BBC-nin rus xidməti, "Mediazona" nəşri və könüllülər qrupu 2022-ci ilin fevralında müharibə başlayandan bəri Ukraynada həlak olan 281 min 753 Rusiya hərbçisinin adını sənədləşdirib. BBC özünün son araşdırmasında əsas diqqəti Rusiyanın elit hərbi hissələrinin üzləşdiyi itkilərə yönəldib.
Məlumata görə, dörd il yarımdır davam edən müharibədə ən ağır zərbə alan 10 hərbi hissə arasında ənənəvi olaraq elit sayılan üç bölmə də var. Söhbət 810-cu və 155-ci əlahiddə qvardiya dəniz piyadaları briqadalarından, eləcə də 76-cı desant-hücum diviziyasından gedir.
Bu bölmələr arasında 810-cu dəniz piyadaları briqadası itkilərin sayına görə altıncı yerdə qərarlaşıb; briqada azı 2 min döyüşçüsünü itirib. Səkkizinci yerdə gələn 155-ci briqadanın 1829 hərbçisinin öldüyü təsdiqlənib, doqquzuncu sıradakı 76-cı desant-hücum diviziyası isə 1809 itki verib.
Siyahıya alınan ümumi itkilərin cəmi 10 faizi hava-desant qoşunları ilə dəniz piyadalarının payına düşür. Əslində mürəkkəb desant əməliyyatları və çevik müdaxilələr üçün hazırlanan bu bölmələrin hazırkı vəziyyəti barədə BBC-nin rus xidməti yazır: "Bu bölmələrin şəxsi heyəti və hazırlıq səviyyəsi müharibənin əvvəlindəkindən xeyli fərqlənir". Suriya təcrübəsi olan, həlak olmuş və ya yaralanmış peşəkar hərbçiləri indi cəbhədə səfərbərliyə alınanlar və təcrübəsiz müqaviləli əsgərlər əvəzləyir.
Könüllülər, müqaviləlilər və məhbuslar
Ümumi mənzərəyə baxdıqda Rusiya ordusundakı itki tendensiyasının dəyişmədiyi görünür. Ən böyük itki dalğası yenə də könüllülərin üzərinə düşür – 98 min 464 nəfər (35 faiz). Bu kateqoriyaya müharibə başladıqdan sonra Müdafiə Nazirliyi ilə müqavilə imzalayan və əvvəllər ordu ilə heç bir bağlılığı olmayan şəxslər daxildir.
Həlak olanların daha 73 min 814 nəfərini (26 faiz) isə müharibəyə qədər müqavilə ilə xidmət edən peşəkar hərbçilər təşkil edir.
İtkilərin 10 faizini (27 min 550 nəfər) məhbuslar təşkil etsə də, onların ümumi statistikadakı payı azalır. Bunun səbəbi hələ məhkəmə hökmü çıxarılmamış müttəhimlərin də hərbi müqavilə bağlaya bilməsidir; tədqiqatçılar belə şəxsləri "könüllülər" kateqoriyasına aid edirlər.
İtkilərin təxminən 8 faizi (20 min 814 nəfər) səfərbər edilənlərin payına düşür. Onların 42 faizi cəbhəyə göndərildikdən sonra elə ilk aylarda həlak olub.
Jurnalistlərin qənaətinə görə, Rusiya tərəfinin real itkiləri daha yüksəkdir. Çünki toplanmış məlumatların faktiki ölüm sayının yalnız 45-65 faizini əhatə etdiyi ehtimal olunur.
Rusiya hakimiyyəti hərbi itkilərə dair rəsmi statistika yaymır.
"Bloomberg"in NATO rəsmisinə istinadən verdiyi məlumata görə, təkcə 2026-cı ilin sentyabrında Rusiya ordusunun ümumi itkisi 50 mini keçib və onların təxminən 28 mini həlak olub.