Rusiya  sülhməramlı qüvvələrinin yeni komandanı  təqdim edilib  

General-mayor Mixail Kosobokov

Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokov Azərbaycan MN-də təqdim olunub

Azərbaycan Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran Rüstəm Muradov ilə görüşüb.

Bu barədə bugün, sentyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradovla görüşüb:

“... Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.”

Açıqlamaya görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Buna da bax: Rüstəm Muradov: '5 ildən sonra müddətin uzadılmasına qərar veriləcək'

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.