazdımı?! Ağır cinayət də deyil...".

AzadlıqRadiosu M.Xəlilovun işi ilə bağlı rəsmi qurumlardan açıqlama ala bilməyib.

İşgəncələr üzrə daha bir QHT rəhbəri həbs cəzası çəkib

Azərbaycanda işgəncə, pis rəftar və insan ləyaqətini alçaldan davranışlarla bağlı monitorinqlər aparan, hesabatlar hazırlayan müxtəlif qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bunların arasında İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi ilə yanaşı, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi və s. təşkilatlar da var.

M.Xəlilovun vaxtilə fəaliyyət göstərdiyi İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi 2005-ci ildə yaradılıb və rəhbəri də hüquq müdafiəçisi Elçin Behbudov olub. Behbudov 2015-ci ildə vəfat etsə də, təşkilat fəaliyyətini dayandırmayıb.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri isə Fikrət Cəfərlidir. Ötən il böhtan ittihamı ilə həbs edilən Cəfərli bir neçə ay öncə azadlığa buraxılıb.

Rəsmi qurumlar, adətən, işgəncələrlə bağlı tənqidləri qəbul etmirlər. Ancaq indiyədək Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan işgəncə şikayətləri üzrə qərarlar çıxarıb, hökumətin üzərinə kompensasiya ödənilməsi öhdəliyi qoyulub.