Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Bu yenilik Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, saatlıq əməkhaqqı yalnız müəyyən hallarda tətbiq olunacaq.Onlardan bəziləri bunlardır:
- Hökumətin təsdiqlədiyi sahələrdə çalışan şirkətlərdə və ya fərdi sahibkarların yanında bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda;
- Həftəlik iş vaxtı 20 saat və ya daha az olduqda;
Layihə noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında təqdim olunub. AZƏRTAC-ın xəbərində bildirilir ki, Komitə sədri Musa Quliyevin deməsinə görə, saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimidir. O, bu sistemin həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən əhəmiyyətli bir sosial alət olduğunu vurğulayıb: "Qanun layihəsinə əsasən, saatlıq maaşın ən aşağı həddi ölkədəki minimum əməkhaqqının bir saatlıq məbləğindən az ola bilməz. Saatlıq əməkhaqqının tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısını isə Nazirlər Kabineti müəyyənləşdirəcək".
"Dahiyanədir"
İqtisadçı Natiq Cəfərli isə "Facebook" səhifəsində bu məsələnin ciddi suallar doğurduğunu yazıb. O vurğulayıb ki, hazırda ölkədə minimum əməkhaqqı 400 manatdır. Bu rəqəm 5 günlük iş həftəsi və 8 saatlıq iş günü hesabı ilə götürüldükdə bir saata düşən əməkhaqqı 2 manat 50 qəpik, həftədə 6 günlük iş qrafiki ilə çalışanlar üçün isə təxminən 2 manat civarındadır: "Yaxşı, bundan aşağı ola bilməz – bunu bildik. Amma, məsələn, kimisə 2 saatlıq işə qəbul edib, işə görə gündə 5 manat verəcəklərsə, bu kimə sərf edəcək?!..".
Ekspert "bu addım niyə atılır" sualını gündəmə gətirərək özü belə cavab verir: "Öz fikrimi deyə bilərəm – bu yanaşma daha çox dövlət və büdcə sektorunda özünü göstərəcək. Layihə sayəsində yeni "iş yerləri" yaranacaq. Məsələn, hər hansı bir nazirlikdə və ya dövlət qurumunda hazırda 100 işçi var və onlar ortalama 1500 manat maaş alırlar. Saathesabı iş qrafikinə keçdikdə isə iş yeri sayı sabit qalsa da, işçi sayı kəskin artacaq…".
İqtisadçının fikrincə, bu addım həm dövlət büdcəsinə qənaət, həm də sosial bir layihə kimi qələmə veriləcək: ""Dahiyanədir", yəni heç nəyi dəyişmədən çox şeyi dəyişmiş kimi göstərmək cəhdidir...".