Rusiyanın Norveçə də ‘ərazi iddiası’ var?

Barentsburq

Moskva, onun təbirincə deyilərsə, Norveçin Svalbard arxipelaqında Rusiyanın fəaliyyətinə “qanunsuz qoyduğu məhdudiyyəti” müzakirə etmək üçün Osloya müraciət edib.

Rusiyada və keçmiş sovet respublikalarında arxipelaq Şpitsbergen adı ilə də tanınır.

Arktikada Norveçdən 850 kilometr məsafədə olan Svalbard adalar qrupu üzərində suverenlik 1920-ci il müqaviləsi ilə Osloya verilib.

Lakin eyni müqavilə Rusiya da daxil, onu imzalayn ölkələrə bu adalarda kommersiya fəaliyyəti üçün bərabər hüquqlar tanıyır.

Rusiya qısnandığını deyir

Rusiya XİN-in fevralın 4-də yaydığı bəyanatda deyilir ki, xarici işlər naziri Sergei Lavrov “arxipelaqdakı Rusiya vahidlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin qaldırılması” məqsədilə Oslonu rəsmən ikitərfli məsləhətləşmələrə dəvət edib.

Svalbardda Rusiyanın "silahlı vətəndaşını" göstərən sosial media postlarından biri

Nazirlik bildirir ki, belə məhdudiyyətlər yüz illik tarixi olan müqavilənin şərtlərini pozur, beləki bu sənəd müqavilə tərəflərinə bərabər şərtlərlə arxipelaqa sərbəst giriş və biznes fəaliyyəti qarantiyası verir.

Bəyanatda Rusiya helikopterlərinə qoyulmuş qadağan, “yalnız” Rusiya vətəndaşlarını hədəfləyən deportasiya proseduru, qanunsuz olaraq balıq mühafizəsi zonasının yaradılması və biznes fəaliyyətini məhdudlaşdıran təbiəti mühafizə zonasının “süni olaraq genişləndirilməsi” tənqid olunur.

Buna da bax: Mənfi 30 dərəcədə tərəvəz yetişdirənlər

Norveçin cavabı

Oslo Rusiyadan müraciət aldığını təsdiq edib və bildirib ki, Moskvanın narazılığı “Norveçin hakimiyyət orqanlarına yaxşı məlumdur”.

Norveç bunu da əlavə edir ki, Rusiyanın “qanunsuz” adlandırdığı məhdudiyyətləri qanunsuz hesab etmir:

"Svalbarddakı bütün fəaliyyətlər Norveç qanunlarına uyğun olaraq aparılmalıdır”.

Norveç Xarici İşlər Nazirliyinin Reuters agentliyinə göndərdiyi elektron məktubda təfərrüatlara varılmır.

Buna da bax: Rusiyanın Arktik regionundan Norveçə ilk turistik qatar xidməti açılıb

Rusiya özünü buraların sahibi sayır

Bir çox şərhçilər Svalbard arxipelaqını Moskva ilə Qərb arasında daha bir potensial qarşıdurma nöqtəsi hesab edirlər.

İqlim dəyişməsi ilə buzluqların əriməsi Arktikaya gedən yolu açır və Rusiya bu regiondakı hərbi mövcudiyyətini artırmağa çalışır.

Barentsburqda Leninin büstü

Arxipelaqda turizm və xidmətlər genişlənsə də, buranın ənənəvi sənayesi kömür mədənçiliyidir.

Rusiya Barentsburq şəhərində kömür mədəni işlədir.

Moskva bildirir ki, Rusiya arxipelaqdakı mövcudiyyətini azaltmaq niyyətində deyil.