Keçid linkləri

2026, 07 Fevral, şənbə, Bakı vaxtı 13:53

Dünya xəbərləri

Rusiyanın Arktik regionundan Norveçə ilk turistik qatar xidməti açılıb

Kotelni adasında Rusiya hərbi bazası
Kotelni adasında Rusiya hərbi bazası

Arktik regionundan Norveçə qatar xidməti açılırİyunun 5-də Sankt Peterburqdan 91 sərnişinin olduğu qatar 11 günlük “sınaq səyahəti”nə çıxıb. Qatar Petrozavodsk, Kem və Murmansk şəhərlərindən keçəcək.

“Arktika hamını heyran edir”, – layihənin müəllifi, Almaniyanın Lernidee Erlebnisreisen tur qrupunun rəhbəri Nurlan Mukesh deyib.

“Kanada, Norveçin turist agentlikləri oraya gediblər, ancaq Rusiyadan belə hal olmayıb”, – o, “Frans Pres” agentliyinə deyib.

Zarengold adlı qatarın iki vaqon-restoranı var.

Sərnişinlər Murmanskdan qatardan çıxacaq, avtobusla Norveçin Kirkenes şəhərinə gedəcək, səyahətlərini Osloya kater səfəri, yaxud Spitsbergen adasına təyyarə marşrutu ilə bitirəcəklər.

Turistlər Birləşmiş Ştatlar, Almaniya, Norveç və Rusiyadandır.

Rusiya, Kanada, Birləşmiş Ştatlar və Çin Arktik regionuna gələcək iqtisadi və hərbi inkişaf sahəsi kimi baxır.

Bütün xəbərləri izləyin

Pakistanda məscid partladılıb

İslamabadda məsciddə partlayış
İslamabadda məsciddə partlayış

İslamabadda məscidə intiharçı hücumunda ölənlərin sayı 31-i keçib, 169 nəfər yaralanıb.

+++

Pakistanın paytaxtı İslamabadda cümə namazı vaxtı şiə məscidinə intiharçı hücum edib.

Yaralıların çoxunun vəziyyəti ağırdır deyə, ölü sayı arta bilər.

Paytaxt İslamabad sərt mühafizə olunur və nadir hallarda partlayışlar baş verir. Amma son illər ölkədə silahlıların fəallaşması müşahidə olunur.

Noyabrın 11-də İslamabadda intiharçı hücumu 12 nəfərin həyatına son qoyub, 27 nəfər yaralanıb. Pakistan hakimiyyəti həmin hücumu Əfqanıstan vətəndaşının həyata keçirdiyini bildirib. Məsuliyyəti üzərinə götürən olmayıb.

241 milyon əhalisi olan Pakistan, əsasən, sünni ölkəsidir, azlıqda olan şiələr əvvəllər də məzhəb zorakılığına hədəf olublar. Bu hücumları gerçəkləşdirən qruplar arasında sünni islamçı "Təhriki-Taliban" Pakistan silahlı qruplaşması da olub.

Moskvada QRU generalı güllələnib

Vladimir Alekseyev
Vladimir Alekseyev

Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Moskvada güllələnərək yaralanıb. Müstəntiqlər hadisənin sui-qəsd olduğunu deyirlər.

İstintaq Komitəsinin məlumatına görə, general-leytenant Vladimir Alekseyev fevralın 6-da bir neçə dəfə, o cümlədən kürəyindən güllələnib, xəstəxanaya yerləşdirilib. Onun durumu açıqlanmayıb.

Komitə silahlıların hadisə yerindən qaçdığını bildirir.

Təsdiqlənməmiş media məlumatlarına görə, Alekseyev mənzilindən çıxarkən yaşadığı binanın pilləkənində güllələnib.

Alekseyev QRU-nun komandan müavinidir. Müdafiə Nazirliyinin bu kəşfiyyat qurumu diversiya, sui-qəsd, casusluq və kiberhücumlar ilə ad çıxarıb.

Böyük Britaniya Alekseyevin adını 2018-ci ildə Solsberidə keçmiş rus casusu Sergey Skripalın "Noviçok" qazı ilə zəhərlənməsi ilə bağlı çəkib. Həmin hadisədə zəhərə təsadüfən məruz qalan bir britaniyalı qadın ölüb.

