ABŞ dövlət katibi Marko Rubio deyir ki, ölkəsi İranın hərbi imkanlarını zəiflətmək yönündə sürətlə irəliləyir, məqsədlərinə aylar deyil, bir neçə həftəyə çatacağını gözləyir. Rubio "ABC News" və "Əl-Cəzirə" telekanallarına iki ayrı müsahibəsində ABŞ prezidenti Donald Trampın diplomatiyaya üstünlük verdiyini vurğulayıb.
"Onların müdafiə sənayesi bazasını, yəni gələcəkdə yeni raketlər və dronlar istehsal etmək potensialını məhv edəcəyik. Bu, regiona böyük təhdid yaradırdı. İndi gördüyünüz İran ən zəif nöqtəsinə çatıb", – Rubio martın 30-da "ABC News"a deyib.
O, sürətlə irəli getdiklərini və qrafiki qabaqladıqlarını bildirib. "ABŞ bunlara bir neçə aya deyil, bir neçə həftəyə nail olacaq", - deyə əlavə edib.
"Fikrimcə, prezidentin qeyd etdiyi ilk məqam diplomatiyaya üstünlük verməsidir. Bu səylər yenidir. Qarşılıqlı mesajlar ötürülür, vasitəçilər daxil olmaqla bəzi söhbətlər aparılır", – Rubio söyləyib.
İranın Hörmüzə nəzarət etməsi "qəbuledilməz" olacaq
İranın Hörmüz boğazına daimi nəzarət etmək, keçid üçün ödəniş tətbiq etməklə bağlı təhdidlərinə cavabında Rubio Vaşinqtonun buna imkan verməyəcəyini deyib.
"Hörmüz üzərində suverenlik təkcə bizim üçün deyil, bütün dünya üçün qəbuledilməz olacaq. Prezidentin əlində bunu önləmək üçün xeyli variant var", – dövlət katibi bildirib.
İranın yeni ali lideri Müctəba Xamenei haqda Rubio deyib ki, "onun hakimiyyətdə olub-olmadığını bilmirik".
"Onu görən, eşidən olmayıb. Hazırda vəziyyət çox qeyri-şəffafdır. İranda qərarların necə verildiyi tam aydın deyil", – Rubio bunu martın 30-da "Əl-Cəzirə"yə deyib.
Avropanın bir sıra ölkələri İranla münaqişəni dəstəkləməkdən imtina edirlər. Rubio Aİ və NATO ölkələrinin bu kritik anda ABŞ-yə xəyanət etdiyinə inanıb-inanmamasına dair suala "bu, çox məyusedici idi" cavabını verib.
"Sabah qoşunlarımızı Avropadan çıxarmaq qərarına gəlsək, bu, NATO-nun sonu olacaq. Onlar bunu bilirlər", – deyə dövlət katibi Avropa müttəfiqlərinə xəbərdarlıq edib.