Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin keçmiş rəisi Mehdi Əmrahov 783 min manatlıq mənimsəmə ittihamı üzrə özünü təqsirli bilməsə də, istintaq dövründə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dəymiş ziyandan 30 min manat ödəməsini belə izah edib: "Müstəntiq dedi ki, ödəməsən, həbs olunacaqsan…".
Keçmiş idarə rəisi bu barədə avqustun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bildirib. Faktiki olaraq işləməyən – bəziləri öz qohumlarından ibarət olan şəxslərin adlarını işçi kimi rəsmiləşdirərək maaşlarını mənimsəməkdə, həmçinin tenderlər zamanı şirkətlərə köçürülmüş pulların bir hissəsini geri almaqla ümumilikdə 783 min manatlıq büdcə vəsaitini talamaqda ittiham olunan M.Əmrahov bu iddiaların heç birini qəbul etmir: "İttihamda adları qeyd olunan şəxslər onlayn qaydada işləyiblər. Bizim bina sökülmüşdü və təmirə bağlanmışdı. Fikirləşdik ki, bədbəxt hadisələrin qarşısını almaq üçün onların evdən işləməsi daha məqsədəuyğundur, çünki kiminsə başına daş düşə bilərdi. Tender məsələsinə gəlincə, şirkətlərin hamısı rəsmi qeydiyyatda olan müəssisələrdir. Mən özümü sadəcə prosesə kifayət qədər nəzarət edə bilmədiyimə görə qismən təqsirli bilirəm".
"Evdən işləməyə şifahi razılıq verildi"
Məhkəmədə səhiyyə nazirinin müavini Rüfət Hacıəlibəyovun da adı hallanıb. M.Əmrahov iddia edir ki, əməkdaşların onlayn qaydada işləməsindən Hacıəlibəyovun da xəbəri olub. Onun sözlərinə görə, bu barədə yazılı şəkildə hər hansı bir əmr və ya başqa sənəd yox idi: "O vaxt kurator Rüfət Hacıəlibəyov şifahi şəkildə dedi ki, bu məsələni nazirlə müzakirə edəcək və razılıq verilsə, əməkdaşlar evdən işləyərlər. Sonradan məsələ nazirə məruzə olundu və işin gedişatına mane olmamaq şərti ilə evdən işləməyə şifahi razılıq verildi".
Prokuror isə bildirib ki, 2025-ci ildə bu idarədə yeyintilərin üzə çıxması ilə nəticələnən yoxlamaların aparılmasının təşəbbüskarı məhz R.Hacıəlibəyov olub.
R.Hacıəlibəyov 2022-ci ilin iyulundan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. O, bu il iyulun 7-də səhiyyə nazirinin müavini təyin edilib.
Cinayət işinin materiallarına əsasən, adı işçi siyahısında göstərilən, amma faktiki olaraq işləməyən şəxslər 2022-ci ilin mart, aprel, may və iyun aylarında "işə götürülüb". 2025-ci ilin avqustunda – yoxlamalar başlayandan sonra isə onlar "işdən çıxarılıblar".
Maaş kartlarından pulları çıxardığı deyilən şəxslərdən biri – Kadrlar şöbəsinin keçmiş işçisi Yeganə Eyvazova məhkəmədə şahid kimi ifadə verərkən təsdiqləyib ki, pulları gətirib M.Əmrahova verirmiş. Niyə belə etdiyinin səbəbinə gəlincə, o bildirib ki, sadəcə rəhbərliyin əmrini yerinə yetirirdi. Eyvazovanın sözlərinə görə, o, təkbaşına uşaq böyüdür və indiki vaxtda iş tapmaq çox çətindir. İşini itirmək qorxusundan nə əmr verilibsə, onu da edib. O əlavə edib ki, bu işdə heç bir maddi qazancı və ya başqa bir marağı olmayıb.
"Lazım gələndə mən də hər şeyi açıqca deyəcəm"
M.Əmrahov heç bir pul mənimsəmədiyini və lazım gələrsə, hər şeyi açıqca danışacağını bildirib: "Azərbaycanda ilk "Səhiyyə əlaçısı" medalı alanlardan biri mən olmuşam. Bakıdakı bütün təcili yardım maşınları dəyişdirildi və bunun təşəbbüskarı mən idim. Onkoloji xəstəliklər və şəkərli diabetlə bağlı layihələr hazırladım, hətta səhiyyə naziri həmin layihələrə görə mənə təşəkkür etdi. Amma bunlar deyilmir. İndi mən qatil, cani oldum?! Bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, mənim kimi adamların sayəsindədir… Nə isə. Lazım gələndə mən də hər şeyi açıqca deyəcəm".
Səhiyyə Nazirliyi bu işdə zərərçəkən tərəf kimi tanınıb. Nazirliyin nümayəndəsi məhkəmədə 670 min manatlıq iddia qaldıraraq bu qədər ziyanın ödənilməsini tələb edib.
M.Əmrahov ittihamlarla razılaşmadığını vurğulayaraq mülki iddianı da qəbul etməyib.
2005-ci ildən Səhiyyə Nazirliyində işləyən Əmrahova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifədən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.