Keçid linkləri

2026, 07 Fevral, şənbə, Bakı vaxtı 02:16

Rusiya səfirinə nota verilib

Konstantin Zatulin
Konstantin Zatulin

Fevralın 6-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ona nota təqdim edilib.

Azərbaycan XİN-in açıqlamasına görə, səfir ilə görüşdə fevralın 5-də Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin Bakıda Ermənistan vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar etiraz bildirilib, ona nota təqdim edilib. K.Zatulin MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, hakim "Vahid Rusiya" Partiyasının üzvüdür.

"K.Zatulinin uzun müddətdir Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əleyhinə çıxışlar etməsi ...eləcə də hərbi cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmuş Ermənistan vətəndaşları ilə bağlı məhkəmə qərarlarını təhrif etməyə cəhd göstərməsi və qəbuledilməz ifadələr işlətməsi qətiyyətlə pislənib", - açıqlamada vurğulanır.

Bu açıqlamaya Rusiyanın Azərbaycandakı səfirliyi və Konstantin Zatulindən ayrıca münasibət almaq mümkün olmayıb.

Amma sözügedən bəyanatda fevralın 5-də Azərbaycanda qeyd edilən məhbuslara hökm oxunması qınanıb. Mətndə bu, keçmiş Dağlıq Qarabağ ərazisində yaşamış erməni əhalinin öz müqəddəratını təyin etmək hüququnun pozuntusu kimi qiymətləndirilib. "Bakıdakı qondarma ədliyyə sisteminin ittiham materialları "separatizm", "qanunsuz silahlı müqavimət" və Azərbaycan qanunlarının pozulması barədə gurultulu ritorika ilə doludur, halbuki təqsirləndirilən şəxslər heç vaxt Azərbaycan vətəndaşı olmayıblar. Bu, ədalət yox, qisas idi – bir tamaşa idi, məhkəmə prosesi deyildi...", - bəyanatda yazılıb.

Qarabağın separatçı liderlərinə ağır cəza
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Paraflanan mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Dünən, fevralın 5-də Bakı Hərbi Məhkəməsində hökm oxunan tanınmayan "Dağlıq Qarabağ respublikası"nın keçmiş liderləri və onlarla birlikdə təqsirləndirilən şəxslər, əsasən, 2023-cü ildə tutulublar. Həmin 15 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Onların dördü ömürlük, qalanları isə 20 ildən 15 ilə qədər həbs cəzası alıb. Həmin şəxslər ittihamları qəbul etməyərək son sözlərində bəraət istəmişdilər.

Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan isə ayrılıqda mühakimə edilir. O, təcavüzkar müharibəni planlaşdırma, başlama, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə ittiham edilir. Vardanyan da ittihamları rədd edir.

XS
SM
MD
LG