Rusiyanın Müdafiə Nazirliyi ilə əlaqəli bloqlardan birinin rəhbəri və nəşrin bir neçə əməkdaşı Monteneqroda saxlanılıb.
Monteneqronun baş naziri Miloyko Spayiç oktyabrın 9-da “Rybar”ın rəhbəri Mixail Zvinçukun və digər Rusiya vətəndaşlarının saxlanılması xəbərlərini təsdiqləyib. Bloqun özü də saxlanmaları təsdiqləyib.
Britaniya və Avropa İttifaqı Zvinçuka sanksiyalar tətbiq edib. Aİ onun Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəyə dəstək yığmaq üçün yaratdığı işçi qrupda olduğunu bildirib.
ABŞ Dövlət Departamenti 2024-cü il seçkilərinə müdaxilə cəhdlərinə görə Zvinçuk və “Rybar”ın digər təmsilçiləri barədə məlumat üçün 10 milyon dollar mükafat təklif edib.
Spayiç sosial şəbəkədə yazıb ki, ölkənin Avropaya inteqrasiya yolunda hibrid fəaliyyət və sabitliyi pozmaq cəhdləri barədə xəbərdarlıq edirdilər.
Monteneqro 2008-ci ilin dekabrında Aİ-yə üzvlük üçün müraciət edib, 2010-cu ilin dekabrında namizəd statusu alıb, 2012-ci ilin iyununda rəsmın üzvlük danışıqlarına başlayıb.
Film çəkirmişlər
Monteneqro mediası böyük rus icmasının yaşadığı, 2 min sakini olan Risan qəsəbəsində beş nəfərin saxlanıldığını yazıb. Qrupun həmin vaxt Monteneqronun Aİ-yə üzvlük səylərini tənqid edən sənədli film çəkdiyi bildirilir.
“Rybar” saxlanılanların “ölkə ərazisində qanuni və rəsmi əsaslarla olduqları” bildirib. Bu Telegram kanalının rus dilində təxminən 1,5 milyon, ingilis dilində isə 80 min abunəçisi var.
Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev sosial şəbəkədə təklif edib ki, “bizimkilərlə” dəyişdirmək üçün Rusiyada Qərb vətəndaşları həbs olunsun.
Bəzi məlumatlara görə, Zvinçukun həyat yoldaşı Valeriya da saxlanılıb.
Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başlayandan “Rybar” Telegram-da ən nüfuzlu rusiyayönlü hərbi kanallardan birinə çevrilib. Son illər o, fəaliyyətini Serbiya, Bosniya və Herseqovina daxil Qərbi Balkanlarda da genişləndirib.
Monteneqronun Moskva ilə münasibətləri uzun müddətdir gərgindir. 2016-cı ildə Podqoritsa Rusiyanı bir qrup serb ultramillətçisi ilə birlikdə dövlət çevrilişi planlaşdırmaqda ittiham edib. Kreml bu ittihamı rədd edib.
Monteneqro 2017-ci ildə NATO-ya üzv olandan münasibətlər daha da pisləşib.