Tacikistan Rusiyada ölən vətəndaşı ilə bağlı ədalətli araşdırma tələb edib

Sizin brauzer HTML5-i dəstəkləmir

'Amina' tətbiqi: miqrantlar üçün rahatlıq, yoxsa rəqəmsal nəzarət? (Arxiv videosu)

Tacikistanın Ufadakı Baş Konsulluğu Başqırdıstanın Salavat şəhərində hücuma məruz qaldıqdan sonra ölən 32 yaşlı vətəndaşı Firuz Xusainovun ölümü ilə bağlı narahatlığını bildirib. Diplomatik təmsilçilik Rusiya Xarici İşlər Nazirliyinin Ufadakı nümayəndəliyinə və Rusiya İstintaq Komitəsinin yerli şöbəsinə rəsmi notalar göndərərək cinayət işinin istintaqı barədə məlumat istəyib.

"Baş Konsulluq bu hadisənin hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasının, cinayətin bütün hallarının müəyyənləşdirilməsinin və təqsirkar şəxsin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır", – diplomatik təmsilçiliyin bəyanatında deyilir.

Xusainov noyabrın 15-də Salavat şəhərindəki kafelərdən birində hücuma məruz qalıb. O, ağır xəsarətlər alıb və bir həftə sonra Ufadakı xəstəxanada vəfat edib.

Noyabrın 24-də Rusiya İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsi 15 yaşlı yerli sakinə qətl ittihamı irəli sürüldüyünü açıqlayıb. İstintaq yeniyetmə barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb etsə də, məhkəmə ev dustaqlığı qərarı çıxarıb. Əvvəlcə cinayət işi başqa maddə ilə araşdırılıb, Xusainovun ölümündən sonra ittiham qətl maddəsinə tövsif olunub.

İstintaq Komitəsi hücumun şəxsi ədavət zəminində baş verdiyini bildirir. Mərhumun qardaşının sözlərinə görə, Xusainov ona hücum edən şəxsləri tanımadığını deyib. "Antifa RU" nəşri təqsirləndirilən şəxsin sosial şəbəkələrdəki fotolarını araşdıraraq yeniyetmənin neonasist submədəniyyətinə mənsub olması ehtimalını irəli sürüb.

Başqırd fəal Ruslan Qabbasov da Xusainova milli mənsubiyyətinə görə hücum oluna biləcəyini düşünür. AzadlıqRadiosunun tacik xidməti – "Radio Ozodi"nin məlumatına görə, yerli fəallar Xusainovun taksi sürücüsü işlədiyini və üç uşaq atası olduğunu bildiriblər. O, noyabrın 24-də dəfn olunub.