Rusiya ABŞ fondunu ‘arzuolunmaz təşkilat’ elan edir

Rusiya Baş Prokurorluğu Vaşinqtonda mənzillənən Jamestown Foundation qlobal araşdırma və təhlil mərkəzini “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

Prokurorluğun 7 aprel tarixli məlumatında deyilir:

"Rusiya Baş Prokurorluğuna göndərilmiş materialların araşdırılmasından sonra Jamestown Foundation qeyri-hökumıət təşkilatının Rusiya Federasiyası ərazisində arzuolunmaz sayılması barədə qərar qəbul edib”.

Jamestown Foundation təşkilatı 1984-cü ildə Sovet İttifaqından siyasi qaçaq düşənlərə dəstək verilməsi üçün yaradılıb.

Təşkilat bildirir ki, hazırda onun missiyası siyasətçiləri Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət kəsb edən hadisə və meyllər barədə məlumatlandırmaqdır.

Buna da bax: Jamestown Moskvanın yenə Azərbaycanda "ləzgi kartı"na əl atdığını yazır

Rusiya Baş Prokurorluğunun bəyanatında deyilir ki, bu təşkilat Şimali Qafqaz regionlarının Rusiyadan ayrılmasını təbliğ edir və etnik separatçılığı qızışdırır.

Prokurorluq bildirir ki, fondun arzuolunmaz təşkilatlar siyasına daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdimat göndərilib.

Rusiyada 2015-ci ildə qəbul edilmiş qanun prokurorlara onların qənaətinə görə Rusiyanın milli maraqlarına təhlükə olan təşkilatları bağlamaq səlahiyyəti verilir.

Sözü gedən qanun xaricdən maliyyə dəstəyi alan və Rusiya daxilində siyasətlə məşğul olan təşkilatlardan “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir.