Samvel Karapetyan bir aylıq həbs edilib

Samvel Karapetyan

"Taşir" şirkətlər qrupunun rəhbəri və "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan bir aylıq həbs olunub. Yerevan Antikorrupsiya Məhkəməsi noyabrın 5-də bu barədə qərar çıxarıb.

Milyarder "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin fəaliyyətindəki maliyyə fırıldaqlarında və cinayətlərində ittiham olunur.

Saxlanılanlar arasında şirkətin Direktorlar Şurasının üzvü Vardan Makaryan da var. Tutulanların dəqiq sayı hələlik bilinməsə də, AzadlıqRadiosunun erməni xidməti məhkəməyə ümumilikdə 9 nəfər barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət daxil olduğunu xəbər vermişdi.

Rusiyada fəaliyyət göstərən "Taşir" şirkətlər qrupuna tikinti, energetika və ticarət müəssisələri ilə yanaşı, "Rio" ticarət-əyləncə mərkəzləri şəbəkəsi də daxildir.

"Ermənistan Elektrik Şəbəkələri"nin səhmlərinin təxminən 70 faizi "Taşir Kapital" şirkətinə məxsusdur. Qalan 30 faizlik pay isə Kiprdə qeydiyyatdan keçmiş və Karapetyanla əlaqəli olan "Liormand Holding Limited" şirkətinin əlindədir.

Karapetyan bundan əvvəl də Ermənistanda cinayət təqibinə məruz qalıb. O, vaxtilə hakimiyyətin güclə ələ keçirilməsinə və ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar etməkdə ittiham olunurdu.

Müxalifət üzvləri Samvel Karapetyanın həbsindən sonra onun malikanəsinə toplaşıblar.

4 noyabr

Karapetyanın həbsindən sonra müxalifət qüvvələri 'Əliyevin konstitusiyası'na qarşı birləşir

Noyabrın 4-də Ermənistanda milyarder Samvel Karapetyanın həbsindən sonra ölkənin müxalifət qüvvələri onun evində bir araya gəliblər. Onlar parlamentdəki "Güclü Ermənistan" və "Ermənistan" fraksiyaları ilə birlikdə "Əliyev konstitusiyasının tətbiqi"nə qarşı birləşdiklərini elan ediblər.

AzadlıqRadiosunun erməni xidməti xəbər verir ki, bəyanatı "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan oxuyub. Müxalifət partiyaları "birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülh, milli kimliyin və Erməni Apostol Kilsəsinin qorunması, demokratik azadlıqların və hüquqların bərpası" ətrafında birləşdiklərini bildirirlər.

Bəyanatı S.Karapetyanın "Güclü Ermənistan" partiyası, birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi, ikinci prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" alyansı və onun tərkib hissəsi olan Erməni İnqilab Federasiyası (Daşnaksutyun), eləcə də digər qüvvələr imzalayıblar.

N.Karapetyan bundan sonra hansı addımları atacaqlarını açıqlamayıb. O, görüşün təşəbbüskarının S.Karapetyan olduğunu və hakimiyyətin onu həbs etməklə bu toplantını pozmağa çalışdığını söyləyib.

"Güclü Ermənistan" partiyasının iddiasına görə, S.Karapetyanın həbsi müxalifətin yeni Konstitusiya ilə bağlı sərt mövqeyindən irəli gəlir.

Müxalifət hökumətin hazırladığı yeni Konstitusiyanı "əliyevçi" adlandırır. Onlar sənədin referenduma çıxarılması ilə bağlı parlament müzakirələrində onu dəstəkləməyəcəklərini bəyan edirlər.

Rəsmi Bakı Yerevanla yekun sülh sazişinin imzalanması üçün konstitusiyanın preambulasının dəyişdirilməsini tələb edir. Həmin hissədə Ermənistanın 1990-cı ildə müstəqillik elan etdiyi vurğulanır, həmçinin 1989-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Sovet Ermənistanının birləşdirilməsi aktından söz açılır. Bakının istəyinin yerinə yetirilməsinin yeganə yolu referendum vasitəsilə tamamilə yeni konstitusiyanın qəbul edilməsidir.

"Azatutyun" yazır ki, yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə heç bir istinad yoxdur.

Hakim "Vətəndaş Müqaviləsi" partiyası son seçkilərdə konstitusiya çoxluğu qazana bilmədiyi üçün Konstitusiya layihəsini referenduma çıxarmaqdan ötrü ən azı altı müxalifət deputatının səsinə ehtiyac duyur.

Baş nazir Nikol Paşinyan ötən ayın sonunda bildirib ki, parlamentdəki müxalifət yeni Konstitusiyanın referenduma çıxarılmasına razı olmasa, növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna edilmir.

Ermənistanın İstintaq Komitəsi noyabrın 4-də elan edib ki, S.Karapetyan sahibi olduğu "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə mütəşəkkil şəkildə 64.5 milyard dram (180 milyon dollar) ziyan vurmaqda şübhəli bilinir. Bu iş üzrə 35 nəfər saxlanılıb və müstəntiqlər Karapetyan da daxil olmaqla, onlardan doqquzunun həbs edilməsi barədə vəsatət qaldırıblar.