Rusiya Ermənistandan gətirilən 70 min şüşə içkinin satışını dayandırıb

Mineral su

Rusiyanın "Çestnıy znak" markalanma sisteminin operatoru Ermənistandan gətirilən 70 mindən çox şüşə içkinin satışını dayandırıb. Məlumatı "Vedomosti" qəzeti şirkətin mətbuat xidmətinə istinadla yayıb.

Məhdudiyyətlər bu məhsulların "Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün mümkün təhlükə yaratması" ilə izah edilib.

Qərara əsasən, "Bjni" markalı müalicəvi-süfrə mineral suyunun, "Prosto Azbuka" markalı təbii içməli suyun və "Moxito" markalı alkoqolsuz qazlı içkilərin müəyyən partiyalarının satışı dayandırılıb.

Bundan əvvəl "Çestnıy znak" Ermənistanda istehsal olunan "Cermuk" qazlı mineral suyunun da satışını bloklamışdı. Həmin vaxt Rusiyada dövriyyədə "Jermuk Group" şirkətinə məxsus 338 min şüşə suyun olduğu açıqlanmışdı.

Rusiya bu məhdudiyyətləri Yerevanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmaq barədə bəyanatları fonunda, parlament seçkiləri ərəfəsində tətbiq etməyə başlayıb. Moskva Ermənistana təbii qaz, neft məhsulları və almazların rüsumsuz tədarükü ilə bağlı sazişin dayandırıla və ya ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib.

İyulun sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən Ermənistan məhsullarının Rusiya bazarına idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün tədbirlər görməsini xahiş edib. O bildirib ki, Rusiya hakimiyyətinin qərarları iki ölkə arasındakı müqavilə-hüquq bazasına və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir.

Kreml isə bəyan edib ki, Putin Paşinyanla söhbət zamanı Ermənistanda Aİ-yə üzvlük və ya Aİİ-də qalmaq məsələsi ilə bağlı ümumxalq referendumunun mümkün qədər tez keçirilməsinin vacibliyini vurğulayıb.

Paşinyan isə deyib ki, belə bir referendum yalnız Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciət etdikdən sonra mümkün ola bilər.