Qarabağda kilsə və kafedral sökülüb: 'İşğal dövründə qanunsuz inşa olunub'

Xankəndidəki Müqəddəs Tanrı Anası kafedralı sökülüb

AzadlıqRadiosu aprelin 26-da əldə etdiyi peyk görüntülərinə əsasən Azərbaycanın Qarabağ bölgəsində kafedralın söküldüyünü təsdiqləyib. Azərbaycan isə bu tikililərin işğal dövründə inşa edildiyini və sökülməsinin qanunsuz olmadığını bildirir.

Ermənistan mediası aprelin ortalarında Xankəndidə Müqəddəs Tanrı Anası kafedralının sökülməsi haqda xəbər yaymışdı, lakin ərazini göstərən aydın və yeni görüntülər indiyədək mövcud deyildi. Kafedralın tikintisinə 2006-cı ildə başlanıb, 2019-cu ildə açılışı olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı onun zirzəmisindən sığınacaq kimi istifadə edildiyi bildirilir.

AzadlıqRadiosunun əldə etdiyi görüntülər göstərir ki, kafedralla yanaşı, şəhərdəki Müqəddəs Yakov kilsəsi də son həftələrdə tamamilə sökülüb.

Aprelin 23-də Ermənistan Apostol Kilsəsi Azərbaycanı erməni xristian dini abidələrini "məqsədli şəkildə" hədəf almaqda və erməni izlərini silməyə çalışmaqda ittiham edib. Kilsə Müqəddəs Yakov kilsəsinin ətrafındakı xaç daşlarının da dağıdıldığını iddia edir.

Müqəddəs Tanrı Anası kafedralı

"Məcburi köçkünlərin müraciətləri əsasında sökülmə qərarı verilib"

Qafqaz Müsəlmanları İdarəsi isə Eçmiədzin Kilsəsinin açıqlamasını "düşmənçilik və dezinformasiya nümunəsi" adlandırıb. İdarə aprelin 27-də bildirib ki, "Xankəndidə söküntüyə məruz qalan tikililər işğal dövründə qanunsuz inşa olunub. Buna görə də onların aradan qaldırılması dini və ya mədəni irsin məhv edilməsi kimi qiymətləndirilə bilməz".

Qeyd olunur ki, 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəndən sonra bu tikililər bir müddət saxlanılsa da, son aylarda öz evlərinə qayıdan keçmiş məcburi köçkünlərin istəyi ilə həmin tikililərin sökülməsinə qərar verilib.

Bəyanatda beynəlxalq humanitar hüquqa istinad edilir, işğal zamanı razılıq olmadan tikilən obyektlərin təyinatından asılı olmayaraq qanunsuz sayıldığı vurğulanır.

Azərbaycan parlamentinin üzvü Elnarə Akimova aprelin 22-də AzadlıqRadiosunun Azərbaycan xidmətinə deyib ki, kilsələrin dağıdılması ilə bağlı iddialar "revanşist qüvvələrin Bakının imicinə zərbə vurmaq üçün təxribatıdır". "Azərbaycan dövlət siyasəti olaraq öz ərazilərində dini və tarixi abidələrini qoruyur, heç vaxt dini irsi məhv etmək niyyətində olmayıb", - o bildirib.

Müqəddəs Yakov kilsəsi

Qarabağda xristian abidələrinin sökülməsi xəbərləri Ermənistanda parlament seçkiləri öncəsi mübahisələrə səbəb olub. Tənqidçilər baş nazir Nikol Paşinyanı bu məsələyə lazımi reaksiya verməməkdə suçlayırlar. Paşinyan isə jurnalistlərə açıqlamasında hökumətin məsələ ilə bağlı hərtərəfli məlumat toplamağa çalışdığını bildirib və bu kimi hallarda ehtiyatlı yanaşma nümayiş etdirməyə çağırıb: " Əvvəlki təcrübələrimizi nəzərə alaraq, bu məsələnin dövlət səviyyəsində beynəlxalq müzakirə mövzusuna çevrilməsini məqsədəuyğun hesab etmirəm".

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialardan imtina etdiyi vurğulanır.