Bu gün, oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda Ramiz Mehdiyevin Akademiya üzvülüyündən çıxarılması ilə bağlı AMEA Rəyasət Heyətinin qərarı səsə qoyularaq təsdiqlənib.
28.10.2026
Ramiz Mehdiyev Akademiya üzvlüyündən çıxarılır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb.
Bu barədə oktyabrın 28-də AMEA-nın rəsmi saytında məlumat yayılıb.
AMEA prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında vurğulayıb ki, R.Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün nizamnamə tələblərini pozan hərəkətlərə yol verib.
İclasda R.Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.
AMEA əsasnaməsinə görə, Rəyasət Heyətinin bu qərarı qurumun Ümumi Yığıncağı tərəfindən təsdiqlənməlidir.
Sonda Rəyasət Heyəti AMEA Ümumi Yığıncağının 30 oktyabr 2026-cı il tarixdə çağırılması barədə qərar qəbul edib.
Hələlik sözügedən qərara və iclasda səsləndirilən iddialara R.Mehdiyevin vəkillərindən münasibət öyrənmək mümkün olmayıb.
27 oktyabr
Ramiz Mehdiyevə şərti cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. Yerli medianın məlumatına görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə heyəti yekun qərarını elan edib. Hökmə əsasən, R.Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilsə də, yaşı və səhhətindəki problemlər nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq cəzanın şərti tətbiqinə qərar verilib.
Məlumata görə, hökmdə həmçinin R.Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi üçün müvafiq təqdimatın göndərilməsi və əmlakının müsadirə olunaraq dövlət nəfinə keçirilməsi də əksini tapıb.
Müdafiə tərəfinin çıxarılan bu qərara münasibəti isə hələlik məlum deyil.
16 oktyabr
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Hazırda ev həbsində olduğu bildirilən və dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
Bu barədə qərar bu gün, oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında qəbul olunub.
R.Mehdiyevin sözügedən qərara münasibəti hələlik məlum deyil.
1 oktyabr
Əli Kərimlinin istintaqı yekunlaşıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli və bu partiyanın Ali Məclisinin katibi Məmməd İbrahimin ittiham olunduğu cinayət işi üzrə istintaq yekunlaşıb.
Yaxın günlərdə istintaq orqanı hazırladığı ittiham aktını Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərməldir.
Yayılan məlumatlara görə, Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.
Məsələ ilə bağlı istintaq qurumundan rəsmi münasibət öyrənmək mümkün olmayıb.
Ə.Kərimli və M.İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd ediblər, siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Üstəlik, Ə.Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini qeyd edib.
Ə.Kərimli və M.İbrahim ötən il noyabrın sonunda həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində həbs olunduğu deyilsə də, sonradan bu işlər bir-birindən ayrılıb.
Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əli Kərimli və Ramiz Mehdiyevin işləri ayrıldı
21 sentyabr
Ramiz Mehdiyevin məhkəməsi başlayıb
Bu gün, sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliyi ilə baş tutan prosesə jurnalistlər buraxılmayıb.
Məhkəmədən daxil olan məlumata görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin qərarı ilə əsas məhkəmə baxışı oktyabrın 5-nə təyin olunub.
15 oktyabr
Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib
Dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd kimi ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində işə hakim Murad Aslanov baxmalıdır.
İş üzrə R.Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir.
R.Mehdiyev Azərbaycan hakimiyyətində uzun illər ən yüksək vəzifələrdən birini tutub. O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Mehdiyev barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Onun ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb.
Onun və köməkçisinin ittihamlara münasibəti ictimaiyyətə bəlli deyil.
Xatırlatma
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yayıb. Qurumun məlumatında R.Mehdiyev ilə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adları çəkilirdi.
DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib.
AXCP sədri Ə.Kərimli və partiyanın Məclis üzvü M.İbrahim də 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Ə.Kərimli və M.İbrahim dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Onlar ittihamı qəbul etmirlər, işi qurama, siyasi sayırlar.