Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:16

AXCP sədri KTMT ilə bağlı vəd verməkdə günahlandırılır

Eyni maddə - Kərimliyə həbs, Mehdiyevə ev dustaqlığı
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Eyni maddə - Kərimliyə həbs, Mehdiyevə ev dustaqlığı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 12-də dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirildiyini bildirib.

Açıqlamaya görə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, baş nazirin keçmiş müavini Abbas Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə şübhələr yaranıb.

Açıqlamada "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatdan bəhs edilir. Onun, ittihama əsasən, 2012-ci ildə xarici ölkənin xüsusi xidmət qurumları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradıldığı iddia edilir.

Əlavə olaraq iddia edilir ki, həmin qurumun həmtəsisçiləri və rəhbərləri olmuş A.Abbasov, Rüstəm İbrahimbəyov, eləcə də R.Mehdiyev, AXCP sədri Ə.Kərimli, partiyanın üzvləri – Fuad Qəhrəmanlı, Qənimət Zahid dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Milli Şura"...

"Onlar 2013-cü ildə prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Milli Şura" adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə,... təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstəriblər...", - iddialarda əlavə edilir.

Daha sonra vurğulanır ki, respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü Məmməd İbrahim və digərləri vasitəsilə qəbul etdikləri 933 min 828 manat məbləğində pul vəsaitini, o cümlədən R.Mehdiyevlə A.Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Habelə iddia edilir ki, Milli Şuranın 2013-cü ildə bir xarici dövlətin (ad çəkilmir) rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif olunub.

Abbas Abbasov barəsində qiyabi həbs qərarı çıxarılıb

İddialarda sonra da vurğulandığına görə, tərəflər Ə.Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olacağı barədə razılaşıblar.

O da iddia edilir ki, R.Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi vasitəsilə Ə.Kərimliyə təqdim edib.

Vurğulandığına görə, R.Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırmaqda günahlandırılır: "Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zahidov Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov (Ramiz Mehdiyevin köməkçisi) 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib".

Habelə vurğulanır ki, A.Abbasov, F.Qəhrəmanlı və Q.Zahidov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində qiyabi həbs-qətimkan tədbiri seçilib.

Əli Kərimlini niyə həbs etdilər?
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Xatırlatma

Rəsmi açıqlamaya və orada yer alan iddialara sözügedən şəxslərdən münasibət almaq hələlik mümkün olmayıb. Amma hazırda həbsdə olan AXCP sədri vəkilləri vasitəsilə ittihamları yalanlayıb. Yerli mediada rəsmi məlumatda bəhs edilən məktubun AXCP sədrinin mənzilindən tapıldığı iddia ediləndə də onun yaxınları həmin məktubun axtarış zamanı ora qoyulduğunu vurğulamışdılar. Üstəlik, Milli Şura sədri Cəmil Həsənli rəhbərlik etdiyi qurumla bağlı hakimiyyətə yaxın media orqanlarında yayılan iddiaları yalanlamışdı. O, AXCP-ni müdafiə etmişdi: "AXCP-nin əsas proqram məqsədi Rusiyaya qarşı mübarizə aparmaq olub və rus qoşunları da Azərbaycandan çıxarılanda (1993-cü il) Əli Kərimli Cəbhə hökumətinin dövlət katibi olub".

R.Mehdiyev haqqında ötən ilin oktyabrında ev dustaqlığı qətimkan tədbiri seçildiyi bildirilir. O və vəkilləri iddialara indiyə kimi münasibət bildirməyib. Onun köməkçisinin isə həbs edildiyi vurğulanır.

AXCP sədri Ə.Kərimli və həmin partiyanın rəhbər şəxslərindən M.İbrahim ötən ilin noyabrın 29-da həbs ediliblər.

Milli Şuranın fəxri sədri, yazıçı, kinorejissor R.İbrahimbəyov 2022-ci ildə vəfat edib.

Qənimət Zahid: 'Nağıllar'

Hazırda mühacirətdə olan Qənimət Zahid iddialara münasibət bildirib. O, Facebook səhifəsində yazıb ki, Azərbaycanın xüsusi xidmət orqanları "hansısa "xarici xüsusi xidmət orqanları ilə dövlət çevrilişi planları haqqında" guya hansısa məşvərətlər barədə "şok" faktlar üzə çıxarıblar": "Montaj- kollaj ustası olan bu köhnə dəstə öz iyrənc rejimini dartıb uzatmaq üçün dəridən- qabıqdan çıxır".

Q.Zahid daha sonra iddiaları "nağıllar" adlandırıb.

XS
SM
MD
LG