Generalların ölümü

Alekseyevin gerçəkdən sui-qəsdə tuş gəldiyi təsdiqlənsə, bu, son illər Moskvada yüksəkrütbəli hərbçilərə hücumlar silsiləsinin davamı olar.

Bu hücumlarla bağlı əsasən Ukrayna kəşfiyyat qurumlarından şübhələnirlər. Son illər onlar Rusiyada bir sıra diversiya və sui-qəsd əməliyyatları gerçəkləşdiriblər.

Dekabrda Baş Qərargahın əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov Moskva yaxınlığında avtomobilinin altında bomba partlaması nəticəsində həlak olub.

Səkkiz ay öncə isə Baş Qərargahın əməliyyat idarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik Moskva yaxınlığında avtomobil partlayışında öldürülüb.

2024-cü ildə Rusiyanın nüvə və kimyəvi silahlardan mühafizə qüvvələrinə cavabdeh zabit Moskvadakı yaşayış binasının qarşısında elektrik skuteri partladılaraq öldürülüb.

Belqorod və Bryanskda energetika obyektlərinə hücum olub, istilik, işıq, su kəsilib

Belqorod
Belqorod

Fevralın 6-na keçən gecə Belqoroda hücum nəticəsində elektrik təchizatı qismən kəsilib. Məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov yayıb.

Qladkov yazıb ki, Belqorod şəhərinin, bir sıra dairələrin enerji infrastrukturu böyük miqyasda zədələnib. O, bərpa işlərinin bütün gecə davam etdiyini, Belqorodda elektrik enerjisinin verilişini tam həcmdə bərpa olunmadığını bildirib.

Daha öncə yerli sakinlər partlayış səsləri barədə məlumat veriblər. Belqorodun mərkəzində istilik təchizatında fasilələr yarandığı xəbər verilib.

"Astra"nın təhlilinə görə, Belqorod İES-in şimal hissəsinə hücum olub.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz isə Ukrayna ordusunun energetika obyektlərinə yeni zərbələr endirdiyini bildirib. Bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 6-na keçən gecə 38 Ukrayna dronu vurulub. Onlardan 26-sı Bryansk, 10-u isə Belqorod vilayəti üzərində məhv edilib.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Ukrayna qüvvələri Belqorod və digər sərhəd vilayətlərinə hücumlar edib.

Rusiyanın Kiyevə raket və dron zərbələri isə yanvarda 1 milyonadək insanın işıqsız qalmasına səbəb olub.

Azərbaycan-BƏƏ təlimlərində dördayaqlı robotlar görünüb

Dördayaqlı robotlar
Dördayaqlı robotlar

Fevralın 3-də başa çatan Azərbaycan-BƏƏ birgə təlimində yeni pilotsuz hava və quru sistemləri nümayiş etdirilib. Bu haqda "Janes" nəşri yazır.

Azərbaycan və BƏƏ müdafiə nazirliklərinin yaydığı videolarda ən azı beş dördayaqlı robot görünür. Onlardan ikisinin ayaqlarında təkərlər və işıq məsafəölçmə (LIDAR) sensorları var. Bu robotlar Əbu-Dabidəki Əl-Həmra Döyüş Təlimi Mərkəzində hərbçilərə binaların təmizlənməsində kömək edir.

Bu robotlar "Unitree" Çin şirkətinin B2 modelinə tam bənzəyib, həmin model də ayaqlarını təkərlərlə əvəzləyə bilir. "Unitree" bildirir ki, B2 20 kq yüklə 15 km məsafəni dörd saat fasiləsiz gedə, 40 sm hündürlüyündə maneəni aşa, 120 sm-ə qədər tullana bilir.

"Janes" təlimdə ikivintli azı iki pilotsuz helikopterin də iştirak etdiyini yazır. Onlardan biri xilasetmə xərəyi ilə şərti yaralının təxliyəsində istifadə olunub, digəri yük kapsulu ilə eniş edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlim yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilib. Məqsəd dağlıq ərazidə fəaliyyət göstərən qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, yaralıların təxliyəsi və s. olub.

"Sülh Qalxanı – 2026" təlimi fevralın 2-3-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilib. Təlimi Azərbaycan prezidenti İlham Əliyev və BƏƏ prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan izləyiblər.

