Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya Qarabağda fəaliyyət göstərmiş separatçı qurumun keçmiş "dövlət naziri" Ruben Vardanyanın müraciətinə cavab verib.
Ombudsman qeyd edib ki, erməniəsilli şəxslərlə, o cümlədən Ruben Vardanyanla ibtidai istintaq dövründə, məhkəmə zamanı və məhkum olunaraq cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra da görüşlər keçirilib, onların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti davamlı monitorinq edilib.
"Başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən R.Vardanyana öz ana dilində hüquqları izah edilmiş, səhhətləri yoxlanılıb, onlara istəklərinə uyğun olaraq müvafiq nəşr vəsaitləri və öz ana dillərində qanunvericilik aktları təqdim edilib", - Ombudsmanın cavabında vurğulanır.
Qeyd olunub ki, həmin şəxslərin etdikləri hər bir müraciətə vaxtında və qanunamüvafiq reaksiyalar verilib: "Adıçəkilən məhkumların cəza çəkdikləri müəssisədə saxlanma şəraitlərinin müasir standartlara cavab verdiyi, ayrı-seçkilik hallarına yol verilmədiyi, beynəlxalq sənədlərdə, milli qanunvericilikdə təsbit olunmuş hüquq və azadlıqlarının, o cümlədən idman növləri ilə məşğul olmaları, gəzinti, asudə vaxtlarının təşkili ilə bağlı hüquqlarının təmin edildiyi başçəkmələr zamanı müşahidə olunur".
Vurğulandığına görə, cəzaçəkmə müəssisələrinə köçürüldükləri zaman hesablarında vəsaitin olmamasına baxmayaraq, ailə üzvləri ilə telefon danışıqları, informasiyaya çatım imkanları məhdudiyyətsiz təmin olunub.
Bildirildiyinə görə, adıçəkilən məhkumların notariat və tibbi xidmətlərlə də bağlı müraciətlərinin də qanunvericiliyə uyğun təmin olunduğu müşahidə edilib.
Sonda da bildirilir ki, həmin şəxslərin Ombudsmana ünvanlanmış əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqları, özləri və vəkillərinin ardıcıl olaraq dövlət qurumlarına müraciətləri ilə bağlı məsələlər təmin olunub.
Ruben Vardanyan nə deyib?
Azərbaycanda 20 il azadlıqdan məhrum edilən, Qarabağda fəaliyyət göstərmiş separatçı qurumun keçmiş "dövlət naziri" R.Vardanyan bugünlərdə S.Əliyevaya müraciət edərək bildirmişdi ki, Umbakı Penitensiar Kompleksində saxlanılan Ermənistan vətəndaşlarının hüquqları pozulur.
Vardanyan vurğulayırdı ki, kompleksdə onunla birlikdə saxlanılan digər 18 Ermənistan vətəndaşından bəzilərinə həftəlik telefon danışığına icazə verilmir, videogörüşlər isə ümumiyyətlə mümkün deyil. Nəticədə bəzi məhbusların üç ilə yaxındır uşaqlarını görmədikləri vurğulanır.
Vardanyanın habelə sözlərinə görə, erməni məhbuslar hətta öz hesablarına belə tibbi müayinələrdən keçə bilmirlər. O, açıq havada gəzinti müddətinin qanunda nəzərdə tutulan gündəlik bir saat əvəzinə həftədə bir dəfə 20–40 dəqiqə ilə məhdudlaşdırıldığını, müraciət və şikayətlərə yazılı cavab verilmədiyini də vurğulayıb.
Müraciətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinin dayandırılmasından (2025-ci ilin sentyabrı) sonra məhbusların ailələri ilə əlaqəsinin kəsildiyini də qeyd edilib. Vardanyanın sözlərinə görə, məhbusların böyük əksəriyyəti ailələrindən bağlama almır. O bildirib ki, bəzilərinin hətta həbsxananın mağazasından ərzaq almaq və telefon danışığı etmək üçün də pulu yoxdur.
R.Vardanyan 2023-cü il sentyabrın 27-də Azərbaycanda saxlanıb. Bu il fevralın 17-də Bakı Hərbi Məhkəməsi Vardanyana sülh və insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində və Cinayət Məcəlləsinin digər maddələri üzrə təqsirli bilərək 20 il azadlıqdan məhrumetmə cəzası verib.
Vardanyanla birlikdə Umbakı Penitensiar Kompleksində Qarabağdakı separatçı qurumun keçmiş rəhbərləri də daxil daha 18 Ermənistan vətəndaşı saxlanılır. Onlar da 2026-cı ilin fevralın 5-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Beş nəfər ömürlük, digərləri isə 15 ildən 20 ilədək həbs cəzası alıb. İstər Vardanyan, istərsə də digərləri məhkəmələrindəki çıxışlarında onlara yönələn ittihamları qəbul etməyərək bəraitlərini istəmişdilər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Vardanyan və digərləri də elə həmin vaxt Azərbaycanda saxlanılıblar. Həmin vaxt Qarabağdakı erməni əhali də Ermənistana köç edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.