Rusiya Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri ərəfəsində baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün gizli fəaliyyətlərini genişləndirib. "Reuters" agentliyi Qərb kəşfiyyat orqanlarına və hökumət rəsmilərinə istinadən xəbər verir ki, Moskva rusiyapərəst namizədlərin xeyrinə geniş dezinformasiya kampaniyaları aparmağı və on minlərlə Rusiya ermənisini səsvermədə iştirak etmək üçün Ermənistana daşımağı planlaşdırıb.
Hazırda rəy sorğularında liderliyini qoruyan Paşinyan son illərdə ölkəsini Avropa və NATO ilə yaxınlaşdırmağa çalışır. ABŞ prezidenti Donald Tramp da ona seçkiöncəsi dəstəyini ifadə edib. ABŞ dövlət katibi Marko Rubionun bu həftə Yerevana səfəri zamanı faydalı qazıntılar sahəsində saziş və "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) üzrə mühüm razılaşma imzalanıb. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək bu nəqliyyat dəhlizi Rusiyanın regiondakı təsirini daha da zəiflədə bilər.
100 min seçicinin daşınması
Mənbələrin məlumatına görə, Ermənistandakı təsir əməliyyatlarına Kremlin 2024-cü ilin oktyabrında yaratdığı Strateji Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsi rəhbərlik edir. Beş ayrı mənbə Rusiya rəsmilərinin son aylarda Rusiyada yaşayan erməniləri Paşinyanın rəqiblərinə səs vermək üçün Ermənistana gətirmək məsələsini müzakirə etdiklərini bildirib. Ermənistan qanunvericiliyinə görə, ermənilərin xaricdə səs verməsinə icazə verilmədiyi üçün onların mütləq ölkəyə daşınması tələb olunur. Üç mənbənin verdiyi xəbərə görə, Rusiya hakimiyyəti 100 min seçicinin ölkəyə gətirilməsinin təxminən 50 milyon dollara başa gələcəyini hesablayıb. Hətta mayın ortalarına qədər Kreml regionlar üzrə göndərilməli olan ermənilərin kvotalarını müəyyən edib və hazırlıq barədə hesabat tələb edib. "Reuters" bu planın faktiki icra olunub-olunmadığını təsdiqləyə bilməyib.
Qərb rəsmiləri Kremlin Karapetyanı dəstəklədiyini düşünür
Rəy sorğuları Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyasının təxminən 30 faiz səslə birinci olacağını göstərir. Rusiyalı erməni milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyası isə təxminən 6 faiz səslə ikinci yerdə qərarlaşıb. Qərb rəsmilərindən üçünün bildirdiyinə görə, Kreml seçkilərdə məhz Karapetyanı dəstəkləyir. O, Ermənistanda hakimiyyəti devirməyə çağırış ittihamı ilə mühakimə olunur. Həm Ermənistan, həm də Rusiya vətəndaşlığı olan Karapetyanın vəkili Robert Amsterdam isə "Reuters"ə müvəkkilinin Rusiyanın hər hansı dəstəyindən xəbərsiz olduğunu deyib.
Paralel olaraq, Moskva son vaxtlar Yerevana iqtisadi təzyiqləri də gücləndirib. Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər qoyulub. Rusiya həmçinin Ermənistana təbii qazın güzəştli qiymətlərlə satışına dair müqaviləni ləğv edə biləcəyi ilə hədələyir.