İran Fars körfəzində bir milyon litr yanacaq daşıyan tankerleri saxladığını bildirir

Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi gəmisi
Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi gəmisi

İran hakimiyyəti Fars körfəzində yanacaq qaçaqmalçılığı şübhəsi ilə iki gəmini saxlayıb. "Fars" agentliyi yazır ki, bu haqda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Dəniz Qüvvələri məlumat verib. Tankerlərin kimə məxsus olduğu açıqlanmır.

Yoxlama zamanı gəmilərdə bir milyon litrdən çox qaçaqmal yanacaq aşkarlandığı bildirilir. Gəmilərdə 15 nəfər xarici ekipaj üzvü olub. Cinayət işinin başlanması üçün onları məhkəmə orqanlarına təhvil veriblər. İİKK bildirir ki, hər iki tankeri bir müddət izləyiblər, onlar geniş şəbəkənin tərkibində son aylar yanacaq qaçaqmalçılığı ilə məşğul olublar.

İran daha öncə də Fars körfəzində xarici ölkələrə məxsus neft tankerlerini saxlayıb. 2025-ci ilin yazında dizel yanacağı qaçaqmalçılığı şübhəsi ilə iki gəmi ələ keçirilib.

Son insident İran-ABŞ gərginliyi fonunda baş verib. Fevralın 3-də İran Amerika tankerini ələ keçirməyə cəhd edib. Həmin gün ABŞ-nin F-35C qırıcısı Ərəbistan dənizində "Abraham Lincoln" təyyarədaşıyanına "aqressivcəsinə" yaxınlaşan İran dronunu vurub.

Fevralın 6-da Omanın paytaxtı Məsqətdə ABŞ və İran Tehranın nüvə proqramını müzakirə edəcək. "Axios" nəşri yazıb ki, danışıqlar öncəsi ABŞ prezidenti Donald Trampın xüsusi təmsilçisi Stiv Uitkoff, eləcə də müşaviri və kürəkəni Cared Kuşner İranla bağlı məsləhətləşmələr üçün Qətərə getməlidirlər.

Liviyada Qəddafinin oğlu öldürülüb

Səif Qəddafi Tripolidə tərəfdarları arasında. 2011
Səif Qəddafi Tripolidə tərəfdarları arasında. 2011

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Səif Qəddafi öldürülüb. AFP xəbəri S.Qəddafinin qohumlarına, onun müşavirinə istinadla yayıb.

53 yaşlı Qəddafinin Liviyanın qərbində, Zintan şəhəri yaxınlığında, öz bağında güllələndiyi bildirilir.

S.Qəddafi 1979-2011-ci illərdə Liviyanı idarə etmiş Müəmmar Qəddafinin ikinci oğludur. O, rəsmi dövlət vəzifəsində olmayıb, 2011-ci ildə Qəddafi rejimi devrilənədək xarici siyasət danışıqlarına, daxili məsələlərə rəhbərlik edib.

Rejimin süqutundan sonra Səif saxlanılıb, mülki əhaliyə qarşı cinayətlərə görə ölüm cəzasına məhkum edilib. 2017-ci ildə onun azadlığa çıxdığı bəlli olub. 2021-ci ildə o, Liviya prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb, amma seçkilər təxirə salınıb.

Liviyada 2011-ci ildən vətəndaş müharibəsi, siyasi qeyri-sabitlik qalır. Ölkədə hakimiyyət bir neçə qüvvə arasında bölünüb: paytaxt Tripoli daxil olmaqla ölkənin qərb hissəsinə BMT-nin dəstəklədiyi Milli Birlik Hökuməti nəzarət edir, şərq hissəsinə isə Xəlifə Həftar və onun Liviya Milli Ordusu nəzarət edir.

Türkiyə, ABŞ, bir sıra digər ölkələr Rusiyanı Liviyadakı münaqişəyə müdaxilədə, bundan ötrü "Vaqner" özəl hərbi şirkətinin qüvvələrindən yararlanmaqda ittiham ediblər.

Çexiyada on minlərlə insan prezidentə dəstək mitinqinə çıxıb

Praqada mitinq
Praqada mitinq

Bazar günü – fevralın 1-də Çexiyanın paytaxtı Praqada və ölkənin digər şəhərlərdə on minlərlə insan prezident Petr Pavelə dəstək üçün küçələrə çıxıb.

