Qazaxıstandan daha bir intihar xəbəri gəldi

Aliya Nazarbayeva öz filminin çəkilişi zamanı (2015-ci il)

Bu hadisə ilə bağlı intihar həddinə çatdırma ittihamı ilə cinayət işi qaldırılıb

Qazaxıstanda Operator ROP şirkətinin icraçı direktoru Ruslan Şamşiyev intihar edib.

Bu barədə xəbəri Informburo.kz saytı polisə istinadən yayıb.

Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevaya bağlı olduğu deyilən Operator ROP şirkəti 2015-ci ildə yaradılıb və vəsaitini utilizasiya yığımı adlandırılan qurumdan alıb.

Bu quruma pullar isə çıxdaş edilmiş avtomobillərin detal və yağlarının təkrar emalından gəlirdi.

Current Time xəbər verir ki, baş vermiş hadisə ilə bağlı intihar həddinə çatdırma ittihamı ilə cinayət işi qaldırılıb.

"Kozachkov offside" Telegram-kanalının məlumatına görə Şamşiyev paytaxtın Astana Apartments adlanan biznes mərkəzindəki kabinetində intihar edib.

Yanvarın 26-da səhər Qazaxıstanda Operator ROP şirkətinin başçısı Medet Kumarqaliyevin və ekologiya nazirinin müavini Axmetjan Primkulovun saxlandıqları xəbər verilmişdi.

Korrupsiyada şübhəli bilinən bu şəxslər hazırda təcridxanadadırlar. Onların ölkədən çıxmaq istərkən saxlandıqları bildirilir.

Buna da bax: Nazarbayevin qohumları vəzifələrini itirməkdədirlər

Milyonlarla dollar

Qazaxıstanda yanvarın əvvəllərində anti-Nazarbayev şüarlı etiraz və iğtişaşların getdiyi bir vaxtda prezident Kasım-Jomart Tokayev Operator ROP şirkətinin işinin dayandırılmasına göstəriş vermişdi.

Tokayev iddia etmişdi ki, şirkətin fəaliyyəti biznesmenlərdə və cəmiyyətdə “çoxsaylı suallar” doğurur.

Prezident əlavə etmişdi ki, utilizasiya yığımı ilə dövlət təşkilatı məşğul olmalıdır.

Hökumət daha sonra bildirmişdi ki, 2016-cı ildən bəri Operator ROP şirkətinə ümumilikdə 691,9 milyard tenge (15,8 milyon dollar) utilizasiya yığımı daxil olub.

Hökumət yanvarın 19-da utilizasiya yığımını Operator ROP şirkətindən alaraq dövlət müəssisəsinə verib.