Azərbaycanda yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan birinə - sosial işçi Zamin Zəkiyə 8 il həbs cəzası istənilib. Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror bu təkliflə çıxış edib.
Prokurorun iddiasına görə, Z.Zəkiyə Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb.
İctimai fəalın vəkili Günay İsmayılova müdafiə nitqinə hazırlaşmağa vaxt istədiyindən məhkəmə prosesi martın 11-dək ertələnib.
Cinayət işinin materiallarında təlimlərin keçirilməsi, müxtəlif təbəqələrdən olan şəxslərin hüquqlarının müdafiəsi üçün alınan qrant vəsaitlərinin qeydiyyatdan keçməməsindən bəhs olunur.
Z.Zəki özünü təqsirli bilmir, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Onun vəkili də məhkəmədə vurğulayıb ki, qrantı cinayət yoluyla əldə edilmiş əmlak kimi təqdim etmək absurddur: "Qrantın qeydiyyatdan keçirilməməsi, uzağı, inzibati xəta kimi qiymətləndirilə bilər".
Xatırlatma
Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi əsasında "QHT işi" üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay həbs olunublar. Bir ay sonra Zamin Zəki və daha iki nəfər QHT təmsilçisi - Asəf Əhmədov və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.
Vətəndaş cəmiyyətinin daha 10-a yaxın fəalı təqsirləndirilən şəxs qismində cəlb olunsa da, istintaq və məhkəmə dövrü üçün onlar haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov və başqaları var. Hazırda onların da ayrı-ayrılıqda məhkəməsi davam edir.
Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin indi ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.