Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ordusunun işğalı altında olan Ukrayna ərazilərində seçki keçirdiyinə görə Moskvaya qarşı sanksiyaları açıqlayıb.
Bəyanatda bildirilir ki, Aİ qondarma seçkilərin qanunsuz təşkilini pisləyir. Kallasın sözlərinə görə, bu, "Rusiyanın beynəlxalq hüququ, o cümlədən BMT Nizamnaməsini, eləcə də Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü növbəti dəfə kobud şəkildə pozmasıdır".
"Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində bu saxta seçkilərin təşkilində və ya namizədlərin irəli sürülməsində iştirak edən şəxslər, eləcə də Rusiyada azad və ədalətli seçkilərin keçirilməsi imkanlarını sarsıtmağa görə məsuliyyət daşıyanlar sanksiyalara məruz qalacaqlar", – Kallas bildirib.
Aİ Rusiyanı Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və suverenliyinə hörmət etməyə çağırıb. Qurum bildirib ki, Kiyevin nəzarətində olmayan ərazilərdə keçirilən seçkiləri heç vaxt tanımayacaq.
Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə, "Vahid Rusiya" partiyası 450 deputat mandatından 355-ni qazanaraq konstitusion çoxluq əldə edəcək. Bu, "Vahid Rusiya"nın tarixində ən böyük parlament fraksiyası olacaq.
Kallas deyib ki, bu seçkilər "Rusiyada demokratiyanın davamlı olaraq daha da dərinləşən aşınmasını" bir daha nümayiş etdirib. Onun sözlərinə görə, müharibə əleyhinə proqramla çıxış edən "Yabloko" partiyasının federal siyahıdan kənarlaşdırılması rusiyalı seçicilərin seçim imkanlarını daha da məhdudlaşdırıb.
Kallasın fikrincə, Rusiyanın ATƏT müşahidəçilərini bu seçkilərə dəvət etməkdən boyun qaçırması Moskvanın təşkilat qarşısında götürdüyü öhdəliklərə etinasız yanaşdığının bariz göstəricisidir. Bununla da rusiyalı seçicilər və beynəlxalq qurumlar seçkiləri qərəzsiz və müstəqil qiymətləndirmək imkanından məhrum ediliblər.
Vladivostokda səsvermə
'Vahid Rusiya' Dumada 450 yerdən 355-ə yaxınını qazanır
Seçkilərin ilkin nəticələrinə görə, "Vahid Rusiya" partiyası doqquzuncu çağırış Dövlət Dumasındakı 450 yerdən təxminən 355-ni qazanacaq. "Radio Svoboda" yazır ki, partiyanın yekun nəticəsi 348-356 mandat arasında dəyişə bilər. Bu, "Vahid Rusiya"nın tarixində ən böyük fraksiya olacaq. Əvvəlki rekord 2016-cı ildə qeydə alınmışdı: o zaman partiya 343 yer qazanmışdı.
Parlamentdə konstitusion çoxluq üçün 301 mandat tələb olunur.
Federal partiya siyahıları üzrə protokolların 95.18 faizi emal edilib və "Vahid Rusiya"nın səslərin 57.83 faizini topladığı açıqlanıb. Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) 13.81 faiz, Rusiya Liberal Demokrat Partiyası (RLDP) 8.98 faiz, "Yeni insanlar" isə 7.96 faiz səs qazanır. Bu dörd partiya 5 faizlik seçki baryerini aşır. 4.96 faiz səs toplayan "Ədalətli Rusiya" isə hələlik bu həddi keçə bilmir. MSK sədri Ella Pamfilovanın sözlərinə görə, partiyanın Dövlət Dumasına düşmək şansı yüksəkdir.
"Vahid Rusiya"nın Dumadakı yerlərinin böyük hissəsi həm də birmandatlı dairələrdəki nəticələr hesabına təmin olunur. Partiyanın namizədləri 225 dairənin 209-da liderdir. RFKP beş, "Ədalətli Rusiya" və müstəqil namizədlərin hər biri dörd, RLDP iki, "Rodina" isə bir mandat qazanır.
Rusiya ATƏT müşahidəçilərini də seçkilərə dəvət etməyib. ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampyetro müstəqil beynəlxalq müşahidənin aparılmamasını Rusiyanın öz öhdəliklərini pozması kimi qiymətləndirib.
"Seçkilər 2026 – birlikdə müşahidə edirik!" platforması sentyabrın 20-si axşam saatlarınadək seçki komissiyalarına 900-dən çox şikayət daxil olduğunu bildirib. Onların üçdə biri müşahidəçilərin hüquqları ilə bağlı olub. Rusiya Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi isə seçkilərin gedişatına təsir göstərə biləcək ciddi pozuntuların qeydə alınmadığını açıqlayıb.
Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək, üç gün ərzində keçirilib. Eyni zamanda, bir sıra sərhədyanı vilayətlərə səsverməni daha erkən tarixlərdə təşkil etməyə icazə verilib. Həmin günlərdə bir çox regionda yerli hakimiyyət orqanlarına da seçkilər baş tutub. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçkilərdə ilkin fəallıq 56.66 faiz təşkil edib.
"Yabloko" seçkiyə buraxılmayıb
Bu, Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan Dövlət Dumasına ilk seçkilər idi. Seçicilər Ukraynada müharibənin dayandırılmasını və siyasi məhbusların azadlığa buraxılmasını açıq şəkildə tələb edən yeganə partiyaya – "Yabloko"ya səs verə bilməyiblər. Ali Məhkəmə "müəllif hüquqlarının pozulması" və "xaricdən maliyyə alınması" ittihamları əsasında "Yabloko"nun seçkilərdə qeydiyyatını ləğv edib. Partiya bu ittihamları əsassız, özünə qarşı təqibləri siyasi hesab edir.
Məhkəmələr "Yabloko"nun birmandatlı dairələr üzrə namizədlərinin təxminən üçdə birini seçkilərdən kənarlaşdırıb. Onlar əsasən "ekstremist simvolların nümayiş etdirilməsi" inzibati maddəsi ilə təqibə məruz qalıblar. Məsələn, Aleksey Navalnının adının keçdiyi məqalənin təkrar paylaşılması və ya "Motörhead" rok qrupunun solisti Lemminin boynunda Prussiya xaçı ilə olan fotosunun illər öncə sosial şəbəkədə yerləşdirilməsi belə "ekstremist simvolların nümayişi" kimi qiymətləndirilib.
Seçkilərdə saxlanmalar və pozuntularla bağlı xəbərlər gəlib. Sentyabrın 20-də günorta saatlarında Moskvadakı bir neçə məntəqədə texniki nasazlıq bəhanəsi ilə seçicilərə kağız bülletenlərin verilməsi dayandırılıb. Onlara gözləmək və ya elektron qaydada səs vermək təklif olunub.
Bir çox regiondan əsasən "Yabloko" və RFKP müşahidəçilərinin məntəqələrə buraxılmaması və saxlanması, "karusel səsverməsi", seçici fəallığı göstəricilərinin saxtalaşdırılması və digər pozuntular barədə məlumatlar daxil olub.