Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Jamestown Moskvanın yenə Azərbaycanda "ləzgi kartı"na əl atdığını yazır


-


AZƏRBAYCANI LƏZGİLƏRƏ PROBLEM YARATMAQDA İTTİHAM EDİRLƏR

Ötən ay, iyunun 18-də Ləzgilərin Federal Milli-Mədəni Muxtariyyəti Moskvada ilk konfransını keçirib. Görüş Rusiya prezident aparatına məxsus olan Prezident mehmanxanasında keçirilib.

Konfransın siyasi əhəmiyyətini artıran başqa bir fakt isə orada Rusiya Prezident Aparatından Dmitry Grabilin, Xarici İşlər Nazirliyindən Oleg Murashev, Federal Miqrasiya Xidmətindən Boris Vorobyov və Federal Sərhəd Xidmətindən Sergey Mikhalev`in iştirak etməsidir.

Konfransda Azərbaycan və Dağıstanda yaşayan ləzgi və avarların problemləri müzakirə edilib.

ABŞ-dakı “Jamestown Fondu”ndan Valery Dzutsev qurumun saytında yazır ki, Moskvanın ləzgi məsələsini yenidən gündəmə gətirmək niyyəti açıq-aydın hiss olunur. Dağıstanda son siyahıya almanın nəticələrinə görə, 400 min ləzgi və 850 min avar yaşayır. Rəsmi statistikaya görə, Azərbaycanın Dağıstanla sərhəd rayonlarında yaşayan ləzgilərin sayı isə 180 mindir.

Üstəlik, Azərbaycanın bəzi rayonlarında etnik avarlar da var. Ancaq Dağıstandakı avarlar ilə Azərbaycandakı avar köklü – rutul və saxurların bağları elə də güclü deyil. Ləzgilərlə bağlı məsələ isə fərqlidir.

Moskvadakı toplantıda ləzgi fəalı Arif Kerimov Azərbaycan hökumətini ləzgilərin mədəni və sosial durumunu yaxşılaşdırmaq üçün heç bir iş görməməkdə ittiham edib. O, 2010-cu ildə Bakı ilə Moskva arasında imzalanan, Kraxoba və Uryanoba kəndlərinin Azərbaycana verilməsini və orada yaşayanların köçürülməyə məcbur qalmasından da şikayət edib.

Kerimov iddia edib ki, Azərbaycan hökuməti ölkədə yaşayan avarların sayını 50 min göstərsə də, əslində onlar 200 min nəfərdirlər. Amil Sarkarov isə Azərbaycanda 180 min yox, 700 minə yaxıb ləzginin yaşadığını iddia edib.

SADVAL DİRÇƏLDİLİR?

Azərbaycanda terrorçu təşkilat kimi tanınan Sadval Ləzgi separatçı təşkilatı 1990-cu illərin əvvəllərində yetərincə fəallığı və radikallığı ilə seçilib. Sadvalçılar Ermənistan xüsusi xidmətləri ilə əlaqədə 1994-cü ildə Bakı metrosunda terror hadisəsi törətməkdə də ittiham olunublar. Bundan sonra bir sıra Sadvalçılar həbs olunub və Moskvanın dəstəyinin də azalmasıyla təşkilat zəifləyib.

Üstəlik, ləzgi separatçıları ancaq Azərbaycanı hədəfə alsalar da, bəzi başqa ləzgi fəalları Dağıstanın özündə ləzgilərin daha çox sıxışdırıldığını və əriməkdə olduqlarını bildirirlər. Odur ki, indi Sadvalçılar müstəqillik yox, Azərbaycanın ləzgilər yaşayan regionları və Dağıstanın ləzgilər yaşayan hissələrini birləşdirib, yeni inzibati vahidin yaradılmasını istəyirlər.

2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra azərbaycanlı hüquq müdafiəçisi Eldar Zeynalov da xəbərdarlıq eləmişdi ki, Rusiya istədiyi vaxt Azərbaycandakı etnik rəngarənglikdə istifadə edə bilər.

EKSPERT GÖRÜŞÜ ANTİ-AZƏRBAYCAN TƏDBİRİ ADLANDIRIR

Rusiyadakı məşhur İslamçı alim Heydər Camal da iyunda Moskvada keçirilən toplantının Rusiya rəsmiləri tərəfindən təşkilinə diqqət çəkir və onu “anti-Azərbaycan” tədbiri adlandırır. Heydər Camal ləzgi və avarları bu yola uymamağa çağırıb.

“Jamestown”-a danışan erməni eksperti İgor Muradyan isə deyir ki, 2009-cu ildən Rusiya xüsusi xidmətləri Sadval təşkilatının zəifləyən liderlərini daha nüfuzlu və aqressiv siyasətçilərlə dəyişməyə başlayıblar. Muradyan iddia edir ki, əgər Bakı Qarabağda müharibəyə başlasa, ləzgi yaraqlıları Azərbaycandakı hərbi obyektləri hədəf alacaqlar.

Düzdür, Azərbaycanla Ermənistanın münasibətlərini nəzərə alanda, erməni ekspertin bu iddialarına şübhəylə yanaşmaq mümkündür. Ancaq Moskvanın son konfransı təşkil etməsi hansısa planlardan xəbər verir. Moskva milli faktordan əlavə dini faktordan da istifadə edə bilər: sünni olan ləzgiləri əsasən şiə olan azərbaycanlılara qarşı qızışdırmaqla.

Məqlədə o da deyilir ki, Moskvanın Azərbaycandakı münaqişələri qızışdırmaq kimi təbii maraqlarından əlavə, Rusiyada olan yetərincə güclü ləzgi lobbisi də bu məsələdə maraqlı görünür. İyun ayında Rusiya prezidenti yanında etnik məsələlər Şurasına iki ləzgi – Arif Kerimov və Gajimet Safaraliev də təyin edilib. Maraqlıdır ki, sayca ləzgilərdən çox digər Şimali Qafqaz xalqlarından heç bir nümayəndə 50 nəfərlik şuraya düşməyib. Üstəlik 6.5 milyard dollar sərvətiylə Rusiyanın 19-cu varlı şəxsi olan ləzgi iş adamı Suleiman Kerimov da bu lobbini dəstəkləyir.

Məqalədə sonda qeyd olunur ki, hələ ki, ləzgilər özlərinin davranışı açıq şəkildə hansısa planların icrasına başlandığını göstərmir. Çox güman ki, Moskva sadəcə ləzgi kartını yada salmaqla enerjiylə zəngin olan Azərbaycana xəbərdarlıq etmək istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG