Robert Koçaryan 2 ay müddətinə həbs edilib

Robert Koçaryan

Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. AzadlıqRadiosunun erməni xidməti Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müstəntiqin vəsatətini tam təmin etdiyini xəbər verir.

Xəbərdə deyilir ki, R.Koçaryan gecə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindən xəstəxanaya aparılıb və məhkəmə onun iştirakı olmadan davam edib. Bu barədə jurnalistlərə onun kiçik oğlu Levon Koçaryan məlumat verib. Koçaryanın sözlərinə görə, həkimlər atasının məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün sayıblar.

Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunur.

Sedrak Koçaryan 2 ay müddətinə həbs edilib

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın iki ay müddətinə həbs olunduğu bildirilir. Bu barədə jurnalistlərə vəkil Aleksandr Koçubayev açıqlama verib.

Vəkil deyib ki, Koçaryanın həyat yoldaşı və uşaqları istisna olmaqla, görüş hüquqları da məhduddur.

Robert Koçaryan və oğlu avqustun 25-də saxlanılıblar. Onlara çirkli pulların yuyulması və rüşvətxorluq ittihamları irəli sürülüb .

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin ikinci prezidentə qarşı işi çərçivəsində 6 nəfər həbs edilib. Üçüncü prezident Serj Sarkisyan daxil 10 nəfər vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Robert Koçaryanın vəziyyəti pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun barəsində hələlik, həbs qərarının olmadığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Putinin ən effektiv 'silahı' – Milyarderlər

25.08.2026

Sarkisyana da ittiham irəli sürülüb

Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı cinayət işi çərçivəsində keçmiş prezident Serj Sarkisyana da ittiham irəli sürülüb. Bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.

Serj Sarkisyan vəzifəli şəxsin hakimiyyət və ya qulluq səlahiyyətlərindən sui-istifadə etmə, səlahiyyət həddini aşmada ittiham olunur.

Bundan əvvəl Baş Prokurorluq Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başladığını açıqlayıb.

Daha doqquz şəxs barəsində də cinayət təqibi başlayıb. Onların arasında Robert Koçaryanın oğlu Sedrak Koçaryan, Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, Yerevanın keçmiş meri Qagik Beqlaryan, “Local Developers” MMC-nin iştirakçısı Samvel Mayrapetyan, Kond malikanələri təsərrüfatının direktoru vəzifəsində çalışmış Aramayis Vorskanyan, onun həyat yoldaşı və iki qızı var.

Buna da bax:

Ermənistanda keçmiş deputat seçiciləri ələ almaq ittihamı ilə saxlanılıb

“News.am” yazır ki, bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına ölkənin ikinci prezidenti Robert Koçaryanın və üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarının müsadirə edilməsi ilə bağlı tapşırıq verib.

Koçaryan və oğlu saxlanılıb

Ermənistanın keçmiş presidenti Robert Koçaryan və oğlu Sedrak Koçaryanın saxlandığını bildirir.

Ölkənin Antikorrupsiya Komitəsinin iddiasına görə, keçmiş prezident bir sıra qiymətli daşınmaz əmlak obyektlərini dövlət mülkiyyətindən çıxarıb, bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib. Keçmiş prezidentin bunu yaxın adamları ilə əlbir olaraq, vəzifə səlahiyyətlərindən istifadə etməklə müxtəlif saxta əsaslarla həyata keçirdiyi iddia olunur.

“NEWS.am”ın yaydığı xəbərdə deyilir ki, əmlakın həqiqi sahibinin, onun cinayət yolu ilə əldə edilməsinin gizlədilməsi məqsədilə həmin əmlak bir-biri ilə əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Daha sonra əmlak üzərində tikinti aparılıb və satılıb, üçüncü şəxslərə özgəninkiləşdirilib, əmlaka sahib şirkətlərin payları başqa şəxslərə hədiyyə verilib.

Məlumatda dəyəri onmilyonlarla dram olan ölçülən əmlaklardan söz açılır. Onlardan bəzilərinin keçmiş prezidentin oğlunun adına qeydiyyata salındığı bildirilir.

Cinayət işi çərçivəsində ümumilikdə 6 nəfər saxlanılıb.

Robert Koçaryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.

Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb

Avqustun 25-də səhər tezdən Ermənistanın ikinci prezidenti Robert Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb. Bu barədə Ermənistanın media orqanları məlumat yayıb.

Antikorrupsiya Komitəsi məlumatı təsdiqləyib, Robert Koçaryan və onun oğlu Levon Koçaryanın evlərində axtarış aparıldığını bildirib.

“Ermənistanın Antikorrupsiya Komitəsinin araşdırdığı korrupsiya xarakterli cinayət faktları üzrə cinayət işi çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir”, – komitənin mətbuat katibi Marina Ohancanyan bildirib.

Buna da bax:

Paşinyana qarşı üçlü ittifaq: Karapetyan, Koçaryan və Tsarukyan birləşir

"Ermənistan" fraksiyasının rəhbəri Anna Qriqoryan AzadlıqRadiosunun erməni xidməti "Azatutyan"a bildirib ki, Robert Koçaryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb, lakin digər detallar hələlik, bilinmir. R.Koçaryanın ofisinin rəhbəri bildirib ki, bu səhər istintaq orqanları keçmiş prezidenti Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil veriblər.

Bir gün əvvəl baş nazir Nikol Paşinyan parlamentdə çıxış edərkən “Ermənistan” blokunun deputatı Levon Koçaryanın sualını cavablandırarkən Robert Koçaryanı məhkəməyə verəcəyini bildirmişdi.

“Ailəniz niyə milyonçudur? Bu sərvəti haradan əldə etmisiniz? Demək istəyirsiniz ki, milyonlarınız övladlarınıza miras qalacaq... Mən sizə birbaşa deyirəm ki, bu, baş verməyəcək. Bu, şəxsi məsələ deyil, siyasi məsələdir. Bunun hər bir hissəsi Ermənistan Respublikasına qaytarılmalıdır".

Koçaryan isə cavabında deyib ki, “nəyin kimə qaytarılacağına ölkənin birinci şəxsi yox, məhkəmə qərar verməlidir”.

Ermənistanda 7 iyun parlament seçkilərində Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faiz, milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23.2 faizini, Koçaryanın "Hayastan" alyansı isə 9.9 faizini toplayıb. Digər milyarder Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası 3.9 faiz səs qazanaraq parlamentə düşə bilməyib. Baş nazir Paşinyan demişdi ki, "xalq üçbaşlı mafiyanı diz çökdürməyi və məhv etməyi tələb edir". İyunun 15-də Robert Koçaryanı Ermənistandan buraxmamışdılar.

İyulun 7-də isə məhkəmə müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri, milyarder Qaqik Tsarukyan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. O, irimiqyaslı dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. Tsarukyanın tərəfdarlarına görə, hüquq-mühafizə qurumları baş nazir Paşinyanın şəxsi göstərişi ilə hərəkət edir.