İran prezidenti Hassan Rohani yüzlərlə insanın qarşıdan gələn parlament seçkisində namizədliyinin qeydiyyatından imtina edilməsindən narazılıq ifadə edib.
O deyib ki, iranlıların “müxtəlifliyə” ehtiyacı var.
Yanvarın 15-də keçirilən hökumət müşavirəsində Rohani “bütün partiya və qruplardan” olanlara parlamentə seçilmək imkanının verilməsinə çağırıb.
O deyib ki, İrana yalnız “bir siyasi qanadla” rəhbərlik edilə bilməz.
İranın qüdrətli Nəzarət Şürası hazırkı 290 mandatlı parlamentin üzvü olanların üçdə birini fevralın 21-də keçiriləcək növbəti məclis seçkisində iştirakdan məhrum edib.
Bundan başqa Daxili İşlər Nazirliyi daha 800 nəfərin namizədliyini ləğv edib.
Buna da bax:
Rohani ‘günahsızlar’ı buraxmağa çağırır
Etemad qəzeti yazır ki, namizədliklərinin qeydiyyatından imtina edilənlərin əksəriyyəti islahatyönlülər və mötədillərdir.
Bütünlükdə İran parlamentinə seçkidə 5000 namizədin iştiraklına icazə verilib.
Bu isə o deməkdir ki, hər bir mandat üçün 17 namizəd mübarizə aparmalı olacaq.
Rohani deyib ki, hər bir mandata 17, 170 və ya 1700 adamın iddialı olması hələ heç nədən xəbər vermir:
"Bu 1700 namizəd neçə partiyanı təmsil edir? Bir partiyanı? Onda buna seçki deyilməz”.