Rusiya Ali Məhkəməsi "Rodina" partiyasının iddiası əsasında "Yabloko" partiyasının Dövlət Dumasına seçkilərdəki federal siyahısının qeydiyyatını ləğv edib. Yeddi saatdan çox çəkən məhkəmə iclası zamanı binanın qarşısına "Yabloko"nu müdafiə etmək üçün yüzlərlə insan toplaşıb.
Məhkəmə zamanı "Rodina" partiyasının nümayəndələri "Yabloko"nu məhkəməyə vermələrinin səbəblərini belə əsaslandırıblar: sosial şəbəkələrdəki təşviqat materiallarının pulunun seçki fondundan ödənilməməsi, şəkillərdən istifadə zamanı müəllif hüquqlarının pozulması və ekstremizm.
Seçkilərdə qeydiyyata alınmış daha bir neçə partiya rəhbəri də bundan əvvəl "Yabloko"nu hədəf almışdı. Onlar partiyanı Ukraynadakı müharibənin dayandırılmasını dəstəklədiyinə görə qeyri-vətənpərvərlikdə günahlandıraraq onun seçkilərdən kənarlaşdırılmasını tələb edirdilər. Hətta hazırkı şəraitdə sülh çağırışlarının faktiki olaraq "neonasist rejiminə dəstək" mənasına gəldiyini iddia edirdilər.
"Yabloko" partiyasının sədri Nikolay Rıbakov qarşı tərəfin ittihamlarını "absurd" adlandırıb və bu addımın ədalətli siyasi rəqabətə kölgə saldığını bildirib. Sədrin sözlərinə görə, iddiaçılar Ali Məhkəməyə "tarixi bir qərar verməyi" – partiyanın qeydiyyatını ləğv edərək milyonlarla rusiyalını siyasi təmsilçilik hüququndan məhrum qoymağı təklif edirlər.
Siyasətçi xatırladıb ki, siyahının qeydiyyata alınması barədə qərarı sənədləri yoxladıqdan sonra MSK qəbul edib: "MSK bütün sənədlərimizi təsdiqləyib, Ədliyyə Nazirliyi isə hesabatlarımızı müntəzəm olaraq yoxlayır. İndi isə "Rodina" partiyası bütün bu görülən işləri alt-üst etmək, ölkədəki seçki prosesini iflasa uğratmaq istəyir".
Məhkəmə zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndəsi üzərində "Xidməti istifadə üçün" qeydi olan sənəd təqdim edib. "Rosfinmonitorinq"in hazırladığı həmin sənəddə partiya üzvlərinin xaricdən pul aldığı iddia olunur.
"Yabloko"nun hüquqşünası Hacı Əliyev "xaricdən maliyyələşmə" barədə iddiaları təkzib edib. Onun izahatına görə, vəsaitlər Rusiya vətəndaşları tərəfindən ianə şəklində köçürülüb, həmin şəxslər isə öz növbəsində bu pulları xaricdən əldə ediblər.
Məhkəmə binasının qarşısına "Yabloko" partiyasının yüzlərlə tərəfdarı toplaşıb. Onlar asfaltın üzərinə tabaşirlə partiyaya dəstək şüarları yazıblar, bəziləri isə əllərində alma və alma şirəsi ilə gəliblər. Məhkəmə iclası başa çatdıqdan sonra toplaşanlar "Rüsvayçılıq!" deyə qışqırıblar.
"Yabloko" Ukraynada atəşkəs sazişinin imzalanmasını dəstəkləyir və Rusiyadakı siyasi repressiyalara qarşı çıxır. N.Rıbakov Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VCIOM) iyulun 2-nə olan rəy sorğusuna istinadən bildirib ki, seçicilərin 18 faizi –20.5 milyon insan səslərini partiyaya verməyə hazır olub.
Xaricdə yaşayan və hakimiyyətin "xarici agent" və ya ekstremist saydığı bir çox müxalifətçi son günlərdə "Yabloko"ya dəstək nümayiş etdirib. Partiya rəhbərliyi isə bu təşviqat kampaniyası ilə heç bir əlaqələrinin olmadığını bildirib.
Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçiriləcək. Rusiyanın Mərkəzi Seçki Komissiyası hələ ki yalnız 11 partiyanın siyahısını qeydiyyata alıb.