Aksiyalar "Demokratiya naminə milyon an" vətəndaş təşəbbüsünün çağırışı ilə keçirilib. Praqada nümayişçilər şəhərin mərkəzi Staromestska və Vatslav meydanlarına toplaşıblar. Təşkilatçılar mitinqdə 80-90 min insanın iştirak etdiyini bildirir, bu isə son illərin ən böyük aksiyalarından biridir. Nümayişçilər "Tək deyilik!", digər şüarlar səsləndiriblər. Onlar Çexiyanın, Aİ və Ukraynanın bayraqlarını qaldırıblar.

Etirazlara prezident Petr Pavel ilə milyarder Andrey Babişin sağ-populist hökuməti arasında münaqişənin kəskinləşməsi səbəb olub.

Prezident "Avtomobilçilər özləri üçün" partiyasının fəxri sədri Filip Tureki ətraf mühit naziri təyin etməkdən imtina edib. O, qərarını Turekin daha öncə demokratik dövlətdə nazir vəzifəsinə uyğun gəlməyən açıqlamaları ilə izah edib.

Pavel xarici işlər naziri, Turekin partiya yoldaşı Petr Matsinkanı bu təyinatla bağlı ona təzyiq göstərməkdə, faktiki şantaj etməkdə suçlayıb. Avropayönlü partiyaların hazırda müxalifətdə olan təmsilçiləri prezidentə dəstək bildirib.

64 yaşlı Pavel NATO-nun keçmiş generalıdır, 2023-cü ilin martından Çexiya prezidentidir. Müxalifət fevralın 3-də hökumətə etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır, hökuməti prezidentə təzyiq göstərməkdə ittiham edir.

Amma bu təşəbbüsün uğur qazanma ehtimalı aşağıdır. Hakim koalisiya Deputatlar Palatasında 200 yerdən 108-nə sahibdir və sabit çoxluğu saxlayır. Koalisiyaya Babişin ANO partiyası, "Avtomobilçilər" və ultra-sağçı "Azadlıq və birbaşa demokratiya" partiyası daxildir. Babiş prezidentlə mübahisədə birbaşa iştirak etmir, amma Matsinkanı vəzifədən azad etməyi nəzərdən keçirmədiyini açıq bildirib. Xarici işlər nazirinin vəzifədən çıxarılmasını prezident tərəfdarları tələb edir.

İrana hücum ehtimalı nefti bahalandırır

Fars körfəzindəki "Soruş" neft platforması
Fars körfəzindəki "Soruş" neft platforması

Yanvarın 29-da Asiya bazarlarında neft 1.5 faizdən çox bahalanıb. Bu, ABŞ-nin İrana mümkün hücumu ilə bağlı narahatlıqların artması fonunda baş verir. İran Yaxın Şərqdə əsas neft istehsalçılarından biridir.

"Brent" markalı neftin füçersləri 1.5 faiz bahalaşaraq bir bareli 69.39 dollara yüksəlib.

ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə 1.06 dollar və ya 1.7 faiz artaraq 64.27 dollara çatıb.

ABŞ prezidenti Donald Trampın İranı nüvə proqramını dayandırması üçün hərbi zərbə ilə hədələyib, ABŞ-yə məxsus hərbi-dəniz qrupu regiona gəlib.

İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) gündəlik 3.2 milyon barel hasilatla dördüncü ən böyük istehsalçıdır.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də xam neft ehtiyatlarının qəfil azalması da qiymətləri dəstəkləyib. Ötən həftə ABŞ-nin xam neft ehtiyatları 2.3 milyon barel azalaraq 423.8 milyon barelə düşüb.

Bəzi təhlilçilər geosiyasi risklərin qarşıdakı aylarda qiymətləri daha da yüksələcəyini proqnozlaşdırır.

"Citi" təhlilçilərinin fikrincə, geosiyasi eskalasiyanın davam etməsi "Brent" markalı neftin barelini 72 dollaradək yüksəldə bilər.

Aİ Ermənistana 20 milyonluq yardım paketinə razılıq verir

Avropa İttifaqı Şurası binasında Aİ və Ermənistan bayraqları
Avropa İttifaqı Şurası binasında Aİ və Ermənistan bayraqları

Avropa İttifaqının (Aİ) səfirləri Ermənistana "ölümcül olmayan" hərbi yardım üçün 20 milyon avroluq paketi təsdiqləyiblər.

AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak paketin Ermənistan Silahlı Qüvvələri üçün tibbi avadanlıqları əhatələdiyini xəbər verir.

