ABŞ-də 3 senator Donald Tramp administrasiyasını Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasına nail olmağa çağırıb.
Demokrat Piter Uelç (Peter Welch), respublikaçı Tom Tillis (Thom Tillis) və demokrat Tim Kein (Tim Kaine) administrasiyanı regionda sülhü irəli aparmaq üçün Azərbaycanda saxlanılan azı 300 siyasi məhbusun azadlığına nail olmağa səsləyir.
Senatorlar dövlət katibi Marko Rubioya göndərdikləri məktubda Prezident İlham Əliyevin administrasiyası dövründə qanunsuz həbslərdən, lazımi hüquqi prosedurların təmin edilməməsindən ciddi narahatlıq keçirdiklərini bildirirlər. Məktubda deyilir ki, Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğu bildirilir, müstəqil jurnalistlərin, müxalifət liderlərinin və vətəndaş cəmiyyəti fəallarının repressiyası ölkə üzrə davam edir.
Senatorlar qeyd edirlər ki, Tramp administrasiyasının regionda sülhün irəli aparılmasında marağını bölüşürlər, amma bütün siyasi məhbusların buraxılmasının Strateji Tərəfdaşlığın şərti kimi irəli sürülməsini istəyirlər.
“Administrasiyanın Belarusda siyasi məhbusların azad edilməsinə nail olmasını müsbət qiymətləndiririk və administrasiyanı Azərbaycanla bağlı da oxşar yanaşma ortaya qoymağa çağırırıq”, – məktubda vurğulanır.
Belarusda son bir ildə ABŞ rəsmiləri ilə danışıqlardan sonra yüzlərlə siyasi məhbus azadlığa buraxılıb. Qarşılığında Vaşinqton bəzi sanksiyaları qaldırıb.
Senatorlar Azərbaycanda müxtəlif sahələrin təmsil edən bir sıra şəxslərin adlarını sadalayır, siyasi məhbusların azad edilməsinə onlardan başlamağa çağırır. Bu şəxslər müxalifətdə olan AXCP sədri Əli Kərimli, media eksperti Ələsgər Məmmədli, hüquq müdafiəçisi Anar Məmmədli, hazırda ev dustaqlığında olan iqtisadçı professor Qubad İbadoğlu, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, hüquq müdafiəçisi Rüfət Səfərov, müxalifətçi Tofiq Yaqublu və jurnalist Ülviyyə (Əli) Quliyevadır.
İndiyədək ayrı-ayrı ABŞ senatorları oxşar çağırışlar səsləndiriblər. Azərbaycan hakimiyyəti bu çağırışlara reaksiya verməyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralda Bakıya səfəri zamanı Fərid Mehralızadənin məsələsini qaldırsa da, jurnalist hələ də həbsdədir. O, ötən ilin iyununda bir sıra iqtisadi ittihamlarla 9 il həbsə məhkum edilib.
Ə.Kərimli də 2025-ci il noyabrın 29-dan həbsdədir. O, isə dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunur.
Digərlərindən Ələsgər Məmmədli 14, Anar Məmmədli 12 il həbs cəzası alıb, hər ikisi qaçaqmalçılıqda ittiham edilir. Rüfət Səfərova qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə günahlandırlaraq 8 , Tofiq Yaqubluya isə dəladuzluq və başqa ittihamlarla 9 il həbs cəzası verilib.
Hazırda məhkəmə istintaqı başa çatmayan Ülvüyyə Əli də qaçaqmalçılqda günahlandırılır.
Senatorların adlarını çəkdiyi siyasətçilər, jurnalistlər və fəallar özlərinə qarşı ittihamları qəbul etmir, siyasi motivli sayırlar.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamıyla həbs olunub. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var.
Hökumət təmsilçiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edir ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.
Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.