"Buna deyiblər ki, ya narkotiki boynuna götür, ya da 20 il iş verəcəyik".
Paytaxt Bakıdan 180 kilometr aralıda, Biləsuvarda yaşayan Sonabəyim Fərziyeva deyir ki, işsizlik, imkansızlıq ucbatından Rusiyaya iş dalınca gedən oğlunu zorla müharibəyə göndəriblər. Deyir ki, oğlu 46 yaşlı Tahir Rufullayev yanvarın 15-də gizlin evə zəng edib, qısa danışıq zamanı məcburi Ukraynaya müharibəyə göndərildiyini bildirib: "Qonşunun uşaqları, tay-tuşları hamısı gedib, işləyib qayıdırdı. Maşın ustası idi özü. Bir oğlu, bir qızı var. Oğlunun gözü görmür. Dedi ki, gedim işləyim, bir az pul qazanım, gəlim uşağın gözünü əməliyyat etdirim. Bir də evin üstünü düzəldim".
Fərziyeva deyir ki, oğlu 2023-cü ilin aprelində üç aylıq sənədlə Voronej şəhərinə gedib. Orta məktəbi tam bitirməyən, rus dilini bilməyən oğlu Rusiyada işləmək üçün sənədlərini düzəldə bilməyib və qeyri-qanuni işləməyə davam edib.
Anası danışır ki, ötən ilin oktyabrında üç ay polisdə saxlandıqdan sonra hədə-qorxu yolu ilə məcbur müharibəyə getməsi ilə bağlı sənədə imza atdırıblar.
Sonuncu dəfə yanvarın 15-də ailəsi ilə əlaqə saxlayan T.Rufullayev bildirib ki, bir gün sonra onu bir aylıq hərbi təlimə, ardınca da müharibəyə yollayacaqlar. Həmin vaxtdan bəri oğlundan nə bir əlaqə, nə də bir məlumat ala bilirlər.
Sayları 500-ü ötüb
Dörd il öncə, 2022-ci il fevralın 24-də Rusiya Ukraynaya hücum edib. Müharibə başlayandan Rusiya hökuməti vətəndaşlıq və miqrasiya ilə bağlı qanunvericiliyi sərtləşdirib. Həm qanunsuz miqrantlarla bağlı, həm də Rusiya vətəndaşlığı alıb, amma hərbi qeydiyyatdan keçməyənlərə qarşı reydləri artırıb.
Azərbaycandan nə qədər şəxsin müharibəyə göndirilməsi ilə bağlı rəsmi məlumatlar olmasa da, müxtəlif mənbələrdə gedən qeyri-rəsmi rəqəmlərə görə, onların sayı 500-ü ötüb. Onlar arasında vətəndaşlığın qəbulu, həbsdən azad olma, birdəfəlik pul verilməsi kimi şirinikləndirici təkliflər qarşılığında müharibəyə gedənlər də var.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya azərbaycanlıları zorla Ukrayna savaşına necə göndərir?
Bu tendensiya ilə təkcə Azərbaycandan deyil, Mərkəzi Asiya və digər ölkələrdən Rusiyaya iş üçün üz tutanlar da qarşılaşıb.
Mərkəzi ofisi ABŞ-də yerləşən Baltimor Xarici İşlər Şurası 2025-ci ilin avqustundakı hesabatında yazır ki, Rusiya hüquq-mühafizə orqanları və Müdafiə Nazirliyi azı 20 min ortaasiyalı miqrantı Ukraynada Rusiya ordusunun tərkibində döyüşməyə məcbur edə bilər.
2025-ci ilin mayında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrkin deyib ki, hüquq-mühafizə orqanları Rusiya vətəndaşlığını qəbul etmiş, amma hərbi xidmətə qeydiyyatdan keçməmiş 80 min nəfəri saxlayıb və onlardan 20 mini Ukraynada döyüşlərə göndərilib.
Deputat: "Azərbaycanın təsir imkanları yoxdur"
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarını 12 ilədək həbs cəzası gözləyir. Azərbaycan hüquq-mühafizə orqanları öz vətəndaşlarını bu cür münaqişələrdən çəkinməyə çağırır.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya və Ukrayna arasında hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb olunması ilə bağlı əməliyyatlar keçirdiyini bildirir. Yanvarda dörd Azərbaycan vətəndaşının saxlanıldığı açıqlanıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiyanın Ukraynada savaşa göndərdiyi azərbaycanlılar: 'Onu tutdular, müqavilə bağladılar'
Bəs, Azərbaycan hökuməti öz istəyi olmadan, təhdid, hədə-qorxu ilə məcburən müharibəyə aparılan vətəndaşlarının geri qaytarılması ilə bağlı hansı addımlar atır? Azərbaycan Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu bu və Rusiya-Ukrayna müharibəsinə cəlb olunan, döyüşlərdə həlak olan və ya əsir götürülən azərbaycanlıların sayı ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmayıb.
Azərbaycan parlamentinin üzvü Fazil Mustafa deyir ki, həm Rusiyada işləyən, həm də Rusiyanın vətəndaşlığını qəbul edən azərbaycanlılar təhlükə atındadır: "Amma Azərbaycan Rusiyanın daxili işlərinə qarışacaq hansısa bir addım atmağı düşünmür. Çünki o əraziyə konkret hüquqi şərtlər atında işləməyə gediblərsə, ona Azərbaycanın təsir etmək imkanları yoxdur. Burada söhbət ancaq vətəndaşların özlərinin situasiyanı nəzərə alıb o məkanı tərk etməsi ilə bağlı iradə ortaya qoymasından gedir. Orada Rusiya vətəndaşı olan azərbaycanlılar daha çox əziyyət çəkirlər. Onlar vətəndaş olduqlarına görə istəməsələr də, mütləq bu müharibə prosesinə cəlb olunurlar. Bu iki məsələ də bizi narahat edir. Amma dövlət olaraq, hökumət olaraq buna təsir mexanizmləri yoxdur".
Oğlu məcbur müharibəyə aparıldığını deyən S.Fərziyeva isə inanır ki, Azərbaycan hökuməti onun oğlunu geri qaytaracaq: "Mən prezidentimə arxayınam. O, 44 günə Qarabağı aldısa, Rusiyadan mənim oğlumu da alacaq".