Paket ötən ilin yazında təklif edilmişdi. Amma Macarıstan onun təsdiqlənməsini bloklamışdı. Azərbaycan ilə yaxın münasibətləri olan Viktor Orban hökuməti Bakıya da oxşar təklifin irəli sürülməsini vacib saymışdı. Amma Budapeşt dekabrda vetonu qaldıracağını bildirmişdi.

Bu paket Aİ-nin Avropa Sülh Fondu (EPF) çərçivəsində indiyədək Ermənistana təqdim etdiyi ən böyük yardım paketidir. EPF beş il öncə yaradılıb, Brüssel onun vasitəsilə üçüncü ölkələrə hərbi təlim missiyalarını və hərbi avadanlıq ixracını maliyyələşdirir.

Ermənistan 2024-cü ildə EPF-dən ilk dəfə 10 milyon avroluq maliyyə alıb. Brüssel iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkəyə dəstəyi artırmaq niyyətindədir. Aİ-nin mövqeyincə, Rusiya Yerevanın qərbyönlü kursunu dəyişmək üçün ona təzyiq göstərəcək.

Rusiyada bir ildə miqrant uşaqların sayı 25 faiz azalıb

Rusiyada miqrant uşaqların 87 faizi məktəblərə qəbul ola bilməyib
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Rusiyada bir il ərzində xarici vətəndaş olan yetkinlik yaşına çatmayanların sayı təxminən 25 faiz azalıb. Açıqlamanı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi İrina Volk verib.

Volk detalları açıqlamayıb. Son bir neçə ildə Rusiyada miqrasiya qanunvericiliyi sərtləşdirilib. Miqrant uşaqların rus dili imtahanı vermədən məktəblərə qəbulu yasaqlanıb, valideynlər Rusiya ərazisində qanuni qaldıqlarını təsdiqləməyə məcbur edilib. Nəticədə ötən ilin sentyabrında xarici vətəndaşların uşaqlarının 87.5 faizi məktəblərə qəbul ola bilməyib.

DİN təmsilçisi xatırladıb ki, 2026-cı il yanvarın 28-dən nazirlik ilə təhsil qurumları arasında xarici uşaqlarla bağlı məlumat mübadiləsi üzrə qanun qüvvəyə minir. Dediyinə görə, bu yenilik yetkinlik yaşına çatmayan əcnəbilərin Rusiyada qalmasına nəzarət məqsədi daşıyır. Gələcəkdə bu məlumatlar əcnəbinin rəqəmsal profilinə daxil ediləcək.

"DumaBinqo" layihəsi hesablayıb ki, 2021-ci ildən bəri Dövlət Duması 73 antimiqrasiya qanun layihəsinə baxıb. Onlardan 38-i 2024-cü ildə "Krokus"dakı terror aktından sonra müzakirə olunub. Əsas qanunlardan biri Rusiyada miqrasiya qanunvericiliyini pozan bütün xarici vətəndaşların salındığı, nəzarət olunan şəxslər reyestri olub. Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2025-ci ilin oktyabrında DİN-in məlumatlarına istinadla deyib ki, sentyabrın 1-dək bu reyestrdə 770 min miqrant olub, onların üçdə birini qadınlar və uşaqlar təşkil edib.

FSB-yə interneti söndürmək hüququ veriləcək

Mobil internet
Mobil internet

Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinin (FSB) rabitəni məhdudlaşdırmaq səlahiyyətlərini genişləndirən qanun layihəsini birinci oxunuşda qəbul edib. "Rabitə haqqında" qanuna dəyişikliklər parlamentə noyabrda təqdim edilib. Layihədə FSB-yə təhlükəsizliyin təmin edilməsi məqsədilə təkcə mobil rabitənin deyil, stasionar interneti də söndürmək səlahiyyəti verilir. Rabitə operatorları isə bu halda abonentlər qarşısında maddi məsuliyyətdən azad edilir.

Sənədin izahat hissəsində deyilir ki, qanun layihəsi Rusiya FSB-sinin fəaliyyət istiqamətləri üzrə təhlükəsizliyin təmin edilməsi, terrorçuluqla mübarizədə münasibətlərin tənzimlənməsinə yönəlib. Nəzərdə tutulan tədbirlərin sosial-iqtisadi, maliyyə və digər mənfi nəticələrə, eləcə də biznesə hər hansı zərər vurmayacağı bildirilir.

