Rusiyaya qarşı 'Lindsi Qrem sanksiyaları' Konqresdən keçdi

Prezident Donald Tramp Konqresin palatalarının birgə iclasında, Nümayəndələr Palatasının zalında çıxış edir.

ABŞ Konqresinin Nümayəndələr Palatası mərhum senator Lindsi Qremin təşəbbüsü ilə Rusiya və İrana qarşı hazırlanmış yeni sanksiyalar paketini qəbul edib. 262 konqresmen sənədin lehinə, 159-u əleyhinə səs verib.

Qanun layihəsi imzalanmaq üçün prezident Donald Trampa göndəriləcək.

15 sentyabr

Qremin Rusiya sanksiyaları aktı yekun səsverməyə çıxarılır

Sentyabrın 15-də mərhum senator Lindsi Qremin müəllifi olduğu Rusiyaya qarşı sanksiyalar layihəsi ABŞ Nümayəndələr Palatasında vacib prosedur mərhələsini keçib. Tərəfdarlarının fikrincə, bu qanunvericilik aktı Moskvaya təzyiqi artıracaq, ABŞ-nin Ukraynaya dəstəyini gücləndirəcək.

Qanun layihəsinin sentyabrın 16-da Palatada yekun səsverməyə çıxarılacağı gözlənilir.

Sənəd 214-211 səs fərqi ilə səsvermədən keçib. Bununla da qanuna Senatın etdiyi dəyişikliklərin müzakirəsinə imkan yaranıb. İki demokrat respublikaçılarla birlikdə sənədin lehinə səs verib.

Demokratların bir çoxu qanun layihəsinə qarşı çıxır, çünki sənəd prezident Donald Trampa gömrük tarifləri tətbiq etmək üçün əlavə səlahiyyətlər verəcək.

Nümayəndələr Palatası Senatın mətnini dəyişikliksiz təsdiqləsə, qanun layihəsi imzalanmaq üçün Trampa göndəriləcək.

Qanun layihəsi Rusiya rəsmilərinə və hərbçilərinə, Rusiyanın müdafiə sektorunu dəstəkləyən xarici təchizatçılara, Moskvaya mövcud sanksiyalardan yayınmağa kömək edən şəbəkələrə sanksiyaların tətbiqini nəzərdə tutur. Rusiyanın "kölgə donanması" adlanan neft tankerləri də hədəfə götürüləcək. Bu layihəyə İrana sanksiyalar da salınıb.

Demokratların narazılığı

Sənəd Trampa Rusiya enerjisini alan və ya Moskvaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə 100 faizədək gömrük tarifi tətbiq etmək səlahiyyəti verəcək.

Bu müddəalar əsasən demokratların etirazına səbəb olub. Onlar Trampa ticarət sahəsində əlavə səlahiyyətlərin verilməsindən, bunun ABŞ-də yanacaq qiymətlərinə mümkün təsirindən narahatdırlar.

Senat qanun layihəsini qəbul etməzdən əvvəl bu müddəaların çıxarılması təklifini rədd edib.

Texas ştatından respublikaçı konqresmen Maykl Makkol sənədin gözlənilən qəbulunu "Qremin siyasi irsinin bir hissəsi" adlandırıb.

"Ən çox fəxr etdiyim nailiyyətlərdən biri sabah qəbul edəcəyimiz qanun layihəsidir. Lindsi Qrem bunu, səhv etmirəmsə, karyerasının ən böyük qanunvericilik uğuru adlandırmışdı", – o, bir tədbirdə deyib.

Ukraynanın tanınmış tərəfdarı, Cənubi Karolina ştatından respublikaçı Qrem iyulda vəfat edib.

Tennessi ştatından respublikaçı konqresmen Tim Börçett bildirib ki, Respublikaçılar Partiyasının rəhbərliyindən yanacaq xərclərinin azaldılmasına yönəlik tədbirlərin nəzərdən keçiriləcəyinə dair təminat alıb.

"Ukrayna üçün simvolik qələbə"

Qanun layihəsinin qüvvəyə minməsi "Ukrayna üçün simvolik qələbə" olacaq. Bunu AzadlıqRadiosuna Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Endryu D'Anyeri deyib. Onun sözlərinə görə, Kiyevin, xüsusilə hava hücumundan müdafiə sahəsində davamlı hərbi yardıma da ehtiyacı var.

"Vaşinqton danışıqlar yolu ilə razılaşmaya və davamlı sülhə nail olmağa sadiqdir". Bunu isə Vaşinqtondakı Ukrayna Evində keçirilən tədbirdə ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Conatan Qrinstayn bildirib. Onun sözlərinə görə, ABŞ 2026-cı ildə Ukraynaya 7.5 milyard dollar ayırıb və yaxın aylarda daha 300 milyon dollara yaxın vəsait verməyi planlaşdırır.