Qazaxıstanda jurnalistlər parlamentin dəhlizlərində deputatlara sual verə bilməyəcəklər

Bolat Kalyanbekov

Jurnalistlərə Qazaxıstan parlamentinin dəhlizlərində deputatlara sual vermək qadağan edilib. Qurultay Bürosu qərara alıb ki, parlament binasında deputatlarla yalnız mətbuat konfranslarında və bəlli gündəlik çərçivəsində ünsiyyət qura bilərlər. Məlumatı jurnalistlərə parlament aparatı rəhbərinin müavini Bolat Kalyanbekov çatdırıb.

"Deputatlar mətbuat qarşısına qrafik üzrə çıxacaqlar. Deputatlara yalnız mətbuat mərkəzində sual verə bilərsiniz. Bu gün deputatlar çıxmayacaqlar. Bu dəyişikliklər "Kütləvi informasiya vasitələri haqqında" Qanuna uyğun olaraq akkreditasiya qaydaları əsasında qəbul edilib", – jurnalistlərin parlament binasının dəhlizində təsadüfən gördükləri Kalyanbekov söyləyib.

"Azattyq Asia" xəbər verir ki, avqustun 31-də jurnalistlər deputatların olduğu hissəyə keçə bilməyiblər. Parlamentin iclası başa çatdıqdan sonra jurnalistlər deputatlarla görüşmək istəyiblər, amma qapılar bağlı olub. Onlar qapıları döyərək açılmasını tələb ediblər, amma əks tərəfdə dayananlar reaksiya verməyiblər. Müxbir və operatorlar 20-30 dəqiqə gözlədikdən sonra buraxılsalar da, o zaman deputatlar artıq dəhlizlərdə olmayıblar.

Jurnalistlər Kalyanbekov ilə qırmızı lentin arxasından danışıblar. O, qadağanı daxili qaydalarla izah edib: "Jurnalistlər üçün tədbirlərin keçiriləcəyi yeri biz müəyyənləşdiririk – bu, mətbuat mərkəzidir. Başqa yer olmayacaq".

Jurnalistlər bu dəyişikliyin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qardaşı qızı Dana Medeuovanın Qurultaya seçilməsi ilə bağlı olub-olmadığını soruşublar. Aparat rəhbərinin müavini bu suala cavab verə bilməyəcəyini deyib. Onun sözlərinə görə, deputatlarla eksklüziv müsahibəni partiyaların saytlarındakı əlaqə vasitələri ilə razılaşdırmaq olar.

Avqustun 31-də parlament Yerlan Karini vitse-prezident vəzifəsinə təsdiqləyib. Oljas Bektenov isə baş nazir vəzifəsində qalıb. Prezidentin onun namizədliyini irəli sürmüşdü.