Sənədin ilkin müzakirəsi zamanı rəqəmsal inkişaf nazirinin müavini İvan Lebedev bildirib ki, bu dəyişikliklərə ehtiyac rabitə operatorlarına qarşı çoxsaylı məhkəmə iddialarından yaranıb. O, dron hücumları zamanı mobil rabitənin işini məhdudlaşdırmağın vacibliyini də vurğulayıb.

Rusiyada dron hücumları fonunda mobil internet vaxtaşırı məhdudlaşdırılır. Təkcə regionlarda deyil, Moskva və Sankt-Peterburq da daxil, iri şəhərlərdə də fasilələr qeydə alınır. Hakimiyyət orqanları bunu prezidentin səfərləri və Qələbə Günü paradının məşqləri zamanı təhlükəsizliyin təmin olunması ilə izah edir.

Daha öncə oxşar məhdudiyyətlər taksi xidmətlərinin, çatdırılma sistemlərinin, onlayn bankların işində problemlərə səbəb olub, şirkətlərin narazılığına yol açıb.

Zelenski Gürcüstana səfir təyin edib

Gürcüstanda Ukrayna səfirliyi
Gürcüstanda Ukrayna səfirliyi

Ukrayna prezidenti Volodimir Zelenski diplomat Mixail Brodoviçi Gürcüstana səfiri təyin edib. Bu vəzifə 2022-ci ildən boş idi.

M.Brodoviç 1990-cı illərdən Xarici İşlər Nazirliyində çalışır. 2015-2022-ci illərdə o, Ukraynanın Sloveniyadakı səfiri olub.

Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonra Kiyevlə Tbilisinin münasibətlərinin pisləşməsi "Gürcü Arzusu"nun mövqeyi ilə əlaqələndirilir.

2022-ci ilin martında Zelenski Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovu geri çağırıb, iyunda onu vəzifədən azad edib.

2024-cü ilin sentyabrında Ukrayna Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırıb. XİN bunu "səbəblər kompleksi" ilə izah edib.

Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili 2023-cü ildə Kiyevi tərk edib. Onda Zelenski bildirib ki, Rusiya Gürcüstan hakimiyyətinin əli ilə Ukrayna vətəndaşı Mixail Saakaşvilini öldürür. Gürcüstan səfirinə isə məsləhətləşmələr üçün Tbilisiyə qayıtmağı təklif edib.

AŞPA bürosu Rusiya müxalifəti üçün platformanı təsdiqləyib

AŞPA
AŞPA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Rusiya demokratik qüvvələrinin platformasının tərkibini təsdiqləyib. Bu platforma avropalı parlament üzvləri ilə dialoq aparacaq.

Platformanın tərkibinə 10 nəfər salınıb. Vəkil, Dövlət Dumasının keçmiş deputatı Mark Feyqin, müxalifət siyasətçiləri Vladimir Kara-Murza Mixail Xodorkovski, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov, "Memorial" hüquq müdafiə mərkəzinin həmsədri Oleq Orlov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş əməkdaşı Lyubov Sobol platformada yer alıb.

Platformaya Rusiyanın yerli xalqlarını təmsil edən beş nəfər də daxil edilib.

Quruma AŞPA prezidenti Teodoros Rusopulos rəhbərlik edəcək. Almaniya, İspaniya, Macarıstan, Rumıniya və Kiprdən təmsilçilər strukturun işinə qatılacaq.

AŞPA 2025-ci ilin oktyabrın əvvəlində Rusiya demokratik qüvvələri ilə dialoq üçün platformanın yaradılması haqqında qətnamə qəbul edib. Qətnamədə deyilir ki, AŞPA Rusiya müxalif və vətəndaş təşəbbüsləri ilə təmasları "pərakəndə formatlardan strukturlaşdırılmış dialoqa" keçirir.

Platformada iştirak üçün meyarlardan biri 2023-cü ildə Rusiyadan olan müxalifətçi və fəalların qəbul etdiyi "Berlin bəyannaməsi"ni imzalamaqdır. FBK bu sənədi imzalamayıb, onun manipulyasiya aləti olduğunu bildirib.

Qətnamənin qəbulundan sonra FBK-nın siyasi layihələr üzrə rəhbəri Leonid Volkov AŞPA-nı tənqid edib. O bildirib ki, "AŞPA-nın əhəmiyyəti xeyli azalıb, lakin bəzi həmkarlara elə gəlir ki, Assambleya yenə vacibdir".

