Azər Qasımlı yenidən prokurorluqda dindirildi

Azər Qasımlı

REAL Hərəkatının sədrinin müavini Azər Qasımlı yanvarın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

2 saatadək davam edən dindirmədən sonra A.Qasımlı sərbəst buraxılıb. Bu haqda onun özü bildirib.

Buna da bax:​ “İran əməkdaşı ilə görüşümüzə dair 5 saat sual verdi” (video)

“Əvvəlki dindirmə zamanı verilən suallar ətrafında yenidən bəzi məsələləri soruşdular. Yenə İran səfirliyinin nümayəndəsi ilə görüş barəsində suallar verdilər. Virtualaz.org saytındakı yalan, uydurma yazı haqda suallar oldu. Başqa hər hansı məsələ haqda söhbət olmadı”, Azər Qasımlı bildirib.

Azər Qasımlının dindirmədə vəkili ilə birgə iştirak etməsinə icazə verilməmişdi. O, bundan narazılığını bildirib.

“Vəkilimi dindirməyə buraxmadılar. Bunun səbəbini də ağlabatan izah edən olmadı. Dedilər ki, guya vəkilimin orderi baş prokurora təqdim edilməli idi, bunu etməyiblər”, A.Qasımlı deyib.

Buna da bax:​ Baş prokurorluq REAL-İran ‘xəfiyyə’ söhbətini araşdırır

XATIRLATMA

Yanvarın 27-də virtualaz.org saytında Eynulla Fətullayevin imzası ilə «İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı» başlıqlı məqalə dərc edilmişdi.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arefzadeh-nin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edilirdi. İddia olunurdu ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib. «REAL İrandan ilk maliyyə yardımını qəbul edib! Bax bu, nəinki müxalif milli-demokratlar, eləcə də liberalyönümlü müxalifət üçün inkişaf mərhələsində yeni dönüşdür», - məqalədə yazılırdı.

Buna da bax:​ REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

REAL rəhbərliyi isə bunu onlara növbəti əsasız təzyiq kampaniyası kimi dəyərləndirmişdi.

Bunun ardınca da baş prokuror Zakir Qaralovun tapşırığına əsasən, bu məsələ ilə bağlı araşdırmalara başlandığı bildirilirdi.

Bu gün, yanvarın 31-i səhər də REAL-in idarə heyətinin üzvi Erkin Qədirli eyni məsələyə görə dindirilib. Bundan əvvəl də prokurorluğa Azər Qasımlı və REAL-in başqa bir rəhbər üzvi Natiq Cəfərli çağırılmışdı.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

ReAl-çıları "İran söhbəti"nə görə dindirdilər