Senator Tillis: 'Putin Süleymani kimidir'

Tom Tillis

Respublikaçı senator, Senatın NATO Müşahidə Qrupunun həmsədri Tom Tillis Ukrayna və Yaxın Şərqdəki münaqişələrin bir-biri ilə sıx bağlı olduğunu bildirib. O qeyd edib ki, dünya hazırda Rusiya və İranın rəhbərliyi ilə dirçəlmiş 'Şər məhvəri' ilə üz-üzədir. Senatorun sözlərinə görə, bu tərəfdaşlıq artıq strateji hərbi alyansa çevrilib.

Respublikaçılar Partiyasında azsaylı daxili tənqidçilərdən olan Tillis aprelin 29-da AzadlıqRadiosuna müsahibəsində Ukraynada müharibənin dondurulması ehtimalını kəskin pisləyib. O, Rusiya prezidenti Vladimir Putinin amerikalıların ölümünə görə şəxsən məsuliyyət daşıdığını vurğulayıb.

Senatorun qənaətinə görə, Rusiya-İran tərəfdaşlığındakı ən kritik təhlükə nüvə ambisiyaları ilə bağlıdır: "Rusiya üçün Yaxın Şərqdə regionu qeyri-sabitliyə sürükləyəcək nüvə imkanlarına malik bir ölkənin mövcudluğundan daha arzuolunan heç nə yoxdur. Hesab edirəm ki, müəyyən dərəcədə Çin də eyni mövqedədir. Çünki onlar anlayırlar ki, hazırda ABŞ Yaxın Şərqdə sabitliyi pozan tərəf kimi qələmə verilir. İran belə bir gücə sahib olduğu an regionu indiyədək görünməmiş bir xaos və qeyri-sabitlik bürüyəcək".

"Putin amerikalıların ölümünə görə məsuliyyət daşıyır"

Tillis bildirir ki, Putin ABŞ ilə dostluq edə və ya dinc yanaşı yaşaya biləcəyi görüntüsünü yaratmağa çalışsa da, əslində bu, onun planlarından tamamilə uzaqdır: "O, Birləşmiş Ştatların həm Avropada, həm də Yaxın Şərqdəki nüfuzunu tamamilə yox etmək istəyir. Hazırda o, ən azı Yaxın Şərqdə İrana maddi dəstək verməklə müəyyən mənada məqsədinə nail olur. Lakin bu şəxs birbaşa məsuliyyət daşıyır... O, mahiyyətcə Süleymani kimidir və amerikalıların ölümünə görə eyni dərəcədə cavabdehdir. Aradakı tək fərq rəqəmlərdədir".

General Qasım Süleymani 2020-ci ildə ABŞ-nin İraqa endirdiyi dron zərbəsi ilə öldürülüb.

Senatorun fikrincə, ABŞ Ukraynaya fokuslanarsa, Putin orada qələbə çala bilməz. Müharibənin dondurulmasını isə o, "heç-heçə" deyil, "məğlubiyyət" kimi xarakterizə edir: "Əgər müharibə dondurularsa, bu, məğlubiyyətdir, çünki Qərb bununla əslində yalan danışan birinin davranışını mükafatlandırmış olur. Putini dayandırmamaq ona Şərqi Avropa və Afrikada antidemokratik prinsipləri yaymaq üçün dayaq nöqtəsi qazandırmaq deməkdir".

Sanksiyaların effekti

Senator Tillis sanksiyaların yalnız koordinasiya edildikdə effektiv olduğunu deyib və Avropanın bu məsələdə ləngiməsindən məyusluğunu bildirib. O qeyd edib ki, bəzi NATO müttəfiqləri biznes maraqlarına görə İrana qarşı vahid sanksiya rejiminə qoşulmaqda çətinlik çəkirlər:

"Rusiyanın hərəkətlərinə göz yummağın uzunmüddətli bədəli sanksiyaların səbəb ola biləcəyi qısamüddətli itkilərdən qat-qat ağırdır. Biz məsələyə daha geniş perspektivdən baxmalıyıq. Açığını desəm, əgər Avropa xüsusilə İrana qarşı koordinasiyalı sanksiyaların tətbiqində daha qətiyyətli davransaydı, bəlkə də, bu münaqişənin qarşısını almaq mümkün olardı".

Senator Tom Tillisin AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğluna verdiyi müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz:.