"Kimsə hesab edə bilər ki, AŞPA-da dinləmələr vasitəsilə nəyəsə nail olmaq olar. Kimsə hər hansı vəsiqə, formal status almağı, vizit kartında nəsə yazmağı çox istəyir", – Volkov yazıb.

Tramp Minneapolisdəki atışma ilə bağlı hər şeyi nəzərdən keçirdiyini deyir

Minneapolisdə federal agentlər etirazçılara tərəf qaçır və gözyaşardıcı qaz atırlar.
Minneapolisdə federal agentlər etirazçılara tərəf qaçır və gözyaşardıcı qaz atırlar.

Tramp administrasiyası Minneapolisdəki ölümcül atışma ilə bağlı "hər şeyi nəzərdən keçirir və qərar açıqlanacaq". Bunu prezident Donald Tramp yanvarın 25-də "The Wall Street Journal"a müsahibədə deyib.

Prezident immiqrasiya əməkdaşlarının Minneapolisdən çıxarılmasını nəzərdən keçirəcəyini də bildirib.

"Bir məqamda çıxacağıq. Yaxşı işlər görmüşük, onlar da fenomenal iş görüblər. Orada maliyyə fırıldaqları üzrə fərqli adamlar təyin edəcəyik", – Tramp deyib, amma agentlərin nə vaxt gedəcəyi ilə bağlı qrafik açıqlamayıb.

Yanvarın 24-də Minneapolisdə Aleks Pretti adlı şəxs öldürülüb. Bu, yanvarda federal immiqrasiya əməkdaşlarının törətdiyi ikinci belə qətldir.

Tramp administrasiyası Prettinin əməkdaşlara hücum etdiyini, onların özünümüdafiə üçün atəş açmağa məcbur qaldıqlarını bildirib. Amma videogörüntülərdə Prettini bir qrup əməkdaşın saxladığı, ona dəfələrlə atəş açıldığı görünür.

Yanvarın əvvəlində immiqrasiya əməkdaşları 37 yaşlı, üç uşaq anası Rene Qudu güllələyərək qətlə yetirib. Son insidentin immiqrasiya polisinin reydi zamanı baş verdiyi bildirilir. Şahidlərin dediyinə görə, Aleks "qeyri-leqal" əcnəbinin saxlanmasını telefona çəkərkən onu yerə yıxıblar, kürəyindən altı güllə açıblar.

Ötən ilin dekabrından Daxili Təhlükəsizlik Nazirliyi Minnesotada qanunsuz mühacirlərin saxlanması üzrə irimiqyaslı əməliyyat keçirir. Prezident Trampın göstərişi ilə ştata 3 minə yaxın federal agent göndərilib. Minnesota sakinləri onların ştatda olmasına etiraz edirlər.

Fransa Ukraynaya 500 kilometri vuran dronlar göndərib

Kəşfiyyat dronu daşıyan Ukrayna əsgəri
Kəşfiyyat dronu daşıyan Ukrayna əsgəri

Fransanın "EOS Technologie" şirkəti Ukraynaya bir neçə "Rodeur 330" zərbə dronu çatdırıb. Bu dronların uçuş məsafəsi 500 km-ə qədərdir, havada 5 saat qala bilərlər.

Xəbəri "France Presse" agentliyi "France 24"ə istinadla yayıb.

Şirkətin rəhbəri Jan-Mark Zuliani deyib ki, Ukraynaya dron verməklə Qərb istehsalçıları onları sahədə sınaqdan keçirmək imkanı qazanır. Onun dediyinə görə, ukraynalılar müharibənin gedişatında "dünyada misilsiz təcrübə qazanıblar".

İstehsalçı şirkətin məlumatına görə, "Rodeur 330"un sürəti 120 km/saata qədərdir, 5 min metr hündürlüyə qalxa bilir.

Ukrayna hökuməti daha öncə bildirib ki, ölkədə 500 km-dən də uzağa uça bilən dronlar hazırlanır və istehsal edilir. Bu dronlar Rusiyanın dərinliklərini vurmaq üçün də istifadə olunub. Qərb müttəfiqlərindən alınan silahlar arasında "Rodeur 330" ən uzaqvuran dronlardandır.

Ukraynaya əvvəllər verilmiş ATACMS, "Storm Shadow" raketlərinin uçuş məsafəsi 500 km-dən azdır.

Davamı

XS
SM
MD
LG