Saytların məhkəməsiz bloklanma halları genişləndirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Siyahıya 'təhqir və böhtan' əlavə olunur – saytlar məhkəməsiz bloklana bilər (ARXİV)

İnternet resurslarının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşdirilir. Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişikliklər edilir.

İyulun 10-da parlamentdə qəbul edilən dəyişiklik layihəsinə əsasən, daha bir sıra hallarda müvafiq icra hakimiyyəti orqanı internet resurslarına girişi məhkəmə qərarınadək müvəqqəti məhdudlaşdıra biləcək.

Söhbət əsasən aşağıdakı hallardan gedir:

Narkotik vasitələrin təbliği: Bu maddələrin hazırlanması, istifadəsi, satışı və kultivasiyası barədə məlumatlar.

Şəxsi hüquqların pozulması: Təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan kontentlər.

Təhlükəli dezinformasiya: İnsanların sağlamlığına, əmlaka və ictimai təhlükəsizliyə ciddi təhdid yaradan yalan məlumatlar.

Qanunvericilik əvvəllər də müvafiq icra hakimiyyətinə bu səlahiyyəti verirdi, yeni dəyişikliklərlə saytların müvəqqəti bloklanması əsasları daha da genişləndirilir.

Əvvəlki qaydaya (qanunun 13-3.3-cü maddəsinə) əsasən, bu addım yalnız təxirəsalınmaz hallarda – dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandıqda və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduqda mümkün idi.

Müstəqil ekspertlər bu addımı rəqəmsal cinayətkarlıqla mübarizədə mühüm hesab etsələr də, yeni mexanizmin saytların əsassız bloklanması riskini artıra biləcəyini vurğulayırlar. Onların fikrincə, bu dəyişiklik hökumətin bir çox saytı məhkəməsiz bloklamasını daha da asanlaşdıracaq.

Azərbaycanda internet saytlarının bloklanmasına əsasən 2017-ci ilin martından başlanılıb. Həmin vaxt heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosu (azadliq.org), "Azadlıq" qəzeti (azadliq.info), MeydanTV (meydan.tv), ölkə xaricindən yayımlanan "TuranTV" (turan.tv) və "Azərbaycan saatı" televiziya proqramının (azerbaycansaati.org) saytları bloklanıb. Yalnız 2017-ci il mayın 12-də Səbail rayon Məhkəməsi bu saytlara girişin məhdudlaşdırılması ilə bağlı rəsmi qərar qəbul edib. Həmin resurslar dövlətin maraq və təhlükəsizliyinə zidd materiallar yaymaqda günahlandırılsa da, müdafiə tərəfi məhkəmədə iddianın əsassız olduğunu bildirərək ittihamları təkzib edib. Sonrakı dövrlərdə ölkədə daha bir çox sayt bloklanıb.