Rusiya və İran Xəzərdən yükdaşımaları artırır. 'Xəlvəti və təhlükəsiz marşrutdur'

Sizin brauzer HTML5-i dəstəkləmir

Xəzər dağıdıcı müharibə meydanına çevrilə bilərmi?

Xəzər dənizi Rusiya və İranın hərbi əməkdaşlığında potensial mühüm logistika dəhlizinə çevrilir. İki ölkə Qərbin hərbi-dəniz qüvvələrinin təsirindən kənarda yük daşınması imkanlarını genişləndirməyə çalışır.

Bu dəhliz Moskva və Tehrana qapalı dəniz vasitəsilə böyük həcmdə yük mübadiləsi imkanı verə bilər.

“NBC News” bu həftə bildirib ki, əldə etdiyi bir sənəd Rusiyanın artıq Xəzər dənizindən İrana hərbi təyinatlı təchizat göndərmək üçün istifadə etdiyini göstərir. Media orqanı sənədi bir Qərb rəsmisi ilə dəqiqləşdirdiyini əlavə edib.

Qarşılıqlı yükdaşımalar artacaq

ABŞ Milli Təhlükəsizlik Şurasının müdafiə siyasəti və strategiyası üzrə keçmiş baş direktoru Barri Pavel hesab edir ki, bu dəhliz daha çox diqqətə layiqdir, çünki Moskva və Tehran müharibə, beynəlxalq sanksiyalar şəraitində əməkdaşlığı dərinləşdirir.

“Bu iki ölkə bir-birinə daha da yaxınlaşdıqca, bu dəhlizdə hərəkətin və qarşılıqlı yükdaşımaların artacağını gözləmək lazımdır – İran Rusiyaya nə göndərir, yaxud əksinə”, – Pavel AzadlıqRadiosuna bildirib.

“Saratoga Foundation” təşkilatının prezidenti Qlen Hovardın fikrincə, Xəzər həm Rusiya, həm də İran üçün “hər iki istiqamətə işləyən, təbii və təhlükəsiz həyati təchizat xəttidir”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qara dənizdə maaşı verilməyən azərbaycanlılar: '3 dronun altından çıxdıq'

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Rusiya ilə İranın bu təchizat xəttini seçməsinin səbəbi onun kənar təsirdən uzaqlığıdır.

Rusiyanın Ukraynaya qarşı artıq beşinci ildir işğalçı müharibə aparır və İran Moskvanın əsas təchizatçılarından biridir, Rusiyaya dronlar, hərbi texnologiyalar verib. İran Rusiyaya “Şahid” dronlarının istehsal imkanlarını, “Alabuqa” Xüsusi İqtisadi Zonasında istehsalı inkişaf etdirməyə də yardım göstərib.

Sirli yüklər

Xəzər dənizi ilə daşınan yüklərin tərkibi bilinmir, hərbi, yaxud xammal olduğunu müəyyənləşdirmək çətindir. Axı, bu marşrutla iki ölkə arasında taxıl və digər malları da daşınır.

“Həmin yüklərin nə olduğunu bilmirik. Amma bilirik ki, bu marşrut mövcuddur və burada intensiv hərəkət var”, – Hovard söyləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Kremlin yoxa çıxan təsiri: Azərbaycan Ukraynanı niyə açıq müdafiə edir?

ABŞ administrasiyasının AzadlıqRadiosuna danışan yüksək vəzifəliləri məsələ həssas olduğundan adlarının açıqlanmasını istəmirlər. Onların dediyinə görə, Vaşinqton Rusiya ilə İranın daha geniş hərbi və logistika əməkdaşlığını yaxından izləyir.

Rəsmilər kəşfiyyat məlumatlarını və konkret yüklərin müzakirəsindən imtina ediblər. Onlar Ukraynanın Xəzərdəki əməliyyatlarına kənardan yardım göstərilməsinə dair ehtimalları da təsdiqləməyiblər. Rəsmilər xəbərdarlıq ediblər ki, Xəzərin qapalı dəniz olması, açıq məlumatların məhdudluğu yüklərin tərkibini və məqsədini müəyyənləşdirməyi çətinləşdirir.

Amma onlar məsələnin ABŞ siyasətçiləri üçün getdikcə daha böyük əhəmiyyət daşıdığını söyləyiblər. Söhbət Rusiya, İran və onların digər tərəfdaşlarının sanksiyalara, dənizdə təzyiqlərə qarşı daha dayanıqlı təchizat şəbəkələri yaratmasından gedir.

“Böyük həcmdə yükü daha sakit şəkildə göndərə bilərsiniz”

Burada coğrafi mövqe də vacibdir. Vaxtilə “Suriya Ekspresi” adlandırılan marşrut Bəşər Əsəd hökumətini Aralıq dənizi və Bosfor boğazı vasitəsilə təchiz edirdi. Xəzərin isə dünya okeanına birbaşa çıxışı yoxdur.

Rusiyada yük Olya və ya Həştərxan limanlarında gəmilərə yüklənərək Xəzər dənizi ilə daşına bilər. Bu isə marşrutu böyük həcmli yüklərin, həm də gözə çarpmadan daşınması üçün əlverişli edir.

“Daha böyük həcmdə yükü daha sakit şəkildə göndərə bilərsiniz. Xəlvəti və təhlükəsiz marşrutdur”, – Hovard bildirib.

O, ABŞ Hərbi Dəniz Qüvvələri Xəzərə girə bilmədiyini əlavə edib.

Amma Xəzər Ukraynanın zərbə imkanlarından tamamilə kənarda qalmır.

Ukraynanın Rusiyaya uzaqmənzilli zərbələri Xəzərin şimalındakı, o cümlədən Dağıstandakı infrastruktura getdikcə daha çox təsir göstərir. Ötən ay Kiyev İranın kommersiya gəmisini vurub, bir iranlı dənizçi həlak olub. Bundan sonra Tehran kompensasiya tələb edib, cavab tədbirləri ilə hədələyib.